4 iyun qiyamının ən davakar tərəfdarlarının, baş rol aktyorlarının taleyi qara gəldi; millətin hakimiyyətinə, gələcəyinə güllə sıxanlar Allahın və həm də xalqın qəzəbinə gəldilər
Bu gündən baxanda Gəncə qiyamına rəhbərlik edənlərin də, qiyamda fəal iştirak edənlərdin də, dövlət çevrilişinə gizli dəstək verənlərin də sonlarının xeyirli olmadığını görürük. Millətin gələcəyini hərraca çıxaranlar 4 iyun qiyamını təşkil etməklə öz gələcəklərinə də balta vurdular. Nüfuzu olanlar nüfuzdan düşdü, bir zamanlar sayılıb-seçilən şəxslərin adı tarixə “xalq düşməni” kimi düşdü. 4 iyun qiyamının ən davakar tərəfdarlarının, baş rol aktyorlarının taleyi qara gəldi; millətin hakimiyyətinə, gələcəyinə güllə sıxanlar Allahın və həm də xalqın qəzəbinə gəldilər.
***
4 iyun Gəncə qiyamına rəhbərlik edən Surət Hüseynov “xidmətlərinə” görə baş nazir kürsüsü ilə ödülləndirilsə də sonradan xəyanətinin cəzasını azadlığı ilə ödəməli oldu. 1994-cü ildə o, baş nazirlikdən istefaya göndərildi, ardınca deputat toxunulmazlığı və “Milli Qəhrəman” fəxri adı ləğv edildi, az sonra Heydər Əliyevin göstərişi ilə haqqında dövlətə xəyanət maddəsi ilə cinayət işi açıldı. O zamana qədər Surət Hüseynov Azərbaycanı tərk edib Rusiyaya sığınmışdı. Rusiya 1997-ci ilə qədər onu qorusa da sonradan Azərbaycana təhvil verdi. S.Hüseynovun Rusiya əyalətlərindən birində rəngsaz qiyafəsində həbs edilərək Azərbaycana gətirilməsi çoxlarının yadındadır. Məhkəmənin qərarı ilə ona ömürlük həbs cəzası kəsilsə də Hüseynov 2004-cü il martın 17-də İlham Əliyevin imzaladığı əvf fərmanı ilə azadlığa çıxdı və az sonra yenidən Rusiayaya sığındı. Son xəbərlərə görə, indi Rusiyada yol çəkməklə məşğuldur.
***
4 iyun qiyamçılarından çoxunun sonrakı taleyi aşağı-yuxarı Surət Hüseynovun taleyinə bənzədi. Ancaq aralarında daha dramatik tale yaşayanları da oldu. Məsələn, Nemət Pənahlı. 1988-ci il meydan hərəkatı zamanı gündəmə gələn fəhlə Nemət sonradan Heydər Əliyevin tərəfdarları arasında göründü. Milli azadlıq hərəkatından hakimiyyətə gələn qüvvələrə müxalif olan N.Pənahlı Gəncə qiyamının aparıcı simalarından idi. Surət Hüseynovun Gəncədəki ofisində günlərlə qiyam hazırlıqlarına keşik çəkən N.Pənahlının Elçibəy iqtidarının təmsilçilərinə qarşı amansız davranmaq çağırışları da yaddaşlardadır. Ancaq Allahın qüdrəti ilə qiyamçıların çoxu qazdıqları quyuya özləri düşdü. Nemət Pənahlıya Heydən Əliyevin dönəmində Prezident Aparatında iş verildi — o, səlahiyyətləri o qədər də aydın olmayan müşavirin müşaviri postunu tutdu. Sonrakı proseslərdə YAP-la Nemətin yolları ayrıldı. 2011-ci ildə məhkəmə Nemət Pənahlını qanunsuz silah saxlama və xuliqanlıq maddəsi ilə 6 il azadlıqdan məhrum etdi. Bir müddət öncə N.Pənahlı azadlığa çıxdı və yenə də öz ampulasındadır. Saqqalı ağarsa da düşüncəsinin rəngi dəyişməyib.
***
Aypara Əliyev – 1993-cü il qiyamında onun adını ilk eşidənlər qadın olduğunu zənn edirdilər. Qanuni hakimiyyətə, onun rəhbərlərinə qarşı ən amansız davrananlardan biri Aypara Əliyev bütün hərəkətləri ilə özünün və təmsil etdiyi partiyanın Kremlin maşası olduğunu təsdiq edirdi. Qiyamçıbaşılardan Surət Hüseynovun “sağ əli” olan Aypara Əliyevi “qurduğu” hökumət çox keçmədi həbs etdi. 1994-cü ildə o, həbsxanada işgəncələr nəticəsində öldü.
***
4 iyun qiyamına siyasi don geyindirmək istəyən qüvvələr Surət Hüseynovun ətrafına siyasətçilərlə bir qədər bəzək-düzək verməyə çalışsalar da əsl mahiyyəti gizlədə bilməmişdirlər. AXC iqtidarına qarşı Gəncə qiyamı ərəfəsində kriminal avtoritetlərin xidmətindən də istifadə edilirdi. 1993-cü ilin fevralından Gəncədə peyda olan və qiyam başa çatana qədər Surət Hüseynovun ən yaxın çevrəsində qərar tutan qanuni oğrular Alim (oğru dünyasında adı Olimp) Vaqif (oğru Vaqif), Zöhrab (Zobik) də az sonra öldürüldülər. Qiyamçılar şahidləri sevmir, təbii.
***
4 iyun qiyamını müdafiə edən ən ciddi qüvvə YAP-la bir yerdə Milli İstiqlal Partiyası idi. AMİP sədri Etibar Məmmədovun 4 iyun qiyamından gözləntiləri bəlli idi. O, Əbülfəz Elçibəydən ala bilmədiyi baş nazir postunu Heydər Əliyevdən qoparmaq istəyirdi. Bunun üçün AMİP və onun sədri parlamentdə Elçibəy iqtidarına qarşı ən aqressiv davranış nümayiş etdirirdilər. Prezident Elçibəyin hakimiyyətdən salınması üçün parlament müzakirəsinə çıxarılan qərar layihəsinin müəllifi də AMİP-çi deputatlar idi. Bu günün hüquq müdafiəçisi Fuad Ağayevin həmin qərar layihəsinin müəllifi olduğu deyilir. Etibar Məmmədov isə siyasət səhnəsindən çoxdan gedib. Heydər Əliyev onu nəinki baş nazir postuna gətirmədi, üstəlik siyasi səhnədən birdəfəlik sildi. Gənc yaşlarında müəllimi Əbülfəz Elçibəyin başlatdığı milli-azadlıq hərəkatına qoşulan, Kremlin göstərişi ilə bir müddət Lefertovo həbsxanasında saxlanan, azad edilməsi üçün vətəndaşların 1 milyon imza verdiyi Etibar Məmmədov 4 iyun qiyamına dəstək verməklə özünü sözün əsl mənasında bitirdi. Etibar Məmmədovun siyasi səhnəyə dəfələrlə qayıtmaq cəhdləri də fiaskoya uğradı. Hətta soyadını dəyişib Etibar Hüsənli olaraq siyasi səhnəyə qayıtmaq cəhdi də baş tutmadı – kəvakiblər aldanmadı. O qədər yaşlı olmasa da indi Etibar Məmmədovu ahılların dincəldiyi idman komplekslərində görmək olar.
***
AMİP sədrinin müavini Şadman Hüseynov da fəal qiyamçılarından idi. Doğulduğu Gəncə şəhərində — Surət Hüseynova qiyamın hansı siyasi bəyanatlarla müşayiət olunması haqqında göstərişlər verən Şadman Hüseynov prezident Elçibəy və onun komandasına qarşı fəaliyyətini parlament fəaliyyətində də davam etdirdi. Şadman Hüseynovun Nemət Pənahlı ilə birgə Naxçıvanla-Gəncə arasında əsas “poçtalyon” olduğu deyilir. Şadman Hüseynov çox canfəşanlıq etsə də Heydər Əliyevdən vəzifə qopara bilmədi. 2003-cü ildə, qiyamdan 10 il sonra ürək tutmasından öldü.
***
Əli Ömərovu Gəncədə çoxları tanıyırdı. Uzun illər Gəncənin nəqliyyat prokuroru vəzifəsində çalışan bu şəxs 4 iyun qiyamının ən ciddi dəstəkçilərindən idi. Mərkəzi hakimiyyətə tabe olmamaqla yanaşı, mərkəzin planlarını qiyamçılara çatdıran Əli Ömərov bu xidmətlərinin sayəsində baş prokuror kürsüsü ilə təltif edildi. Sivil, demokratik yolla qurulmayan bir hakimiyyətdə daxili münasibətlərin qanunlarla tənzimlənəcəyi qətiyyən gözlənilən deyil. Belə də oldu. Hakimiyyətdaxili çəkişmələrdə tərəf olan Əli Ömərov 1995-ci ilin “OMON qiyamı”ndan nəsibini aldı. Daxili işlər nazirinin müavini, “OMON”un rəhbəri Rövşən Cavadovun qardaşı, Xətai rayonunun o zamankı prokuroru Mahir Cavadov onu kabinetində döydü. İndi yeri Bakı çayxanalarıdır.
***
4 iyun qiyamından az sonra Gəncəyə, oradan da Bakıya gələn Heydər Əliyevin şəxsi mühafizəsinə rəhbərlik edən Rövşən Cavadovun da taleyi acınacaqlı oldu. Onu dövlət çevrilişinə cəhddə ittiham etdilər, üzərinə qoşun yeritdilər və canını budundan dəyən bir güllə ilə aldılar. R.Cavadovun rəhbərlik etdiyi “OMON” üzvləri də çox məşəqqətlər çəkdi. Azərbaycanın çağdaş tarixinin ən çox işgəncə görən silahlı dəstəsi yəqin ki, “OMON” dur.
***
Ancaq demokratik düzənə uymayıb, qanuni hökuməti devirmək eşqinə düşən və siyasi şıltaqlıqlarını bu gün də davam etdirənlər var. Məsələn, Rəsul Quilyev. Heydər Əliyevin hakimiyyətə gəlməsinin ən ciddi təşəbbüskarı, ən böyük maliyyə dəstəkçilərindən biri Rəsul Quliyev bu gün ABŞ-da mühacir həyatı yaşasa da Azərbaycan siyasi gündəmini zaman-zaman qarışdırmaq cəhdlərindən əl çəkmir. 4 iyun qiyamının dalğası ilə Rəsul Quliyev Milli Məclisin sədri oldu. Ancaq sonradan şəxsi və siyasi fonda baş verən daxili münaqişələrin yaratdığı təlatümlü dalğalar onu okeanın o tayına atdı. Azərbaycana qayıdacağı ilə bağlı şoular düzənləyən Rəsul Quliyevin indi ən böyük arzusu qurulmasında birbaşa iştirak etdiyi hakimiyyəti siyasi səhnədən silmək yox, sadəcə vətənində ölə bilməkdi.
***
4 iyunun digər dəstəkçisi də Rəhim Qazıyev idi. Onun da taleyi məşəqqətli oldu. Həyatının ən gözəl vaxtlarını həbsxanada keçirdi. Qiyam nəticəsində hakimiyyətə gələn iqtidar onu uzun illər dörd divar arasında saxladı. 2003-cü ilin dekabrında İlham Əliyevin imzaladığı əfv fərmanıyla azadlığa çıxdı.
Anadoludakı qardaşlarımızın gözəl bir deyimi var – Allahın zopası yox.
Nəsimi Şərəfxanlı
www.yenicag.az