Reklam: High Technic
hightechnic

200 min ton pambıq real rəqəm deyil - Mütəxəssis rəyi

Son illər pambıq istehsalına diqqət ayıran Azərbaycan hökuməti cari ildə 200 min ton pambıq yığmağı qərara alıb. Bunun üçün də ölkə üzrə 22 rayonda pambıq əkini həyata keçiriləcək. Buna müvafiq olaraq pambıq üzrə əkin sahələri 136 min hektar təşkil edəcək. Qeyd edək ki, keçən il üçün ölkədə 100 min tona qədər pambıq istehsalı nəzərdə tutulmuşdu. Lakin müəyyən səbəblərdən istehsal bir qədər az oldu. Görəsən, cari il üçün pambıq istehsalını 200 min tona çatdırmaq mümkün olacaqmı?

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov Yenicag.az-a açıqlamasında cari il üçün 200 min tona qədər pambıq yığılacağı ilə bağlı deyilənlərin reallığı əks etdirmədiyini bildirdi. Eksperti sözlərinə görə, bu ancaq başqa sahələrin azaldılması hesabına baş verə bilər ki, ona da getmək yolverilməzdir:

“Pambıq istehsalının 200 min tona çatdırılıb-çatdırılmayacağı ilk növbədə nə qədər sahədə əkin işlərinin aparılması və rəqəmlərlə necə manipulyasiya edəcəklərindən asılı olacaq. Heç pambıq əkmədən də istədikləri rəqəmləri göstərə bilərlər. Bir müddət əvvəl məktəblər, bələdiyyə fəalları, yerli icra orqanlarının hamısı pambıq əkini ilə məşğul olmaq üçün səfərbər ediliblər. Bu səbəbdən də taxıl və yonca sahələrinin vaxtından əvvəl əkinə verilməsini tapşırıblar. Düşünmürəm ki, cari il üçün 200 min ton pambıq istehsal edilsin. Bu qədər pambıq istehsal etmək ancaq digər aqrar sahələrin sıradan çıxarılması hesabına baş verə bilər. Daha geniş sahələrdə pambıq əkini işləri aparılacaqsa, xeyli sayda tərəvəz, yem, yonca, taxıl istehsalı ilə məşğul olan fermerlər də artıq pambıq əkininə cəlb ediləcəklər. Bu isə sadaladığım digər sahələrdə istehsalın azalmasına ciddi təsir edəcək.

Pambıq istehsalının 200 min tona çatdırılması üçün digər addımların da atılması vacibdir. Onlar arasında səpinin vaxtında aparılması, lazımi gübrələrin verilməsi də vacib komponentlərdəndir. Sabirabaddan verilən məlumata görə, pambıq əkini üçün vaxtı keçmiş, daşlaşmış gübrələri təklif edirlər. Bu yolla pambıq istehsalını 200 min tona çatdırmaq çətin olacaq. Digər tərəfdən, keçən il 5 illik müddəti keçmiş herbisitlərdən istifadə fonunda da prosesin heç bir faydası olmadı. Yəni hökumətin dediyi ilə real mənzərə heç zaman uyğun gəlməyib. Onlar sadəcə, ictimai fikir yaratmaq üçün cari ildə 200 min tona qədər pambıq istehsalının gözlənildiyini bəyan edirlər.

Reallıqda isə bunun üçün ciddi işlərin görülməsi, prosesə kəndliləri, fermerləri cəlb etmək lazımdır. Məktəb müəllimlərini prosesə cəlb etməklə işin öhdəsindən gəlmək mümkün olmayacaq. Onlar yalnız yalan rəqəmlər verə bilərlər. Onu da deyim ki, Neftçala və Sabirabadda belə fikirlər səslənir ki, sövet dönəmində olduğu kimi pul verib, pambıq yazdırmaq kimi pripiskadan yenə də istifadə etməyi düşünürlər”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

124