“Abituriyentin imtahanla bağlı həyəcanı, gərginliyi, varsa, öncədən seanslar qəbul etməli və psixoloji cəhətdən imtahana hazır olmalıdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında qəbul imtahanları ərəfəsində abituriyentlərin psixoloji hazırlığı və valideynlərin diqqət etməli olduğu vacib məqamlardan danışan Psixoloq Zeynəb Eyyubova deyib.
Onun sözlərinə görə, abituriyentin İQ səviyyəsinin, həyəcanının olub-olmaması, özgüvəni mütləq qaydada yoxlanılmalıdır.
“Bu dövrdə valideynlərə əsas məsləhətim odur ki, övladlarını ali təhsil müəssisəsinə qəbul olunmaq üçün hazırlığa göndərdikləri kimi, onları mütləq şəkildə psixoloqa apararaq, diaqnostikaları keçirilməlidir. Yəni abituriyentin İQ səviyyəsinin, həyəcanının olub-olmaması, özgüvəni mütləq qaydada yoxlanılmalıdır. Bundan sonra onun yaddaşının necə olduğu da yoxlanmalıdır. Bundan əlavə, imtahanlardan öncə keçirilən sınaq imtahanlarında olan nəticələr və orada abituriyentin özünü necə göstərməsinə baxmaq lazımdır. Abituriyentin imtahanla bağlı həyəcanı, gərginliyi varsa, öncədən seanslar qəbul etməli və psixoloji cəhətdən imtahana hazır olmalıdır. Ən əsası isə valideyn övladına “hər bir halda, sənin valideyninəm və sənin nəticəndən asılı olmayaraq, mən sənin arxandayam” kimi ifadələr işlətməlidir”, – deyə o bildirib.
Psixoloq əlavə edib ki, abituriyentlər isə bir il müddətində özü-özünə motivasiya verərək, sistemli şəkildə yeməli və yatmalıdır:
“Bəzən biz abituriyentin bir hazırlıqdan çıxaraq, digərinə gedəndə qida qəbuluna diqqət etmədiklərini də müşahidə edə bilirik. Ona görə də abituriyentin də istər-istəməz qavrama, dərketmə dərs oxuma cəhətdən keyfiyyəti azalır. Onların üzərinə düşən əsas məsələ yeməyi, yatmağı və vaxtlı-vaxtında, müntəzəm intizamlı şəkildə dərs oxumalarıdır. Əgər abituriyent də öz-özünü psixolooji cəhətdən hazırlaya bilsə, o zaman hər hansı nəticə əldə edə biləcək. Yəni onlar omür boyu xeyri üçün 2 illik əziyyət çəkməli olduğunu başa düşməlidir. Bu iki illik əziyyət bir ömür boyu mükafat üçündür”.
İsmayıl Bakuvi