Partiya sədrindən ETİRAZ: "Maaş 50 manat, qiymətlər isə 100 faiz qalxır"

media-hightechnic-468x90

“İndi maaş 50 manat, qiymətlər isə 100 faiz qalxır. Buna nəzarət edən yoxdur. Nə etmək olar, millətimizin taleyi belədir…”.

Bunu Yenicag.az-a açıqlamasında 2026-2027 illər üçün Azərbaycanda inflyasiyanın azalması barədə proqnozlara münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədri bildirib ki, yerli bazardakı maxinasiyaları aradan qaldırmaq üçün ciddi mexanizm lazımdır:

“Bu gün sözügedən sahəyə cavabdeh olan şəxslərə inanmıram. Onlar təcrübəsiz insanlardır. İndiyə qədər sözdən, vəddən başqa heç bir real iş görməyiblər. Ona görə də vəziyyət günü-gündən ağırlaşır, qiymətlər qalxır. Hazırda insanların aldığı əməkhaqqı ilə qiymətlər arasında tərs mütənasiblik yaranıb. Bunun qarşısını almaq üçün istehsal mütləqdir. Hazırda biz hər şeydə xaricdən asılı vəziyyətdəyik.

Xaricdən ət gətiriblər, amma yeyən yoxdur. Özünə hörmət edən insanlar belə məhsullardan uzaq durur. Yazıq insanlar məcbur qalıb alırlar. Həmçinin xaricdə itə atılan toyuq ətini bizə 50 qəpik ucuza satmaq istəyirlər. Halbuki həmin məhsullar özümüzdə istehsal olunsa, daha yaxşı olmazdımı?”

“Məsələn, bu il kartof istehsalı normal olub. Amma yenə də kimlərsə pul qazanmaq məqsədilə xaricdən mala, qoyuna, donuza verilən keyfiyyətsiz kartofu gətirib bazara çıxarır, yerli bazarı öldürür. Belə özbaşınalıqlara son qoymaq üçün ciddi mexanizm lazımdır”, – H. Hacıyev əlavə edib.

“Mənim nazir kimi rəhbərlik etdiyim dövrdə 55 ton qara kürü dünya bazarına çıxarılmışdı. Dövlət milyardlarla gəlir əldə etmişdi. Hətta Ulu Öndər Heydər Əliyev Milli Məclisdə bu məsələni qaldırmışdı. Demişdi ki, nəyə görə Hafiz Hacıyevin vaxtında 55 ton, indi isə 3-4 ton məhsul istehsal olunur?” – deyən partiya sədri davam edib:

“Biz Türkiyəyə 640 ton asetrin balığı satmışdıq. Dövlətə böyük gəlir gəlmişdi. Bakıda 6 ədəd xüsusi ixtisaslaşdırılmış balıq mağazası açmışdıq. Orada 100 qramdan artıq kürü satmağa icazə vermirdim. Çünki bəzi alverçilər gəlib 10 kiloqram alıb bazara çıxarırdı. Mən nazir kimi göstəriş vermişdim ki, bir nəfərə 100 qramdan artıq kürü, 2 kilodan artıq nərə balığı satmaq olmaz.

Azərbaycanı balıqçılıq sahəsi ilə belə saxlamaq olardı. Hətta dövlət büdcəsinin 50 faizinə qədərini bu sahədən əldə etmək mümkün idi. Amma indi bu sahə bir neçə şəxsin monopoliyasına keçib. Biz bunları deməklə inkişaf istəyirik, çünki hamımız bu ölkənin vətəndaşıyıq. Bizi bəzən tənqid edirlər ki, “o vaxt elə idi, belə idi”. Amma o dövrdə qiymətlər bu qədər qalxmırdı. İndi maaş 50 manat, qiymətlər isə 100 faiz qalxır. Buna nəzarət edən yoxdur. Nə etmək olar, millətimizin taleyi belədir…”

Xatırladaq ki, “S&P Global Ratings”in yeni proqnozuna əsasən, 2026-2027-ci illərdə Azərbaycanda inflyasiyanın azalacağı gözlənilir .

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa