350 milyardlıq ŞƏRT – ABŞ təhlükəsizlik vəd edir, yoxsa İSTİSMAR?
“Ukraynanın mineral sərvətləri haqqında anlaşma ilə bağlı təklif ilk dəfə Kiyevdən gəlib. Hələ Co Bayden administrasiyası dövründə prezident Volodimir Zelenski ABŞ tərəfinə Ukraynaya təhlükəsizlik təminatları verilməsi müqabilində belə bir anlaşmanın mümkün ola biləcəyini bildirmişdi. Ondan sonrakı dövrdə Donald Tramp administrasiyası bu məsələyə ciddi şəkildə müdaxilə etdi və nəticədə Ukrayna ilə belə bir anlaşma imzalandı”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.
Analitik ötən gün Ukraynanın təbii ehtiyatları ilə bağlı ABŞ ilə imzalanan sənədin detallarını və Ukrayna münaqişəsi ilə bağlı proseslərin növbəti perspektivlərini şərh edib.
Onun sözlərinə görə, şübhəsiz ki, hazırda imzalanan anlaşma Ukraynanın tam istədiyi formada deyil:
“Bir daha qeyd etmək istəyirəm: Ukraynanın bu anlaşmanı təklif etməkdə iki əsas məqsədi vardı: birincisi, ABŞ-nin Ukraynaya təminatlar verərək onu işğaldan qoruması; ikincisi isə Ukraynaya investisiyaların cəlb olunması idi. Ukrayna, eyni zamanda, nəzərə alırdı ki, onun nadir mineral ehtiyatlarının əhəmiyyətli hissəsi hazırda Rusiyanın işğalında olan ərazilərdə yerləşir. Məhz bu səbəbdən də Amerika vasitəsilə həmin ərazilərdə istismar prosesinin həyata keçirilməsi və Ukraynanın bu prosesdən divident əldə etməsi planlaşdırılırdı”.
Siyasi təhlilçi diqqətə çatdırıb ki, bütün bunlardan sonra Tramp bu məsələnin mahiyyətini dəyişdi:
“O baxımdan ki, Tramp ABŞ-nin Ukraynaya etdiyi faktiki 100 milyard dollarlıq yardımın əvəzində guya 350 milyard dollarlıq dəstək verdiyini bəyan etdi və eyni zamanda, yaradılacaq investisiya fondunda Ukraynanın heç bir sərəncam hüququnun olmamasını təklif etdi. Bu isə ciddi narazılıq doğururdu. Ən önəmlisi isə odur ki, Tramp bu anlaşma müqabilində Ukraynaya təhlükəsizlik təminatları verməkdən boyun qaçırırdı”.
Müsahibimiz əlavə edib ki, məhz bu səbəbdən, hazırda imzalanmış bu anlaşma Ukraynanın düşündüyündən xeyli fərqlidir:
“Amma bütün hallarda bu, Ukrayna üçün məcburi atılmış bir addımdır və müəyyən qədər onun maraqlarına uyğun gəlir. Ən azı o baxımdan ki, mən ərazinin 80 faizinin Amerikanın, 20 faizinin isə Rusiyanın nəzarətində olması fikri ilə razı deyiləm. Söhbət ondan gedir ki, Ukrayna kimi dövlətlər, yəni maliyyə resursları məhdud, inkişaf yolunda olan ölkələr, adətən, bu cür məsələlərdə investisiyalara ehtiyac duyurlar”.
O, Qasımov əmindir ki, hazırda Ukraynada nadir elementlərin istismarı üçün həm ciddi maliyyə vəsaitlərinə, həm də müasir texnologiyalara böyük ehtiyac var:
“Bu isə yalnız Amerika tərəfindən təmin oluna bilər. Hər halda, bu məsələ son dövrlərdə gərginləşən ABŞ-Ukrayna münasibətlərini müəyyən qədər stabilləşdirə bilər. Düşünürəm ki, Tramp istədiyini aldı. Amma “bu, Ukraynanın maraqlarına tam ziddir” yanaşması da, məncə, doğru deyil. Çünki Ukraynanın hazırda bərpa olunması üçün həm texnoloji, həm də maddi dəstəyə ehtiyacı var. Digər tərəfdən, nəzərə alsaq ki, Tramp bu anlaşma ilə həm də Rusiyanın işğalı altında olan, hələ də beynəlxalq səviyyədə tanınmayan ərazilərdə müəyyən fəaliyyət göstərmək imkanı əldə edir, bu ehtimallar da kifayət qədər realdır. Belə ki, Rusiya ilə razılaşma əsasında Donetsk və Luqansk bölgələrində də istismar işlərinin aparılması mümkündür”.
“Diqqət etsək, Rusiya tərəfi də, əslində, Amerikaya belə şirnikləndirici vədlər vermişdi ki, həmin ərazilərdə birgə istismar həyata keçirilə bilər. Bu baxımdan, Ukraynanın hazırda atdığı addımların əksəriyyəti, əslində, məcburi xarakter daşıyır. Bəlkə də bu vəziyyəti anlayışla qarşılayıb qəbul etmək olar, çünki Ukrayna olduqca çətin seçim qarşısındadır və ABŞ-nin təzyiqlərinə davam gətirmək imkanı açıq şəkildə məhduddur. Üstəlik, nəzərə almalıyıq ki, Ukraynada gedən savaşda Amerikanın dəstəyi həlledici rol oynayır və bu, Avropa ölkələri tərəfindən də etiraf olunur. Xatırlayırsınızsa, 28 fevralda Ağ Evdəki məlum skandaldan sonra Londonda toplanan liderlər də bildirmişdilər ki, Amerika olmadan Ukraynada atəşkəs və təhlükəsizlik təminatlarının verilməsi olduqca çətin olacaq”, – deyə, o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov