“Dünya sənin, dünya mənim…” - Xalq şairi Məmməd Arazın ANIM GÜNÜDÜR
“Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim…”
Azərbaycan poeziyasının şedevrlərindən sayılan bu məşhur misraların müəllifi, Xalq şairi Məmməd Arazın anım günüdür. Bu misraları söyləyən hər bir uşaq, yeniyetmə və ya gəncin ürəyində Vətən sevgisi alovlanır, hər könüldə bitib-tükənməyən Vətən sevgisi cücərir. Məmməd Arazın şeirləri boğazdan yuxarı deyilən sadəcə misralar deyil. Çoxları Vətəni sevməyi məhz onun şeirlərini oxuya-oxuya öyrənib və bu şeiriyyətdən təsirlənərək əsl Vətən sevdalısı, əsl yurd aşiqinə çevrilib. Budur poeziyanın gücü, qüdrəti…
Onun şeirləri təbiəti misralara köçürür. Göz önündə Azərbaycanın gözəl guşələri, qaynayan bulaqları, aşıb-daşan çayları, şəlalələri, zirvəsinə qartal qonan dağları, yalçın qayaları canlanır. O şeirləri dinlədikcə Vətən havasını udub, suyunu içib, yurd yerlərimizi qarış-qarış gəzib-dolanıb, bəxtiyar ola bilirsən.
“Bu get-gəllər bazarına dəvətdir dünya,
Bu ömür-gün naxışına həvəsdir dünya.
Əbədiyə qəh-qəh çəkər əbədi dünya,
Dünya sənin, dünya mənim, dünya heç kimin”.
Onun məşhur misraları neçə-neçə musiqiyə can verib. O musiqilərin qanadında pərvazlanıb, ruhumuzu dinləndirib, dirildə bilmişik. Arınmışıq, saflanmışıq, özümüzü tanımağa doğru addımlamışıq. Budur Məmməd Araz poeziyasının fəlsəfi-mistik qüvvəsi.
“Bu sevdadan nə yetirdik, nə üzdük?!
Dalğasında nə qərq olduq, nə üzdük.
Axır səni düzdə qoydu bu düzlük…
Unut məni, aldat məni, at məni…”
Məmməd Araz poeziyası saf sevginin tərənnümçüsüdür. O misralarla neçə-neçə sevən ürək birləşib, neçə-neçə sevən cütlük bir-biri ilə əhd-peyman bağlayıb.
Bu gün şairin anım günüdür. Amma heç unudulmadı ki, anılsın da…
Məmməd Araz poeziyası hər zaman yaşayır, sevilir və dillərdə əzbərdir.
Cəvahir












