“Erməni soyqırımı”nı təbliğ edən “Zaman”a Azərbaycanda kimlər arxa çıxır?

7 iyul seçkiləri Türkiyə tarixində dönüş nöqtəsidir. Hakim AKP-nin Ərdoğansız çıxacağı ilk seçki olmaqla yanaşı həm müxalifətlə, həm də daxilinə sızmış fətullahçılarla mübarizə aparacağı seçki anlamını daşıyır. Belə ki, əvvəlki seçkilərdə sadəcə müxalifətlə mübarizə apardığı halda indi öz içində də Gülənin tərəfdarları ilə savaşır. Gizli fətullahçıların Gülənə qarşı olanları ləkələdiyi, haqsızların səsinin haqlılardan daha çox çıxdığı bu seçim AKP-nin çox ciddi imtahanıdır.

Baş nazirin müavini, Ərdoğan qadağa qoyana qədər AKP ilə Gülən arasında körpü rolunu oynayan Bülent Arıncın prezidentə qarşı çıxışı da göstərir ki, Gülən geri çəkilmək niyyətində deyil. Xüsusilə, Ərdoğanın qoyduğu 3 dəfədən artıq seçilməmə qadağası ilə bu dəfə seçilməyəcək olanlardan maksimum istifadə edilməsi gözlənilir. Artıq bu il heç bir vəzifə almayacaq Bülent Arıncın səsini yüksəltməsi göstərir ki, vəzifə sevdası ilə “hocaəfəndi” təlimatı birləşəndə, 40 illik dostluqlar arxada qalır. Yenicag.az-ın məlumatında bildirilir ki, Bülent Arınc və digər seçilməyəcək şəxslər öz yerlərini oğullarına, qardaşlarına vermək istəyiblər. Lakin bu da Ərdoğan əngəlinə ilişib. Ərdoğan Davudoğluna buna imkan verməməyi tapşırıb ki, bu da əslində bardağı daşıran son damla olub. Yəni, Arıncın davası heç də hökumətin kiçik görünməsi deyil, maraqlarının təmin olunmamasıdır.

Qeyd olunur ki, təkcə Arınc deyil, AKP içərisində kifayət qədər güclü fətullahçılar var ki, Ərdoğan onların da səssizcə uzaqlaşdırılması tərəfdarıdır. Lakin adamlar təşkilat içərisində o qədər güclü təşkilatlanıblar ki, gülənistlər deyil, onların qarşısındakılar “fətullahçı” damğası ilə “vurulur”. Təkcə AKP-də deyil, dövlətin içərisində, nazirliklərdə, diplomatik təmsilçiliklərdə Gülən ciddi şəbəkə qurub. Bu səbəbdən də, Ərdoğan istəsə belə, Hakan Fidan nə qədər çalışsa da, Gülən Şəbəkəsi ilə mübarizə istənilən effekti vermir. Türkiyədə orta və aşağı ticarətlə məşğul olanların əksəriyyəti Güləndən üz döndərərək, “himmət” pullarını kəssələr də, milyonlarla oynayan şəbəkə üzvləri yenə də öz yerlərindədir.

Məsələn, Gülənin Dünya üzrə biznes imamı sayılan TUSKON başqanı Rizanur Meral istədiyi zaman Azərbaycanda partnyorları olan TUSİAB və İpəkyolu ilə görüşlər keçirir. Və ya Gülənin gizli imamı olduğu deyilən və hətta Rizanur Meraldan daha çox Camaata yaxın olan Fatih Baltacı Azərbaycan və Rusiyada azərbaycanlı və rus ortaqları ilə işlərini davam etdirir. Qeyd edək ki, Fatih Baltacı SOCAR Gaz Ticareti A.Ş.-nin ortaqlarından olan “CIG Enerji”nin iki patronundan biridir. Digəri isə Gülənin digər müridi Fettah Tamincedir.

Qeyd etdiyimiz kimi Gülənin aşağı səviyyəli ticarət kanalları kəsilsə də, iriçaplı biznes strukturları öz fəaliyyətlərini dünyanın dörd bir yanında, o cümlədən Azərbaycanda davam etdirirlər.teqdimat (1)__1

Təzada baxın. Azərbaycan ərazisinin 20 faizi erməni işğalı altındadır. 25 ilə yaxındır ki, bu işğal davam edir. Bu illər ərzində “qardaş” deyərək, süfrəmizdə yer verdiyimiz, öz vətəndaşımıza yaratmadığımız imkanlarla təmin etdiyimiz fətullahçılar bizim başımızın altına yastıq qoymaqla bərabər ermənini dəstəkləyiblər. Erməni diasporunu ilk dəfə Türkiyədə təbliğ edən “Zaman” qəzeti və “Aksiyon” dərgisi olub. İllərlə türk düşmənlərinin (Elif Şafak və digərləri) yazdığı tək qəzet “Zaman” olub. Nə qəribədir ki, Azərbaycanda bizim qəzetlərdən yaxşı imkanlara malik tək “türk” qəzeti də “Zaman” olub. Və zaman-zaman Azərbaycan əleyhinə yazıların adresi də bu qəzet olub. Sonuncu yazı isə “Zaman”ın ermənipərəstlikdən erməniliyə keçidinin bariz nümunəsidir. Dünən xəbər verdiyimiz kimi, “Zaman”da dərc olunan bu cümlələrə heç erməni mətbuatında rast gələ bilməzsiniz:

 “24 aprelin üfüqdə görünməsi ilə birlikdə, artıq qaçacaq yer qalmadı. O gün dünyanın dörd bir yanında insanlar ERMƏNİ SOYQIRIMINI xatırlayacaq.

Türk hökuməti diqqəti ERMƏNİ SOYQIRIMININ YÜZÜNCÜ İL DÖNÜMÜNDƏN başqa yönə çəkmək məqsədiylə Çanaqqala Savaşının 100-cü il dönümünü 25 apreldən eyni günə daşıyaraq, utanmazcasına, açıq şəkildə bir işə girişdi. Bu səy işə yaramayacaq və Türkiyə boş yerə etibarsızlaşdırılacaq”.

1426779483

Haşiyə

“Azərbaycan” qəzetinin şöbə müdiri İxtiyar Hüseynli Elnur Aslanovun qrupuna qoşulmadan öncə “Zaman”ın ingilis dilli buraxılışı olan “Today Zaman”ın Azərbaycan əleyhinə yazısına cavab olaraq, qələmə aldığı məqalədə yazırdı: Erməni aşiqliyinin artıq geniş miqyas aldığı bu qəzet Azərbaycanda dövlət və özəl münasibətlərin birləşməsindən yazır. Rusların yaxşı misalı var: kimin camışı böyürsə də, heç olmasa səninki sussun! Əcəba, “Today’s Zaman”ın tribunası olduğu şəbəkənin iqtisadi qanadlarının Azərbaycanda geniş şəbəkə qurmasına indiyədək kim mane olub?! Bu şirkətlərə iqtisadi güzəştlərdən başqa nə tətbiq olunub? Görəsən, “Zaman”ın türkcəsində, ingiliscəsində, Azərbaycancasında reklam yerləşdirən, bu qəzetləri himayə edən şirkətlərin hansı biri iqtisadi maneə ilə qarşılaşıb? Bəlkə nə vaxtsa “Çağ” Öyrətim və ona bağlı olan “Qafqaz” Universitetinə, məmləkətin bölgələrindəki liseylərinə, kurslarına, mərkəzdə yerləşən ofislərinə, yaxud qazandıqları milyonlara hər hansı təhlükə yaranıb? Bu şəbəkə heç Türkiyədə görmədiyi dəstəyi və himayəni məhz Azərbaycan iqtidarından və xalqından alıb, həmişə güzəştlə üzləşib!”

“Azərbaycan” qəzetinin 16 may 2009-cu il tarixli sayında dərc edilmiş bu “Today’s Zaman”ın, onun sahiblərinin erməni sevgisi və Azərbaycana nifrəti haradan qaynaqlanır?” məqalədə qeyd olunduğu kimi “”Zaman”, “haqqın yolu”nu yaxşı tapmısan: Azərbaycanca nəşrində pafoslu tərifnamələrinlə ətimizi tökürsən, ingilis variantında isə…”

samanyolu medya grubBəli! İxtiyar Hüseynli sonradan o düşərgəyə transfer etsə də, GÜLƏN MEDİASININ AZƏRBAYCAN ƏLEYHİNƏ YAZDIĞI MƏQALƏYƏ CAVAB OLARAQA YAZILAN O YAZI “AZƏRBAYCAN” QƏZETİNİN RƏSMİ SAYTINDAN SİLİNSƏ DƏ(Həmin yazının silinmədən öncəki linki: http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2009&Pid=3680),  o zaman yazılanlar həqiqətdir və gülənistlərin mahiyyətini ortaya qoymaqdadır. Və nə qədər acı da olsa etiraf etməliyik ki, erməni ruporuna çevrilən “Zaman”ı ayaqda saxlayan elə Azərbaycanda geniş imkanlar yaradılan şirkətlərdir. Bəli! “Zaman”ın türkcəsində, ingiliscəsində, Azərbaycancasında reklam yerləşdirən, bu qəzetləri himayə edən şirkətlərin heç biri hər hansı iqtisadi maneə ilə qarşılaşmayıb. Tam əksinə! Azərbaycanın böyük proyektləri Gülənin Azərbaycandakı iqtisadi şəbəkəsinə peşkəş edilib. Bu gün Azərbaycan mediası ağır günlər yaşayarkən, “Zaman”a hər tərəfdə “yaşıl işıq” yandırılır. “Zaman”a Azərbaycanda hansı dövlət qurumlarının və şirkətlərin abunə olması əslində Gülən Şəbəkəsinin necə geniş şəbəkələndiyinə dair kiçik bir detaldır. 

Bu gün Gülən mediası açıq şəkildə yalançı “erməni soyqırımı”nı təbliğ edərək, Türkiyə ilə yanaşı Azərbaycana da qarşı olduqlarını ortaya qoyurlar. 24 apreldə Çanaqqala Zəfəri ilə bağlı tədbirlərin keçirilməsi Ərdoğanla Əliyevin bərabər verdikləri qərardır və bu qərar “Zaman” yazarı tərəfindən erməni üslubu ilə ələ salınır.

Azərbaycanda isə Gülən məktəbləri “İstək” adı altında birbaşa Təhsil Nazirliyindəki və daha yüksək yerlərdəki gülənistlərin dəstəyi ilə fəaliyyətini davam etdirməkdədir. “Araz” kursları hər bölgədə ayrı ad altında, ancaq “Güvən” Nəşriyyatının çap etdirdiyi ədəbiyyatla öz işlərini davam etdirir. Gülənin Azərbaycandakı ən böyük beyin mərkəzi olan “Qafqaz” Universiteti hələ də Gülənin xeyir-duası ilə yaradılan “Çağ Öyrətim” ilə SOCAR-ın ortaq qurduğu Beynəlxalq Təhsil Kompleksinin tabeliyində, Gülənin Ənvər Özərəndən sonra ən böyük imamı olan Ahmed Sanıcın rektorluğu, övladına “Gülən” adı qoyan azərbaycanlı prorektorları ilə fəaliyyətini davam etdirir. Yenə Gülənin xeyir-duası ilə yaradılan TUSİAB paralelçi türk diplomatların və Azərbaycandan bir sıra məmurların dəstəyi ilə öz işlərini davam etdirməkdədirlər. Çünki Əliyev və Ərdoğandan fərqli olaraq, dövləti deyil, öz şəxsi mənfəətini düşünən bir sıra məmurlar və diplomatlar Gülənin bu şirkətlərinə “Hər zaman TUSİAB-ın yanındayıq” mesajı verirlər.

Bu səbəbdən də Türkiyədə, ABŞ-da və Avropada ermənipərəstlik edənlər Azərbaycana gəlincə, maskalanırlar. Necə ki, bir müddət öncə ermənipərəst senatorlarla pul yardımı edən fətullahçı vəkil Azərbaycanda təntənə ilə qarşılanmışdı.

Bir məqam da unudulmamalıdır ki, Gülən Türkiyədəki seçkilərdə olduğu kimi Azərbaycanda da ciddi çalışmaqdadır. Payızda olacaq seçki çoxdan ona məruzə edilib və bu yöndə fəaliyyətə çoxdan start verib. Kənan Məmmədov və Həmzə Kərimovun adını ötən yazılarımızda qeyd etmişdik. Sadəcə onlar deyil. Elnur Aslanov da artıq geri döndüyünü bəyan edib və 7-8 aydan sonra sosial şəbəkədəki profilini aktiv edib. Bütün bunlar isə həm də izazdırıcı xarakter daşıyır. Belə ki, diqqət yenidən onlara yönəldiyindən gizli namizədlər axtarmaq kimsənin ağlına gəlməyəcək. Bununla da Gülənin Azərbaycan qvardiyası kripto namizədlərini asanlıqla məclisə keçirə biləcəklər.

Sonda qeyd edək ki, bəzən bir sıra məqamların niyə təkrarlandığına dair suallar ünvanlanır. Doğrudur, fəqət biz hələ də bir sıra qurumların fətullahçılara satılmadığı, lakin bunların şirin dilinə uyaraq, təhlükəyə qarşı reflekslərinin itdiyi inancındayıq. Bir sıra məqamları ona görə, vurğulayırıq ki, kor varsa gözü açılsın, kar varsa qulağı… Çünki təhlükə qarşısında olan Azərbaycandır… Və unudulmamalıdır ki, “Zaman”ın Azərbaycanda qurulma səbəbini Fətullah Gülən belə açıqlamışdı: “Media Azərbaycandakı bütün işlərinizdə sizə böyük dəstək olacaqdır”. Yəni, istər TUSİAB, istər beyin mərkəzləri olan Qafqaz Universiteti, istərsə də, başqa adla açılan şirkətlərinin ən böyük dəstəkçisi “Zaman” olub və olmaqda davam edir. Hətta bir çox qurumlarda dövləti dəstəkləyənlərdən də çox izzətlə qarşılanırlar. Axı onlar pafoslu tərifnamə deməyi və yazmağı gözəl bilirlər. Necə də olsa Gülənin tələbələridir…

Aqil ƏLƏSGƏR