2017-ci il üçün ağır proqnoz: Dünya nəhəngləri toqquşacaq
Ümumdünya İqtisadi Forumu (ÜİF) apardığı analizlərə əsaslanaraq, 2017-ci ilin ötən illə müqayisədə daha çətin keçəcəyini bəyan edib.
Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Ümumdünya İqtisadi Forumunun (ÜİF) təqdim etdiyi hesabatda qlobal miqyasda iqtisadi artımın azalması, qeyri-dəqiq hesablamalar, mövcud şərtlərə uyğun gəlməyən siyasət, iqlim dəyişikliyi və məcburi miqrasiya kimi neqativ tendensiyaların 2017-ci ildə ümumi vəziyyəti ağırlaşdıracağı qeyd olunub.
Tramp amili
ÜİF-in hesabatında o da deyilir ki, Donald Trampın ABŞ prezidenti seçilməsi də sadalanan bu mənfi proqnozları xeyli gücləndirir. Sənəddə bildirilib ki, Trampın ABŞ-ın istər daxili, istərsə də xarici siyasətində əsas prioritetlərini dəyişmək ehtimalı qlobal iqtisadiyyata təsirsiz ötüşməyib. Bununla belə, Tramp NATO üzrə müttəfiq ölkələrin müdafiə xərcləri üçün tələb olunan qədər vəsait ayrılmasının əleyhinə çıxsa da, sərbəst ticarət məsələlərinə müdaxilə etməyəcəyini bildirib. ABŞ-ın yeni prezidenti ölkəsinin dünyanın müxtəlif regionlarında davam edən silahlı münaqişələrə qarışmaq məsələsinə də yenidən baxılacağını diqqətə çatdırıb. Trampın bu mövqeyinin ABŞ-ın dünya miqyasında demokratiya, insan hüquqları və ədalətin bərqərar edilməsinə yönəlmiş “Amerikan istisnası” siyasətinə zidd olduğu mübahisə doğurmur.
Bu barədə danışan ABŞ politoloqu Yan Bremmer qeyd edib ki, Tramp beynəlxalq əməkdaşlığı interaktiv planda dəyərləndirir: “Əgər hansısa beynəlxalq məsələ yaxın müddətdə ABŞ-a fayda verməyəcəksə, Tramp o işə qarışmamağın tərəfdarıdır”. Politoloqun fikrincə, ABŞ-ın beynəlxalq siyasətdə rolunu azaltmaq niyyəti onun müttəfiqlərini müxtəlif problemlərlə üz-üzə qoya bilər:
“II Dünya müharibəsindən sonra ABŞ beynəlxalq proseslərdə əsas yönləndirici qüvvə kimi çıxış edib. İndi isə həmin statusunu itirmək üzrədir və bu, dünyaya müsbət heç nə vəd etmir”.
Digər tərəfdən, ölkədə varlılarla yoxsullar, gənclərlə yaşlılar arasında olan uçurum dərinləşdiyindən ABŞ cəmiyyətində narazılıq artmaqdadır. UİF-in açıqladığı məlumata əsasən, son 30 ildə dünya üzrə bərabərlik statistikası artdığı halda, ABŞ və Böyük Britaniyada bu göstərici xeyli aşağı düşüb. O da qeyd olunur ki, dünya ölkələrində yaşlı və aşağı təhsilli insanlar özlərini daha artıq dərəcədə təcrid olunmuş vəziyytdə hiss edirlər. Bildirilir ki, 2017-ci ildə Fransa, Almaniya və Hollandiya kimi Avropa ölkələrində parlament seçkiləri keçiriləcək. UİF-in proqnozuna görə, sözügedən ölkələrdə populist və Avropa İttifaqına (Aİ) qarşı çıxan partiyaların uğur qazanacaqları təqdirdə, qitədə onsuz da mürəkkəb olan vəziyyət bir qədər də ağırlaşacaq.
Çin üçün fürsət, yoxsa risk?
ÜİF-in hesabatında 2017-ci ilin Çin üçün də asan keçməyəcəyi bildirilir. Qurumun proqnozuna görə, Çini gömrük qiymətləri ilə cəzalandırmağı düşünən Tramp həm də Tayvan ilə müstəqil ölkə qismində münasibətlər qura bilər. Bu və digər amillər 2017-ci ildə dünyanın iki iqtisadi nəhəngi arasında münasibətlərin ciddi surətdə dəyişəcəyini göstərir. Ehtimala görə, Trampın vəzifəsinin icrasına başlamasından sonra ABŞ-la Çin arasında indiyə qədər müşahidə olunan qarşılıqlı anlaşma tədricən aradan qalxacaq. Amerikalı təhlilçilər Endryu Gilholm və Maykl Moran bu barədə belə düşünürlər ki, Çin rəhbərliyinin ABŞ-ın Pekin üçün həssas məsələlərə müdaxiləsinə necə reaksiya verəcəyini indidən proqnozlaşdırmaq çox çətindir.
Hiyləgər Rusiya
ABŞ-ın geopolitik rolunun azalması fonunda Rusiyanın “hiyləgər və pozucu” fəaliyyətini artırdığını deyən Y. Bremmer prezident Vladimir Putinin ABŞ-da keçirilmiş seçkilərə müdaxilə etməsinə dair ittihamlardan “yıxılmayacağını” bildirib: “Putin Fransada və Avropanın digər ölkələrində keçiriləcək seçkilərə də müdaxilə edəcək. Qərb isə buna adekvat cavab vermək istəməyəcək, ya da verə bilməyəcək. Bu vəziyyət Trampın vecinə olmadığı kimi, Avropa liderlərini də maraqlandırmır. Onlar Rusiyanı sanksiyalarla zəiflətmək siyasətini davam etdirəcəklər”.
Yeniçağ.Az