YTB-dən gənc qələm sahiblərinə çağırış: Müsabiqəyə qeydiyyat başlayıb
Xaricdə Yaşayan Türklər və Qohum İcmalar İdarəsi (YTB) türk diasporu, qardaş xalqların nümayəndələri və beynəlxalq tələbələr arasında ədəbi yaradıcılığı təşviq etmək məqsədilə “Bir Dünya Ədəbiyyat Mükafatları 2026” müsabiqəsinə start verib.
Yenicag.az xəbər verir ki, müsabiqənin əsas məqsədi xaricdə yaşayan türk vətəndaşlarının, qardaş icmaların və beynəlxalq tələbələrin türk dilində düşünməsini, yazmasını və ədəbiyyat sahəsində yeni əsərlər yaratmasını dəstəkləməkdir.
İştirakçılar “Ən Yaxşı Əsər”, “Esse”, “Hekayə” və “Şeir” nominasiyaları üzrə müraciət edə biləcəklər.
Müsabiqəyə təqdim olunan əsərlər sahə üzrə tanınmış mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Türk diasporu, qardaş icmalar və beynəlxalq tələbələrin əsərləri ayrıca dəyərləndiriləcək. Qiymətləndirmə zamanı türk dilindən düzgün və səmərəli istifadə, orfoqrafiya və qrammatika qaydalarına uyğunluq, janrın texniki tələblərinə riayət, orijinallıq və müəllif üslubu əsas meyarlar olacaq.
Müsabiqənin yekununda hər qrup üzrə “Ən Yaxşı Əsər”, “Esse”, “Hekayə” və “Şeir” nominasiyalarında qaliblər müəyyən ediləcək. Mükafat qazananlar, həmçinin YTB-nin təşkil edəcəyi “Yazıçılıq Təlimləri”ndə iştirak hüququ əldə edəcəklər.
“Bir Dünya Ədəbiyyat Mükafatları 2026” müsabiqəsinə son müraciət tarixi 15 sentyabr 2026-cı il olaraq müəyyən edilib. Mükafatlandırma mərasiminin keçiriləcəyi tarix və məkan daha sonra açıqlanacaq.
Müraciətlər yalnız YTB-nin onlayn qeydiyyat sistemi vasitəsilə qəbul edilir. Son tarixdən sonra təqdim olunan əsərlər qiymətləndirilməyəcək.
Müsabiqə ilə bağlı ətraflı məlumat YTB-nin rəsmi internet saytında yerləşdirilib. Əlavə suallar üçün [email protected] elektron poçt ünvanına müraciət etmək mümkündür.













