“YAŞAT” Fondunun və “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycanın milli aviadaşıyıcısı – “Azərbaycan Hava Yolları”nın və Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyinin dəstəyi ilə İstanbulda yay düşərgəsi təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən məlumata görə, avqustun 30-dək davam edəcək düşərgədə şəhidlərimizin 16-18 yaş aralığında olan, ali məktəblərə qəbul imtahanında iştirak etmiş 15 nəfər oğul övladı iştirak edir.
Düşərgə Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən “Marmaracık Gənclik Kampı”nda keçirilir. Burada şəhid övladları ilə birgə Türkiyənin fərqli bölgələrindən olan gənclər də iştirak edirlər.
Proqram çərçivəsində müxtəlif idman növləri üzrə yarışlar, ekskursiyalar təşkil edilib, seminarlar keçirilib və xüsusən, tarixi Çanaqqala, Topqapı sarayı, Ayasofyanı ziyarət edib, Yerəbatan sərnici muzeyi ilə tanış olublar.
www.yenicag.az