www.sinerjipro.net

SinerjiProWide

114 ailə ölümün bir addımlığında - Bakıdakı qəzalı binadan REPORTAJ + FOTOLAR

Reklam

Bakının Nizami rayonu, Babək prospekti 87 ünvanında, binaların əhatəsində 114 ailənin yaşadığı miskin görkəmli bir bina var. Buranı tapmaq elə də çətin olmadı. Metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında kimdən soruşsan hər an uçulmaq təhlükəsiylə üz-üzə olan binanı nişan verəcək. Burada 24 ilə yaxındır ki, öz doğma yurd-yuvasından köçkün düşmüş soydaşlarımız məskunlaşıblar. Onlar yataqxanadakı dözülməz şəraitlə bağlı dəfələrlə əlaqədar təşkilatlara saysız-hesabsız şikayət məktubları göndərsələr də, bir faydası olmayıb.

Söhbətə başlamazdan öncə binanın ətrafını gəzdik. Görkəmindən miskinlik yağan binanın blokuna daxil olar-olmaz problemlər gözə çarpırdı. Yuxarı mərtəbələrə qalxdıqca sözügedən binanın hansı vəziyyətdə olması barədə insanda daha aydın təəssürat yaranırdı. Pilləkənlərin alt hissələrinin nəm olduğu və armaturların çürüdüyü hiss edilirdi. Bizi görən sakinlər ətrafımıza yığışdılar. Hamı səs-səsə verib, binanın problemindən danışmağa başladı.

Füzuli rayonunun Horadiz qəsəbəsindən olan Afət Heydərovanın səsi əsəbdən titrəyirdi:

– Fövqəladə Hallar Nazirliyi binanın qəzalı vəziyyətdə olduğuna rəy verib. Hətta qeyd etdi ki, bina hər an çökə bilər. 3 gün bundan əvvəl yenə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qəbulunda olmuşuq. Hacıbala müəllim də deyir ki, “Yusifoğlu MMC”-nin sizin yataqxananın yanında tikdiyi bina yekunlaşana qədər dözün. Sonra hər birinizə yeni tikilən binada 20 kvadrat metr yer pulsuz verilə bilər. Əgər artırmaq istəyirsinizsə, ya əlavə pul verin, ya da ipotekaya girin. Ancaq fikirləşmir ki, camaat acınacaqlı vəziyyətdə yaşayır, kreditə necə girsin? Hətta FHN-dən bildirmişdilər ki, bu qəzalı binanın yanında 16 mərtəbəli göydələn tikmək olmaz. O gün də getmişik, bizi müavini Zülfəli qəbul etdi. Nəticədə heç nə yoxdur”.

Ətrafımıza azı 50-60 qadın yığışmışdı. Hamısı da bir səslə şikayət etmədikləri dövlət qurumlarının qalmadığını və heç bir tədbir görülmədiyini deyirdi. Qadınlardan biri söhbət əsnasında “bu binada heç yaxşı günlərimiz olmayıb”, – deyərək, üzünü digər sakinlərə tutur. Və bulud kimi dolan gözlərini başına bağladığı yaylıqla silib, kənara çəkilir. Gözləyir ki, onun dediyini digərləri təsdiq etsin. Qonşusunun doluxsunduğunu görən Tükəzban Hüseynova titrək səslə danışmağa başlayır:

– Bina az qalır başımıza uçsun. Gedirik şikayət edirik, gəlib baxırlar, heç bir tədbir görmədən çıxıb gedirlər. Hökumət adamlarının hamısı gəlir, ancaq heç bir nəticəsi yoxdur. FHN binanın qəzalı vəziyyətdə olmasını təsdiqləyir, ancaq digər qurumlar bunu təkzib edirlər. Dünən Bərpa Universitetindən bir yaşlı kişi gəlmişdi. Bizə dedi ki, sizi Allah saxlayır burda. Gələn bu sözü deyib gedir. Oturmuşduq da yerimizdə… Gördüyünüz bax, o tikinti var ha, “Yusifoğlu” Məhdud Məsuliyyətli Cəmiyyət binanın 10 addımlığında tikinti işlərinə başlayıb. Yer qazan buldozerlərin, torpaq daşıyan ağır maşınların səsindən bu bina silkələnməyə başladı. Bina silkələndikcə də dəhlizlərin, hamamların, mətbəxlərin, ayaqyollarının beton tavanları parça-parça olub, başımıza tökülür. Gəldilər ev tikməyə, bünövrəni qazıyanda yerdən daş çıxdı, daşı da partladanda bina silkələndi lap yaman günə qaldı”.

Orada olduğumuz zaman həqiqətən də sakinlərin həyatının risk altında olduğunu gözümüzlə gördük. Bina nəmişlikdən uçub dağılmış, rütubət və hətta üfunət içindədir. Hətta söhbət əsnasında baş çəkdiyimiz otaqlardan birində ayağım çürük döşəməyə necə keçib burxuldusa, ağrısını 2 gün hiss etdim.

Sağollaşıb, çıxmaq istəyəndə digər bir sakin tez-tələsik bizə yaxınlaşır. Öyrənirik ki, Fatma Talıbova 1992-ci ildən bu binada yaşayır:

– Qızım, körpələrimizin, xəstə və yaşlıların həyatı burda təhlükədədir. Heç kim bizim dərdimizə əlac etmir. Hara da müraciət ediriksə, elə yerimizdə saymaq bizə qalır. Daha haralara müraciət etməmişik? FHN, Nazirlər Kabineti, BŞİH və s. Bura Departamentin binasıdır, hətta ora da müraciət etmişik, ancaq nə xeyri? Nizami Rayon İcra Hakimiyyətinə də müraciət etmişik. İndi də qəzalı binanı guya təmir edəcəklər. Panellər çürüyüb tökülüb. Armaturlar ovxalanıb. Binanı heç bir sütun saxlamır. Bina nəyin üstündə durar? Daşın, sementin, “regelin”, armaturun, panellərin üstündə… Onlar da artıq məhv olub. FHN öz aktında göstərib ki, bina çəpərlənsin, giriş məhdudlaşdırılsın, sakinlərin köçürülməsi təmin olunsun, bütün kommunikasiya xəttləri kəsilsin. Gördüyünüz kimi, bunların heç birisinə əməl olunmur. Bu vəziyyətdə gözləyirik ki, ölümlə nə vaxt üzləşəcəyik. Bizə deyiblər ki, binanız estetik cəhətdən gözəl ola bilər. Ancaq binanızın nə zamansa çökmək ehtimalı var. Prezident İlham Əliyev televiziyadakı bir çıxışında dedi ki, köçkünlər yeni tikilmiş, amma hələ satılmayan boş evlərdə yerləşdirilsin. Mən bunu eşidəndə o qədər sevindim ki… Amma bizim bəzi məmur və şirkət rəhbərlərinin gözünü pul necə tutubsa, heç prezidentimizin sözünə də əhəmiyyət vermirlər”.

114 ailənin məskunlaşdığı beşmərtəbəli qəzalı bina sakinlərinə yeni mənzil diləyib, ayrılırıq. Onlar bizi ümid yağan gözlərlə yola salırlar. Çünki nə qədər əsəbi olsalar da yenə də inanırlar. İnanırlar ki, bir gün tale onların üzünə güləcək.

Mövzunu diqqətdə saxlayacağıq.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 49
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."