Putin-Zelenski görüşü ilə bağlı MÜDHİŞ DETAL – Tramp Nobel üçün son kartını OYNAYIR
“Görüşün keçirilməsi müharibənin dərhal dayandırılması və atəşkəsin əldə olunması demək deyil”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O, Ukrayna və Rusiya liderləri arasında görüş ehtimalının mümkün nəticələrindən danışıb.
Politoloq bildirib ki, Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün əsas məqsəd Rusiya və Ukrayna liderlərinin görüşünün təşkil olunması kimi görünür.
“ABŞ Prezidenti Donald Tramp da buna çalışır. Çünki Alyaskada Rusiya lideri ilə görüşündən sonra ABŞ prezidenti həm Ukrayna, həm də Avropa liderləri ilə danışıqlar apardı. Həmin görüşlər zamanı belə bir fikir formalaşdı ki, Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna Prezidenti Volodimir Zelenskinin bir masa arxasında görüşünün təşkili ən münasib variant ola bilər. Çünki nə Zelenski ilə ayrıca görüş, nə də Putinlə təkbətək danışıqlar müharibəni dayandırmağa imkan vermir və proses uzanır. Trampın iştirakı ilə Rusiya və Ukrayna liderlərinin birgə masa arxasına əyləşməsi daha səmərəli görünür”.
Onun sözlərinə görə, Ukrayna prezidenti bu görüşə hazır olduğunu ifadə etsə də, Rusiya prezidenti bundan yayınır, müxtəlif bəyanatlar səsləndirir:
“Bu səbəbdən də sülhün əldə olunması mümkün olmur. Elə görünür ki, Rusiya müharibənin müddətinin uzanmasına və ABŞ tərəfindən Ukraynaya dəstəyin zəifləməsinə ümid edir. Burada Putin ilə Tramp arasında dostluq münasibətlərinin qurulması vurğulansa da hazırkı şərait dəyişkəndir Artıq əvvəlki dövrlərdəki kimi Rusiya-ABŞ münasibətləri müşahidə olunmur”.
Müsahibimiz əmindir ki, Alyaskada Putinin çox mehriban qarşılanması da diqqətdən yayınmır:
“Belə görünür ki, üçtərəfli görüş keçirilməzsə, müharibə daha da uzanacaq. Eyni zamanda görüşün keçirilməsi də müharibənin dərhal dayandırılması və atəşkəsin əldə olunması demək deyil. Çünki dövlətlərin mövqeləri bir-birinə tamamilə ziddir və bu vəziyyət vasitəçinin işini daha da çətinləşdirir”.
“Trampın əsas niyyəti müharibəni dayandırmaq və Nobel Sülh Mükafatı qazanmaqdır. Lakin o, əsl məqsədinin mükafat yox, sülh olduğunu bildirir. Müharibənin dayandırılması şübhəsiz ki, dünya iqtisadiyyatına və siyasi nizamına müsbət təsir göstərəcək. Lakin bunun üçün dövlətlərin sülh istiqamətində ciddi iradə nümayiş etdirmələri vacibdir”, – deyə o, fikirlərini tamamlayıb.
Nəsimi Ələsgərli