Qərbin hicabla imtahanı… – İslamafobiya Avropanın əsas dərdinə çevrilir
Avropada islamofobiya son illər sistemli tendensiyaya çevrilib və İspaniyadakı bu hadisə Virciniya Martinezin hicaba bənzər geyimlə parlamentə gəlməsi həmin ümumi mənzərənin yalnız bir fraqmentidir.
Avropanın bir çox ölkəsində müsəlmanlara və İslam simvollarına qarşı həm qanunvericilik, həm də siyasi ritorika səviyyəsində təzyiq açıq şəkildə görünür.
Fransada illərdir tam üz örtən niqab və burka ictimai yerlərdə qadağandır; sonrakı dövrlərdə bəzi şəhərlərdə “burkini” (müsəlman qadın çimərlik geyimi) ətrafında müzakirələr və qadağa cəhdləri gündəmə gəlib. Dövlət məktəblərində hicabın və açıq “dini simvolların” qadağası da mübahisəli mövzulardan biridir və bu siyasətlər çox vaxt “dünyəvilik” və “respublika dəyərlərinin qorunması” adı ilə əsaslandırılır.
Belçika və Niderlandda da ictimai yerlərdə tam üz örtən İslam geyimlərinə qadağalar qəbul edilib. Bu ölkələrdə hicabın “təhlükəsizlik”, “identifikasiya çətinliyi” və “ictimai nizam” kimi arqumentlərlə məhdudlaşdırılması, əslində, müsəlman qadınlarn azadlığını hədəfə alan yanaşmalar kimi tənqid edilir.
Avstriyada bir müddət “tam üz örtüyü qadağası” (hicab qadağası) tətbiq edilib, eyni zamanda məktəblərdə kiçik yaşlı qızların hicab taxmasına qarşı qanunlar müzakirə olunub. Eyni istiqamətdə Danimarka da 2018‑ci ildən etibarən hicabı ictimai yerlərdə qadağan edib; bu addım ifrat sağçı və millətçi dairələr tərəfindən alqışlanıb, hüquq müdafiəçiləri tərəfindən isə islamofobiya nümunəsi sayılıb.
Almaniyada federal səviyyədə olmasa da, ayrı-ayrı federal əyalətlərdə dövlət qulluqçularının və müəllimlərin başörtüsü taxmasına məhdudiyyətlər tətbiq edilib. Bundan əlavə, AfD kimi ifrat sağçı partiyalar İslamı “Alman mədəniyyətinə uyğun olmayan din” kimi təqdim edir, məscid tikintilərini, minarələrin ucaldılmasını siyasi mübarizə mövzusuna çevirirlər.
İsveç və Norveçdə də bəzi bələdiyyələr və ya dövlət qurumları təhsil müəssisələrində tam üz örtüyü ilə bağlı məhdudiyyətlər qoyublar. Eyni zamanda, bu ölkələrdə müsəlmanlara qarşı nifrət cinayətləri və məscidlərə hücum halları da zaman-zaman qeydə alınır.
İspaniyada Mursiya Regional Parlamentində “Vox” Partiyasının üzvü Virciniya Martinezin hicaba bənzər geyimlə iclasa gəlməsi məhz bu ümumi fonun davamıdır. “Vox” uzun müddətdir miqrasiya və İslam əleyhinə ritorikanı siyasi xəttinin mərkəzinə çevirib. Martinez ictimai yerlərdə üzü tam örtən İslam geyimlərinin qadağan olunmasını müdafiə edən qanun layihəsinin müzakirəsi zamanı bu geyimlə parlamentə gələrək demək istəyib ki, “əgər bu paltar parlament zalında qəbul olunmursa, küçədə də qəbul edilməməlidir”. Parlament sədri Miryam Fuertes isə onun bu şəkildə tribunadan danışmasına icazə verməyib və geyimi dəyişməyi tələb edib. Bu qarşıdurma göstərir ki, müzakirə obyektiv təhlükəsizlik məsələsindən daha çox, İslam simvollarının siyasi simvola çevrilməsi ətrafında gedir.
Qısacası, Avropa miqyasında islamofobiyanı həm qanunlarla hicab məhdudiyyəti, ictimai rituallara və məscid infrastrukturuna yönəlik maneələrlə – həm də populist siyasətçilərin sərt islamofob ritorikası vasitəsilə izləmək mümkündür. İspaniyada Virciniya Martinezin performativ aksiyası da bu daha geniş islamofob siyasi mühitin bir fraqmenti kimi dəyərləndirilməlidir. Yəni bütün dünyaya dözümlülüyü təbliğ edən Qərb öz daxilində dözümsüzlük nümayiş etdirir. Həm də daha çox qadınlara qarşı…
Amir Aqiloğlu












