Yaponiyada AYI KABUSU: 1 ildə 238 ölüm – Dağlara 800 kamera yerləşdiriləcək
Yaponiyada son dövrlər artan ayı hücumları səbəbindən ölkə ərazisində təhlükəsizlik tədbirləri maksimuma çatdırılıb.
Yenicag.az xəbər verir ki, hökumət ayıların insanlara hücumunun qarşısını almaq üçün dağlıq bölgələrə 800-ə yaxın xüsusi kamera yerləşdirməyi planlaşdırır.
“Kyodo News” agentliyinin Yaponiya Ətraf Mühit Nazirliyinə istinadən yaydığı məlumata görə, bu kameralar vasitəsilə bölgədəki ayı populyasiyasının hərəkətliliyi izləniləcək və onların insanların məskunlaşdığı ərazilərə yaxınlaşması öncədən müəyyən ediləcək.
Rəsmi statistikaya görə, mart ayına qədər olan son bir il ərzində Yaponiyada ayı hücumları nəticəsində yaralanan və ya həyatını itirən şəxslərin sayı rekord həddə – 238 nəfərə çatıb.
Qeyd edək ki, ayı populyasiyası Tohoku bölgəsində 19 mindən, Hokkaydo adasında isə 11 min 600-dən çoxdur.
Yaponiyanın şimalındakı Akita əyalətində hücumların intensivləşməsi fonunda hökumət əraziyə hərbi qüvvələr göndərmək qərarına gəlib. Bundan əlavə, Yaponiya Milli Polis Agentliyi ayıların ovlanması prosesində polislərə tüfənglə atəş açmaq üçün xüsusi icazə verib.
Baş nazir Takaiçi Sanae artan təhlükəyə qarşı yerel özünüidarəetmə orqanlarına əlavə büdcə ayıracaqlarını açıqlayıb. Ətraf Mühit Nazirliyi isə lisenziyalı ovçuların cəlb edilməsi və xüsusi heyətin kirayələnməsi üçün əlavə fond yaradılacağını bəyan edib.
Ayşən













