Abbas Əraqçinin Davosda çıxışı ləğv edildi
Hər il İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun rəhbərliyi İranın xarici işlər naziri Abbas Əraqçinin çıxışını ləğv edib.
Bu barədə Yenicag.az TASS-a istinadən məlumat verir.
Məlumata görə, forumun rəsmi proqramına əsasən, Abbas Əraqçinin çıxışı yanvarın 20-də günortadan sonraya planlaşdırılmışdı. Yanvarın 18-də onun adı hələ də spikerlər siyahısında idi, lakin yanvarın 19-da səhər artıq onun adını saytda tapmaq mümkün olmayıb.
Forum təşkilatçıları İsveçrənin “20 Minuten” qəzetinə təsdiqləyiblər ki, İran xarici işlər naziri Davosa getməyəcək. Onlar bildiriblər ki, Əraqçi 2025-ci ilin payızında tədbirə dəvət olunub, lakin İranda etirazların qurbanları ilə əlaqədar olaraq İran hökumətinin bu il Davosda təmsil olunması məqsədəuyğun hesab edilməyib. “20 Minuten”in iddia etdiyi kimi, Abbas Əraqçının planlaşdırılan çıxışı ilə bağlı xəbər sosial şəbəkələrdə tənqid atəşinə səbəb olub.
Qeyd edək ki, 29 dekabr 2025-ci ildə İran rialının məzənnəsinin kəskin düşməsi səbəbindən Tehranda tacirlərin etiraz aksiyaları başlayıb. 30 dekabrda iğtişaşlara tələbələr də qoşulublar. İğtişaşlar əksər böyük şəhərlərə yayılıb. Yanvarın 2-də küçələrdə naməlum silahlı şəxslərin qrupları peyda olub və iğtişaşçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşmalar artıb.
İğtişaşlar 8 yanvar axşamı pik həddə çatıb, iğtişaşlarda bir uşaq da daxil olmaqla, ən azı 12 dinc sakin həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə orqanı əməkdaşının öldüyünü bildirib. Tehran meri Əlirza Zəkani iğtişaşçıların paytaxtda 25 məscidi yandırdığını, 26 banka, 3 tibb mərkəzinə, 10 dövlət müəssisəsinə, 48 yanğınsöndürmə maşınına, 42 avtobus və təcili yardım maşınına, eləcə də 24 mənzilə zərər verdiyini bildirib. İran hakimiyyəti iğtişaşçıları terrorçu adlandırıb və iğtişaşların təşkilinə görə məsuliyyəti İsrail və ABŞ-nin üzərinə qoyub./Oxu/












