Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Zehniyyət və yanaşma hələ də dəyişməyib” – Ülvi Quliyevlə MÜSAHİBƏ

Reklam: High Technic

Yenicag.az Milli Məclisin deputatı Ülvi Quliyevlə müsahibəni təqdim edir:

– Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi.Bilirəm ki,YAP üzvü deyilsiniz. Bu, qurultayla bağlı suallarımızı cavablandırmağa mane olmaz ki?

– Dediyiniz kimi, YAP-ın üzvü deyiləm,hər hansı digər siyasi partiyaya da aidiyyatım yoxdur.Bu mənada,siyasi partiyaya mənsubiyyət baxımından bitərəfəm. Lakin Yeni Azərbaycan Partiyası hakim siyasi partiyadır, rəhbəri də dövlətimizin başçısıdır. Prezident İlham Əliyev qurultayda yalnız partiyadaxili, partiya idarəçiliyi məsələləri ilə kifayətlənmədi. Ölkəmizin ictimai-siyasi həyatında baş verən prosesləri təhlil etdi, dövlət başçısı kimi onlara qiymətini verdi və qarşımızda duran prioritet vəzifələri açıqladı. Ona görə də, bir jurnalist kimi sizin sual vermək haqqınız var, onları cavablandırmaq isə deputat kimi mənim borcumdur.

– Prezident qurultayın keçirilməsini zəruri edən şərtlərə xüsusi diqqət yetirdi və onları əsaslandırılmış şəkildə cəmiyyətimizə təqdim etdi. YAP üzvü olmasanız da,bir deputat kimi necə düşünürsünüz, qurultayın məhz indi keçirilməsi nə ilə bağlıdır?

– Özünüz də qeyd etdiniz ki,Prezident çıxışında bu məsələyə ətraflı aydınlıq gətirdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə yeni reallıqların təməlini qoyub. Həmin reallıqlar ölkədaxili proseslərə də həlledici təsirini göstərir. Prezident xüsusi qeyd etdi ki, bu illər ərzində həm dövlət başçısı, həm də hakim partiyanın rəhbəri kimi onun qarşısında duran birnömrəli məsələ Qarabağ münaqişəsinin həlli ilə bağlı olub. Cənab Prezident müharibə günlərində xalqımıza etdiyi müraciətlərində vurğuladığı kimi, qurultayda da açıq şəkildə bildirdi ki, münaqişənin bu qədər uzanması səbəbsiz və təkcə düşmənlə bağlı olmayıb. Müəyyən siyasi dairələr Ermənistanın xeyrinə Azərbaycana təzyiq də göstərib, ikili standartlardan da istifadə edib. Hətta müharibə günlərində bu cür mövqedən kənara çəkilməyənlər olub. Bəziləri haqda artıq məlumatlıyıq. Prezident müharibə vaxtı onlardan bir neçəsini açıqlamışdı, təbii ki,açıqlanması mümkün olanları ictimailəşdirmişdi. Müharibə strateji müttəfiqlərimizin ünvanını da dəqiq göstərdi. Dövlətimizin başçısı ona da xüsusi diqqət çəkdi ki,müharibə uğurlu tərəflərimizlə yanaşı, zəif yerlərimizi aşkara çıxartdı, bəziləri elə müharibənin gedişatında Ali Baş Komandan tərəfindən aradan qaldırıldı. İşğaldan azad edilmiş torpaqlarımızın hazırkı vəziyyəti erməni vəhşiliyinin miqyasını bütün çılpaqlığı ilə göstərir. Qarabağa Böyük Qayıdışın təmin olunması ağır və ciddi vəzifələrin həllini tələb edir. Digər tərəfdən, istər müharibə, istərsə də post-müharibə dövrü ölkə daxilində yeni siyasi münasibətlərin formalaşmasına rəvac verib. Yeri gəlmişkən, Prezident İlham Əliyevin qeyd etdiyi kimi,kənardan diqtə altında deyil, münasibətlərin mütərəqqi məcrada inkişafı üçün təbii şəkildə imkanlar yaranıb, xüsusən ümummilli məsələlər kontekstində. Digər tərəfdən, hələ 2018-ci ildə dövlətimizin başçısı tərəfindən siyasi islahatların anonsu verilmişdi. Təbii ki, bütün bunlar hakim siyasi partiyadan yan keçə bilməzdi. Son 17 ildə siyasi hakimiyyət tərəfindən iqtisadi, sosial, ordu quruculuğu və beynəlxalq münasibətlər sahəsində atılan ardıcıl addımlar Vətən müharibəsində xalqımızın qələbəsini şərtləndirdi. Bugünkü reallıq yeni prioritetlərin, hədəflərin müəyyən edilməsini, onların reallaşdırılması isə partiya idarəçiliyində də yenilikləri, yeni mexanizmlərin tətbiqini, gənc siyasətçilərin partiya idarəçiliyinə cəlb olunmasını diqtə edir. Ola bilsin ki, başqa arqumentlər də mövcuddur, onlar partiya rəhbərliyinə daha yaxşı məlumdur.

– Ülvi müəllim, Prezident qurultaydakı çıxışında AXC-Musavat hakimiyyətini, onun siyasi arenada olan bugünkü nümayəndələrini tənqid etdi, illərdir siyasi səhnəyə transfer etdikləri şuranı anti-milli adlandırdı. Sizcə,bu şəxslərin özlərini ümumi siyasi proseslərdən uzaqlaşdırmalarının arxasında nə dayanır?

– Əvvəla, siyasi səhnədə,siyasi çıxışlarda tənqidlərin yer alması təbii haldır. Lakin bir var, Prezidentin səsləndirdiyi kimi, haqlı və ədalətli tənqid,bir də var dediyiniz kəsimin illərdir sınaqdan keçirdiyi, sonadək yoxa çıxmadığını göstərmək naminə istifadə etdiyi haqsız tənqid və iftira ritorikası. Prezident tənqidinin səbəblərini açıq şəkildə bildirdi. Həqiqətən də xalqımızın Vətən müharibəsində şəhidlərimizin həyatı, qazilərimizin qanı bahasına əldə etdiyi möhtəşəm qələbəyə kölgə salmaq çəhdlərinə heç kim və heç çürə haqq qazandıra bilməz. Həmin siyasi kəsimə mənsub olanlar isə qələbəmizi kiçiltmək, ona kölgə salmaq cəhdlərindən əl çəkmir, bunun üçün istənilən təhrifetməyə gedirlər. Bunun da bir səbəbi var. Müharibə göstərdi ki, xalq öz Prezidentinin yanındadır, ona dəstəyi birmənalıdır, bu birliyin aparıcı qüvvəsi isə son 17 ildə formalaşmış yeni nəsil, vətənpərvər Azərbaycan gəncliyidir. Müharibə, Prezident İlham Əliyevin siyasi iradəsini və qətiyyətini, dövlətçilik məfkurəsini və intellektual imkanlarını daha açıq şəkildə ortaya qoydu. Artıq dünya da bilir ki, qələbəmizin təməlində ümumxalq birliyimiz, Azərbaycan xalqının öz Prezidentinə inamı, İlham Əliyevin ordu quruculuğunda əldə etdiyi nailiyyətlər ,son 17 ildə cəmiyyətimizin vətənpərvərlik ruhuna köklənməsi, beynəlxalq münasibətlərdə strateji müttəfiqlərin və hədəflərin düzgün seçilməsi dayanır. Dediyiniz kəsimi narahat edən elə bu həqiqətlərdir. Sirr deyil ki,uzun illər ərzində Qarabağ məsələsi müxalifətin siyasi hakimiyyətə qarşı istifadə və daha çox sui-istifadə etdiyi arqument olub. Onların cəmiyyətə bilərəkdən aşıladıqları o idi ki, İlham Əliyevin Prezidentliyi dövründə Qarabağın bir qarışı da işğaldan azad edilməyəcək. Prezident həmin kəsimin bu arqumentini darmadağın etdi və Ali Baş Komandan kimi qələbəyə öz imzasını atdı. İndi aşığın sözü qurtarıb deyə, neylim-neylimi çağırır.

– Maraqlı olan bir məqam da var. Anti-milli şuranın hədəfində yalnız hakimiyyət deyil, həm də digər müxalifət partiyalarıdır. Gah onları “cib”,gah da “paket” müxalifəti adlandırırlar. Bunun səbəbi nədir?

– Onlar hakimiyyətə nə qədər tənqid,bəzən təhqir yönəltsələr də,yaxşı bilirlər ki, qələbədən sonra hakimiyyətlə bağlı istənilən iddiaları əbəsdir, boş xülyadır. Qələbəyə qədər kimləri isə çaşdıra bilərdilər, qələbədən sonra bu,mümkün deyil. Lakin seyrəlməkdə olan sıralarının tam yoxa çıxmaması üçün nəyi isə mütləq hədəf seçirlər, əsasən də sosialyönümlü məsələləri bilərəkdən qabardırlar. Məsələn, bilirlər ki, pandemiya və müharibə dövlətin üzərinə, hakimiyyətin çiyinlərinə yeni ciddi yüklər qoyub. Dünya təcrübəsindən məlumatlıdırlar ki, Covid-19-a görə hakimiyyət mütləq sosial ödənişlər həyata keçirəcək.Dərhal başlayırlar ki, dövlət ödəniş aparmalıdır. Hakimiyyət öz dövlət siyasətinə və ənənəsinə sadiq qalıb bu ödənişləri sistemli və planlı şəkildə yerinə yetirdikdən sonra, iddia edirlər ki, guya hakimiyyət bunu onların tənqidinə görə edir. Yaxud, deyirlər ki, əhali niyə Qarabağa köçürülmür? Amma bilirlər ki,torpaqlarımızın əksər hissəsi düşmən tərəfindən minalanıb, onlar təmizlənmədən köçürülmə insanların həyatı üçün real təhlükə deməkdir. Bu cür iddiaları özünə cəmiyyətimizdə yer edə bilməyəndə,onda da başlayırlar ki, Qarabağda 7 min hektarda artıq əkin işləri aparılıb. Amma məqsədli şəkildə üstünə gəlmirlər ki, ötən illər ərzində ermənilər evlərimizi, yaşayış üçün infrastrukturu, məscidlərimizi və tarixi abidələrimizi, qəbirlərimizi yerlə yeksan etsələr də, torpaqlarımızdan əkin-biçin üçün maksimum istifadə edib faydasını görüblər. İndi həmin torpaqlardan özümüz istifadəyə başlamışıqsa və faydasını da xalqımız görəcəksə, bu, onlarda niyə qıcıq yaradır, anlaşılmır. Özü də məlumatı ilk dəfə Prezident şəxsən özü səsləndirib. Həyatda olduğu kimi, siyasətdə də cılızlıq zəiflik əlamətidir. Dediyiniz şəxslər öz torpaqlarımızda özümüzün qısa müddətdə əkin-biçinə başlamağımızın düşmənə psixoloji təsirini diqqətə almırlar, yaxud nədənsə almırlar. Nəzərə alsaq ki, pandemiya ilə əlaqədar dünyada ərzaq qıtlığı təhlükəsi, xüsusən dənli bitkilərə olan tələbatın tam ödənilməyəcəyi ehtimalı mövcuddur, o cür populist yanaşmalar, yumşaq desək, yalnız istehza doğurur. Dediyiniz siyasi kəsimə aid olanlar bir müddət onu da iddia etdilər ki, guya Türkiyə masada yoxdur və qardaş ölkənin hərbçiləri Monitorinq Mərkəzində iştirak etməyəcəklər. Bilirdilər ki, yalan danışırlar. Çünki, Prezident İlham Əliyev ötən il noyabrın 10-da üçtərəfli Bəyanat imzalanan gün canlı yayımda məqsədli şəkildə ictimailəşdirmişdi ki, Türkiyənin Mərkəzdə iştirakı razılaşdırılıb. Sizi əmin edirəm ki, əgər bu cür məsələlər dövlətlərarası razılaşmaların predmeti olmasaydı, həmin siyasi kəsim iddia edərdi ki,məsələ onların tənqidindən sonra həllini tapıb. İndi də deyirlər ki, Monitorinq Mərkəzindəki Türkiyə hərbçilərinin sayı azdır, bu cür tarixi faktın əhəmiyyətini kiçiltməyə cəhd edirlər. Özləri bilsələr də,cəmiyyətdə çaşqınlıq yaratmaq üçün məqsədli şəkildə etiraf etmirlər ki, say tərkibindən asılı olmayaraq, NATO üzvü olan Türkiyə hərbçisinin Monitorinq Mərkəzində fəaliyyətə başlaması tarixi hadisədir. Bu, qardaş Türkiyənin silahlı qüvvə mənsublarının təkcə Qarabağa, Azərbaycana deyil, bütövlükdə Cənubi Qafqaza ayaq basması deməkdir. Maraqlıdır ki, başda hörmətli Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyənin digər dəyərli rəsmilərinin müharibədə Azərbaycanın birmənalı qələbə əldə etdiyini, Monitorinq Mərkəzinin fəaliyyətini ictimai şəkildə yüksək dəyərləndirmələrinə baxmayaraq,içərimizdəki bu şəxslər onların dediklərini də kiçiltməyə çalışırlar, üzrxahlıq yadlarına belə düşmur. Prezident İlham Əliyev YAP-ın qurultayında bir daha bəyan etdi ki, Qarabağda hava limanlarının inşasına artıq start verilib.Bunun logistika, tarixi nəqliyyat dəhlizlərinin əlaqələndirilməsi üçün nə dərəcədə əhəmiyyətli olduğunu isbat etməyə ehtiyac yoxdur.Bunlar isə deyirlər ki, hava limanına nə ehtiyac var? Aydındır ki,populizm müxalifətdə olanların siyasi ritorikasının, “mən də varam”ın, özünütəsdiqin tərkib hissəsidir. Məsələ bundadır ki, həmin şəxslər təkcə müxalifətdə olduqları bu illər ərzində deyil, birillik hakimiyyətləri dövründə də real işlərlə yox,daha çox populizmlə məşğul oldular. Elə ona görə, AXC-Musavat cütlüyü hakimiyyətdə yalnız bir il qala bildi,qısa müddətdə xalqın etimadını itirdi. Prezident İlham Əliyev çıxışlarında həmin dövrü bu səbəbdən tənqid edir, görür ki, zehniyyət və yanaşma hələ də dəyişməyib.

O ki, qaldı bu şəxslərin digər müxalifət partiyalarını hədəf seçmələrinə, görürlər ki, bu biri partiyalar rəqabət nəticəsində onları sıxışdırır, təsir dairələrini kiçildir. Ona görə də bunların indiki hədəfi hakimiyyətə gəlmək deyil, müxalifətdə varlıqlarını qorumaqdır. Prezident İlham Əliyev qurultaydakı çıxışında bir daha qeyd etdi ki, bəzi siyasi, xüsusən ermənipərəst dairələr dövlətimizə təsir və təzyiq yanaşmalarından əl çəkməyiblər. Ölkəmizin daxilindəki populist siyasətçilər tənqid və təhqir ritorikasını artırmaqla məhz həmin dairələrə ismarıc verirlər ki, ölkəmizin siyasi həyatında onlar da var, guya əsas müxalifət bunlardır. Həmin dairələrin rəğbət və diqqətini qazanmağa çalışırlar. Baxmayaraq ki, bəzən bu, milli maraqlarımızla ziddiyyət təşkil edir. Ona görə də Prezident onlara anti-milli deyir.

– Qurultayda YAP-ın Siyasi şurası buraxıldı,partiyanın İdarə Heyəti yeniləndi və Veteranlar şurası yaradıldı. Birinci vitse-prezident Mehriban Əliyeva YAP sədrinin birinci müavini seçildi. Anti-milli şuranın nümayəndələri indi də YAP-ın bu seçimini hədəfə alıblar. Qərəzin arxasında gizlənən nədir?

– Təşkilati məsələlər hər bir partiyanın,o cümlədən hakim partiyanın daxili işidir. Bu şəxslərin Mehriban xanım Əliyevanın yeni siyasi posta seçilməsinə qərəzli yanaşmalarına gəldikdə, bunun fəlsəfəsi daha dərindir. Onlar bir neçə mühüm faktoru görsələr də, ictimai şəkildə bunları etiraf etmək istəmirlər, çünki sərf etmir. Həmin şəxslər yaxşı bilirlər ki, İlham Əliyev və Mehriban Əliyeva, hər ikisi Heydər Əliyev siyasi məktəbində yetişən insanlardır. Bilirlər ki, Heydər Əliyev həm Moskvada, həm də Bakıda siyasi fəaliyyətinə görə təqib olunduğu dövrdə bu insanlar bir yerdə olublar, həyatın sınaqlarını birlikdə dəf ediblər. Dediyiniz kəsimə o da yaxşı məlumdur ki, Mehriban Əliyeva siyasi faktorunun arxasında Mircəlal Paşayev kimi əsl Azərbaycan ziyalısının genetik kodu da dayanır. Bu şəxslər cəmiyyətə aşılamağa çalışırlar ki, guya Mehriban Əliyevanın siyasi uğurlarında yalnız Prezident xanımı olması faktoru dayanır. Yuxarıda qeyd etdiklərimi bilsələr də, sonuncu faktoru başa düşüb dəyərləndirə bilmirlər. Dəyərləndirə bilmirlər ki, İlham Əliyev öz xanımına təkcə ömür-gün yoldaşı kimi deyil,həyatın siyasi sınaqlarından çıxmış ən etibarlı silahdaşı kimi yanaşır. Mehriban Əliyevanın təyinatlı və seçkili siyasi postları qəbul etməsinin təməlində də dayanan odur ki,ömür-gün yoldaşlığı ilə yanaşı, Prezidentə sədaqətli silahdaşın nə demək olduğu ona bir çoxlarından daha yaxşı məlumdur. Siyasi fəaliyyətdə qətiyyət və iradə sədaqət və humanizmlə birləşəndə, bundan udan dövlət və cəmiyyət olur. Əks təqdirdə, bu cür siyasi məsuliyyət nə Prezidentə, nə də Mehrban Əliyevaya gərək idi. Məsələ ondadır ki, bu gün hakimiyyəti və YAP-ın qurultayını hədəf seçən dediyiniz şəxslər hakimiyyətə yalnız imtiyaz, mənfəət prizmasından yanaşırlar. Siyasətçinin dəyər verməli olduğu məsuliyyət hissini isə unudurlar. Bəlkə həm də buna görə zamanında hakimiyyətdə duruş gətirə bilmədilər.Bir də insan təbiətinə xas olan həsəd və paxıllıq hissləri danılmazdır. Bəzən həsədi paxıllıqdan fərqləndirməyə çalışırlar, mən belə düşünmürəm.

Loading...

www.yenicag.az

174
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100