Avropada “spirtsiz cin” qadağan edildi
Avropa İttifaqı Məhkəməsi, tərkibində spirt olmayan məhsulların “cin” adı altında birlik ərazisində satışını qadağan edib.
Yenicag.az xəbər verir ki, bu barədə Avropa İttifaqının ali məhkəmə instansiyasının mətbuat xidməti məlumat yayıb.
Almaniyanın istehsalçıların qanunsuz praktikalarına qarşı mübarizə aparan Sosial Rəqabət Assosiasiyası “spirtsiz cin” satan “PB Vi Goods” şirkətinə qarşı məhkəməyə müraciət etmişdi. Assosiasiya bildirirdi ki, Avropa İttifaqının qanunlarına görə cin yalnız etil spirtinin əsasında, ardıc giləmeyvələri əlavə olunmaqla istehsal edilə bilər və içkidə spirtin miqdarı ən azı 37,5% olmalıdır. Almaniyalı hakimlər işi Avropa İttifaqı Məhkəməsinə yönləndirmişdilər.
Məhkəmənin qərarında qeyd olunur:
“Avropa İttifaqı hüququnda belə içkilərin “spirtsiz cin” adı ilə təşviqi və markalanmasına açıq qadağa mövcuddur, çünki bu içki spirt ehtiva etmir. Hüquqi cəhətdən tanınmış “cin” adının “spirtsiz” termini ilə müşayiət olunması bu baxımdan heç bir əhəmiyyət daşımır”.
Bununla yanaşı, məhkəmə əlavə edib ki, “PB Vi Goods” öz içkisini sata bilər, lakin yalnız başqa ad altında.
“Politico” nəşri yazıb ki, bu qərar sağlam həyat tərzini seçən istehlakçılara yönəlmiş istehsalçıların artan seqmenti üçün “uzaqgörən nəticələr” doğura bilər. Avropa İttifaqı Məhkəməsi vaxtaşırı bu kimi qərarlar qəbul edir. 2017-ci ildə o, yalnız bitki mənşəli zülallardan hazırlanmış məhsulların “süd məhsulu” kimi markalanmasını qadağan etmişdi.












