Ərbakana Azərbaycandan sürpriz hədiyyə: Partiya sədri hansı mesajı verdi?
Azərbaycanlı ziyalılar Türkiyənin Yenidən Rifah Partiyasının sədri, doktor Fatih Erbakana Azərbaycan bayrağı və Şuşadan gətirilmiş torpaq hədiyyə ediblər.
Bu barədə Yenicag.az-a açıqlamasında Türkiyədə yaşayan soydaşımız, Yenidən Rifah Partiyasının nümayəndəsi Vəfa Aktuz məlumat verib.
Onun sözlərinə görə, görüş zamanı iki qardaş ölkə arasında münasibətlər, Türk dünyasının gələcəyi, regional əməkdaşlıq və ortaq strateji hədəflər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Vəfa Aktuz bildirib ki, görüşdə OCTAN Türk Təşkilatının sədri Rauf Babacan, professor Toğrul İsmayıl və digər ziyalılar iştirak ediblər.
Görüş çərçivəsində Azərbaycan bayrağı və Şuşa torpağının Fatih Erbakana təqdim olunmasının Qarabağ Zəfərinin, qardaşlığın və Türk dünyasının ortaq mənəvi dəyərlərinin rəmzi olduğu vurğulanıb.
Vəfa Aktuzun sözlərinə görə, Fatih Erbakan Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu, Qarabağ Zəfərinin bütün Türk dünyası üçün qürur mənbəyi kimi qiymətləndirildiyini bildirib. O, Azərbaycanın ərazi bütövlüyünün və bölgədə sülhün qorunmasının vacibliyini qeyd edərək, iki dövlət arasında əlaqələrin bundan sonra da bütün sahələrdə daha da inkişaf edəcəyinə inandığını ifadə edib.
Görüş qarşılıqlı xatirə şəkillərinin çəkilməsi və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi ilə başa çatıb.














