“Bu görüş məhz Amerika Birləşmiş Ştatları dövlət katibinin dəvəti təşkil olunmuşdur. Yəni həm Azərbaycan, həm də Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda bu cür mötəbər bir tədbirə qatılması müsbət bir haldır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.
O, NATO-nun 75 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin baş tutan görüşündən söz açıb.
Onun sözlərinə görə, NATO-nun 75 illiyinə həsr olunmuş sammitdən istifadə edərək, Azərbaycan və Ermənistan arasında yaxınlaşmanın, yaxud sülh müqaviləsinin imzalanması məsələsinin sürətləndirilməsi müzakirə olunub:
“Bu da bizim uzun zamandan bəri dediyimiz o məsələyə xidmət edir ki, Amerika Birləşmiş Ştatları həqiqətən Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin noyabr ayında keçiriləcək prezident seçkilərinə qədər imzalanmasına cəhd edir. ABŞ erməni seçicilərinin qarşısına sülh müqaviləsinin imzalanması şəraitində getmək istəyir. Hesab edirəm ki, bu danışıqlar mövqelərin yaxınlaşması istiqamətində müəyyən addımdır. Amma bu o demək deyil ki, məhz sülh müqaviləsi noyabr ayına qədər imzalanacaq. Ona görə ki Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün Ermənistandan tələb etdiyi məsələlər var. Daha doğrusu, Ermənistanın konstitusiyasında hələ də Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları mövcuddur. Azərbaycan tərəfinin verdiyi bəyanatlara görə, xüsusən də Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları aradan qaldırılmayana qədər sülh müqaviləsinin imzalanması məsələsi çətindir və bu, mümkün olmayacaq”.
Politoloq düşünür ki, yüksək səviyyədə keçirilən görüşlər sülh müqaviləsi və yaxud da ki, Ermənistan Azərbaycan arasında olan bu və digər problemin həll olunmasına yardım edə bilər:
“Amma ümumilikdə sülh müqaviləsinin imzalanmasından danışmaq hələ tezdir. Ona görə ki Ermənistan bu məsələdə qeyri-konstruktiv addımlar atır və xüsusən də Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkmir. O cümlədən, Naxçıvana açılacaq kommunikasiyalar istiqamətində tədbir görmür. Yəni bu məsələlər həll olunmayana kimi, sülh müqaviləsi imzalanmayacaq”.
Ə. İbrahimovun fikrimcə, Ermənistanda qısa müddətdə sülh müqaviləsinin imzalanmasına cəhd etmir:
“Ona görə də hər keçən gün və zaman Ermənistanın əleyhinə işləyir. Belə olan təqdirdə, münasibətlərin inkişaf etdirilməsi mümkün deyil. Bu münasibətlər inkişaf etməsə, Ermənistanın təhlükəsizliyinə, o cümlədən iqtisadi, hərbi baxımdan və digər sahələrin təhlükəsinə təminat verən dövlət olmayacaq. Çünki Amerika Birləşmiş Ştatları və Avropa İttifaqının İrəvanla ticarətinə baxmayaraq, onlar tam şəkildə Ermənistanın sadaladığım sahələr üzrə təhlükəsizliyi təmin etmək iqtidarına malik deyillər. O vaxta qədər ki, Azərbaycan və Türkiyə buna razı olsun. Məhz buna görə də Amerika Birləşmiş Ştatları son variant kimi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını təkid edir”.
Rafi Müslümov
www.yenicag.az