İranda bəluc TERRORİZMİ – Tehran sünnilərlə MASAYA OTURACAQ?
“İran “Ceyş əl-Ədl” qruplaşması ilə danışıqlar masasına otura bilər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
Politoloq İranda özlərini “Ceyş əl-Ədl” adlandıran sünni bəluc terror qruplaşmasının son günlər törətdiyi terror hadisələrini şərh edib.
Onun sözlərinə görə, İranın Bəlucistan bölgəsində daima hökumətə qarşı terror və hərbi müdaxilə cəhdləri olub:
“Göründüyü kimi, son dövrlər bu ərazidə silahlı qruplaşma daha da aktivləşib. Polis məntəqələrinə, hərbi bazalara mütəmadi olaraq terrorlar həyata keçirirlər və bu proses davam etməkdədir. İsrailin İrana qarşı son müharibəsində İranın təhlükəsizlik orqanlarının nə qədər zəif olduğunu üzə çıxardı. İran dövləti hər nə qədər Bəlucistanda “Ceyş əl-Ədl” qruplaşmasına qarşı əməliyyatlar həyata keçirsə də, onların Pakistan və Əfqanıstan ərazisində müəyyən hərbi düşərgələri var, mütəmadi olaraq İrana qarşı əməliyyatlar həyata keçirilirlər. Burada İsrailin də bu silahlı qruplaşmaya dəstək verməsi də istisna deyil”.
M. Əsədullazadə qeyd edib ki, bu qruplaşmaya İsrailin də dəstək vermək ehtimalı az deyil:
“Daxildən, İranın təhlükəsizlik orqanlarına qarşı terror hücumları, digər tərəfdən isə Mossadın SEPAH-ın daxilinə nüfuz etməsi görünməkdədir. İran təhlükəsizlik orqanları çox ciddi şəkildə zəifləyib. Hələ də İran dövləti öz təhlükəsizlik orqanlarını idarə etməkdə çətinlik çəkir”.
Politoloq İranın təhlükəsizlik qüvvələrinin “Ceyş əl-Ədl” qruplaşması ilə danışıqlara girmə ehtimalının mümkün olduğunu diqqətə çatdırıb:
“Məhz Bəlucistanda da bu kimi silahlı qruplaşmaların ortaya çıxması təhlükəsizlik orqanları arasında bu silahlı qruplaşmaları ilə əməkdaşlıq edilməsinə ehtiyac olması da istisna deyil. Onlar bəlucların müstəqilliyi uğrunda mübarizə apardıqlarını iddia edirlər, amma təbii ki, bu da İrana qarşı bir proksi qüvvədir ki, onlara qarşı geniş şəkildə istifadə edilməkdədir”.
Nurlan Cəfəri