Elxan Şahinoğlu: “Dolayısı ilə bu partlayış və turistlərin qətlə yetirilməsi müəyyən mənada Rusiyanın da maraqlarına cavab verir”
Aqil Ələsgər: “Kim bu işin arxasında hansı örgütü görürsə görsün, o örgütün arxasında qış yuxusuna getməyən rus ayısı var”
Xəbər verildiyi kimi, Türkiyədə yeni terror hadisəsi baş verib. Sultan Əhməd meydanında baş verən terror nəticəsində 10 nəfər xarici vətəndaş həyatını itirib. Hadisənin İŞİD terrorçusu tərəfindən törədildiyi bildirilir.
Xatırladaq ki, düz bir il əvvəl, yəni keçən ilin yanvarın 6-da da məhz Sultan Əhməd meydanında anoloji olay baş vermişdi. Həmin vaxtı Rusiya vətəndaşı Diana Ramazova özünü partlatmış, onunla bərabər polis işçisi də həyatını itirmişdi. Məlum olmuşdu ki, Diananın əri İŞİD-in üzvü olub və öldürülüb. Bəzi ekspertlərin fikrincə, son terror hadisəsinin İŞİD tərəfindən törədildiyi bildirilsə də, burada Rusiya izinin ola biləcəyi ehtimalını da istisna etmək olmaz. Belə ki, təyyarə olayından üzü bəri Kreml adminstrasiyası Türkiyəyə münasibətdə həddən artıq aqressivləşib. Onlar həmin dövrdən başlayaraq Türkiyənin başına gələn bəlalara sanki sevinirmişlər kimi yanaşırlar. Sultan Əhməd meydanında baş verən son terror hadisəsi barədə məlumat verən Rusiya telekanalları da hadisəni ironik şəkildə təqdim etməyə çalışırdılar. Bu mövzuda olan verilişi elə tərzdə aparırlar ki, sanki bununla Türkiyədən qisas alırdılar. Bu fonda bəzi ekspertlərin qənaətincə Sultan Əhməd meydanındakı hadisənin arxasında Rusiya da dayana bilər. Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə tanınmış kürd əsilli vəkilin öldürülməsində də Rusiyanın əlinin olması barədə şübhələr yaranmışdı. Hər halda Rusiyanın xüsusən də son təyyarə olayından sonra Türkiyədə daim gərgin vəziyyətin mövcud olmasında maraqlı olduğu birmənalıdır.
Amma Yenicag.az-a məsələ ilə bağlı açıqlama verən politoloq Elxan Şahinoğlu 10 xarici vətəndaşın ölümü ilə nəticələnən Sultan Əhməd meydanındakı terror hadisəsində Rusiya barmağının olduğuna o qədər də inanmasa da, dolayısı ilə həmin partlayışın Kremlin də maraqlarına cavab verdiyini söylədi: “Rusiya aydındır ki, Türkiyənin zəifləməsində maraqlıdır, bu birmənalıdır. Bu müstəvidə də Moskva radikal kürd qurumları ilə də əlaqə qurub. Amma dünənki terror hadisəsinin arxasında İŞİD-in durduğu bəlli oldu. Rusiyadakı dairələrin isə İŞİD-lə əlaqəli olduqlarını güman etmirəm. Hər halda dolayısı ilə bu partlayış və turistlərin qətlə yetirilməsi müəyyən mənada Rusiyanın da maraqlarına cavab verir. Ona görə ki, Türkiyəyə turist axınının azalması adekvat olaraq bu ölkənin gəlirlərinin azalmasına gətirib çıxarar. Rusiyada isə indiki halda ən yüksək səviyyələrdə belə buna sevinənlərin olması şübhə doğurmur. Ancaq düşünmürəm ki, bu cür partlayış hadisəsi Türkiyənin imicinə, habelə gəlirlərinə təsir etsin. Bundan da güclü terror hadisələri Türkiyədə baş verib. Buna baxmayaraq, Türkiyə bu terror aktlarından da üzü ağ çıxıb və baş verən belə hadisələr ölkənin iqtisadiyyatına mənfi müstəvidə təsir göstərə bilməyib. Rusiya sadəcə olaraq Türkiyədə nə baş verirsə-versin, bütün hadisələri yerli hakimiyyət əleyhinə çevirməyə çalışır. Ona görə də yara alan Türkiyədən öz çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar”.
Yenicag.az Analitik İnternet Qəzetinin baş redaktoru Aqil Ələsgər də bu hadisənin arxasında Rusiyanın olduğunu düşünür. A.Ələsgər özünün Facebook səhifəsində bu barədə bunları yazıb: “Türkiyədə baş verən terrorda hədəf sadəcə Türkiyəni qarışdırmaq deyil, həm də qardaş ölkənin turizm sektorunu çökdürməkdir. Bombanın hədəfi olanların hamısı turistlərdir və əksəriyyəti almanlardır. Ya İŞİD, ya PKK, ya da qeyrisi terroru öz üzərinə götürsə də, bir məsələ aktuallığını qoruyur. Türkiyə bu il Antalyada rus turistlərin boşluğunu məhz almanlarla kompensasiya etməyi planlayırdı. Bu terror hadisəsi almanlar başda olmaqla rusun olmadığı məkanlarda istirahət etməyi sevən xalqlara Türkiyənin istirahət üçün təhlükəsiz ölkə olmadığı mesajını verməkdir. Kim bu işin arxasında hansı örgütü görürsə görsün, o örgütün arxasında qış yuxusuna getməyən rus ayısı var…”
ELÇİN
www.yenicag.az