"Sabah bu dirək aşıb kimisə bədbəxt etsə, məsuliyyəti kim daşıyacaq?!"- ŞİKAYƏT
“10 min voltluq xətt qəzalıdır, heç kim reaksiya vermir.
Yenicag.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Şikayətçi bildirir ki, “Azərişıq” ASC-yə aid 10 min voltluq xətt qəzalı vəziyyətdə olsa da, problemin aradan qaldırılması üçün aidiyyəti qurum tərəfindən lazımi addımlar atılmır.
Şikayəti olduğu kimi oxuculara təqdim edirik:
““Azərişıq”a məxsus 10 min voltluq xətt hal-hazırda belə qəzalı vəziyyətdədir. Dirək demək olar ki, çürüyüb, beton dirək isə aşmaq üzrədir və həyətə doğru əyilib.
Bir həftə əvvəl “Azərişıq”ın qaynar xəttinə müraciət etmişəm. Dedilər ki, müraciət qeydə alındı, sizə məlumat veriləcək. Bir həftə keçdi, amma heç bir məlumat verilmədi. Bu gün yenidən qaynar xəttə müraciət etdim. Mənə deyirlər ki, guya gəlib baxıblar və abonent özü ASAN Xidmətə müraciət edib dirəyin dəyişdirilməsini istəməlidir.
Deyirəm ki, sizin işinizi mən niyə görməliyəm? Dirək mənim şəxsi mülkümdür ki, mən dəyişdirməli olum? Niyə mənə məlumat verməmisiniz? Sabah bu dirək aşıb kimisə bədbəxt etsə, bunun məsuliyyəti kimdə olacaq? Həyətdə uşaq var… Cavab verən şəxs deyir ki, bilmirəm, mənim məlumatım ancaq budur. Bu isə “Azərişıq”ın qaynar xəttinin cavabıdır”, – deyə şikayətçi bildirib.
Yenicag.az olaraq sözügedən qurumun da mövqeyini dərc etməyə hazırıq.












