ABŞ Azərbaycana 500 min dollar ayırdı

ABŞ bölgədə sülhün və əməkdaşlığın inkişafı məqsədilə 2020-ci ilin payızında Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında yer alan intensiv atışma nəticəsində zərər çəkən ərazilərdə humanitar minatəmizləmə əməliyyatlarının həyata keçirilməsi üçün 500 000 ABŞ dolları məbləğində yardım ayırıb.

Bu barədə Yenicag.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

“Münaqişə zonasında mövcud olan mina və partlamamış sursatlar mülki əhali arasında ölüm və yaralanma hallarına səbəb olur, iqtisadi inkişafın qabağını alır və məcburi köçkünlərin qayıtmasına maneə törədir.

ABŞ-ın maliyyə yardımı təhlükə mənbəyi olan mina və partlamamış sursatların zərərsizləşdirilməsi ilə məşğul olan təşkilatların texniki bacarıqlarının inkişafına təkan verəcək. Bu səylər insanların təhlükəsizliyinin təminatı və məcburi köçkünlərin öz torpaqlarına qayıdaraq yeni həyat qurması üçün vacib rol oynayır.

Birləşmiş Ştatlar dünyada adi silahların məhv edilməsi sahəsində ən çox maliyyə ayıran dövlətdir. ABŞ 1993-cü ildən bəri beynəlxalq sülhün və təhlükəsizliyin inkişafı üçün 100-dən çox dövlətə 4 milyard ABŞ dollarından artıq vəsait ayırıb. Bu vəsait mina və partlamamış sursatların mülki əhaliyə yaratdıqları təhlükələrin ünvanlanması üçün istifadə olunub”, – diplomatik nümayəndəlikdən bildirilib.

Qeyd edək ki, ABŞ dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olson Azərbaycanda səfərdədir.