Süni intellekt havasıyla uçan MAHNILAR: “Oğurluq”, qorxulu aləm...
“Süni intellektlə yaranan musiqiyə oğurluq məhsul kimi baxıram. Bir düyməni basmaqla nə isə yaranır. Burada ürək yoxdur, ürək yoxdursa, demək ki, musiqi də yoxdur”.
Bu sözləri tanınmış bəstəkar İmruzə Hüseynova Yenicag.az-a açıqlamasında deyib.
Bəstəkar süni intellektlə ərsəyə gələn mahnılarla bağlı fikirlərini bölüşüb:
“Süni intellekt sanki sehrli bir aləmdir, eyni zamanda qorxulu da bir aləmdir. Bəzi məqamlarda insana xeyri də dəyir. Məsələn, bir çox insanlar istifadə edir və işlərinə də yarayır. Hər hansı istəyini yerinə yetirir, amma maraqlı olduğu qədər də qorxuludur. Ona görə ki, bir azdan bütün dünyanı süni intellekt idarə edəcək. Nələr ola bilər? Bunu düşünəndə insanı vahimə basır. İllərini sərf edib oxuyursan, savad alırsan və bir gün sənə ehtiyac qalmır. İş o yerə gəlib çatacaq ki, insanlara, insanlığa ehtiyac qalmayacaq. Neyləyəcəksən? İnsan özünü lazımsız əşya kimi hiss edəcək. İstədiyin hər şeyi sənə versə də, intellekti verə bilməyəcək. Çünki adı üstündə – süni intellektdir. Musiqiyə gəlincə, süni intellektlə yaranan musiqiyə “oğurluq” məhsul kimi baxıram. Bir düyməni basmaqla nə isə yaranır. Burada ürək yoxdur. Ürək yoxdursa, demək ki, musiqi də yoxdur. İnanmıram ki, kimsə süni intellektlə mahnı yazıb özünü bəstəkar adlandırsın”.
Cəvahir