Onlayn media subyektlərinə dəstək artırılır: "MEDİA yaradıldığı gündən mətbuatda çox şey dəyişib"
“Həmin məbləğin 5000 manata qaldırılması həm də onlayn media subyektlərinin bu illər ərzində dövlətin onlardan gözləntilərini doğrultduğunun göstəricisidir”.
Bunu Yenicag.az-a açıqlamasında Bu sözləri Azərbaycan Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyasının sədri Hacıbəy Heydərli deyib.
O, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) onlayn media subyektləri ilə bağlı müsabiqə üçün gətirdiyi yeniliklər barədə fikirlərini səsləndirib.
Media eksperti bildirib ki, MEDİA yaradıldığı 2021-ci ildən bu günə qədər Azərbaycan mediasında çox ciddi dəyişikliklər baş verib:
“Azərbaycan mediası yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Bu dövrə baxdıqda görürük ki, medianın inkişafı təkcə onlayn media subyektlərinin deyil, həm də fərdi jurnalistlərin inkişafında mühüm rol oynayıb. Buna misal olaraq, fərdi jurnalist müsabiqələrini, eləcə də xaricdən təlimçilərin dəvət olunmasını, yeni media trendləri, süni intellekt və texnologiya mövzularında keçirilən təlimləri göstərmək olar. Bu, çox mütərəqqi bir addımdır.
Son illərdə medianın inkişafı faktoru həm Azərbaycan cəmiyyətinin, həm də Azərbaycan jurnalistlərinin bu sahəyə olan münasibətini formalaşdırmağı bacarıb. Bu müsabiqələrin nəticəsi olaraq biz bu gün Azərbaycan mətbuatında saflaşmanın və yeni mərhələnin şahidi oluruq.
“Görürük ki, Azərbaycan mediası son illər xeyli şəkildə kənar müdaxilələrdən, qeyri-etik postlardan və qeyri-peşəkar yanaşmadan uzaq qalıb, özü-özünü maliyyələşdirir və fəaliyyətini sağlam şəkildə qurur”, – deyən H. Heydərli belə davam edib:
MEDİA tərəfindən onlayn media subyektlərinə maddi yardımın artırılması çox mütərəqqi bir addımdır. Bundan əvvəl media subyektlərinə 3000 manat məbləğində maliyyə yardımı göstərilirdi və artıq həmin məbləğin 5000 manata qaldırılması həm də onlayn media subyektlərinin bu illər ərzində dövlətin onlardan gözləntilərini doğrultduğunun göstəricisidir.
Çox sevindirici haldır ki, onlayn media subyektlərinə artırılan bu maliyyə yardımında həm də fərdi jurnalistlərin maaşlarının artırılması, ən azı dörd nəfərə 800 manat məbləğində maaşın verilməsinin şərt kimi qəbul edilməsi çox mühüm və təqdirəlayiq bir addımdır.
Çünki faktdır ki, Azərbaycanda jurnalistlər yüksək maaş alan təbəqə hesab edilmir. Belə olan halda artıq minimum əmək haqqı kimi 800 manatın müəyyən edilməsi mediamızın daha da peşəkarlaşmasına, jurnalistlərimizin özlərini daha yaxşı realizə etmələrinə, həmçinin jurnalistikanın ənənəvi sahələri olan araşdırmalar, reportajlar və digər janrların yenidən canlanmasına gətirib çıxara bilər.
Dəyişikliklərlə bağlı gözləntilərin müsbət olduğunu bildirən ekspert: “Növbəti müsabiqənin qaliblərini gördükdən sonra yeni mərhələnin şahidi olacağıq. Həm də mediamızdan tələb olunan süni intellekt və müasir texnologiyalardan istifadədir ki, Azərbaycan mediası bu istiqamətdə fəaliyyətini quracaq.
Növbəti mərhələlərdə biz mediamızın dünya ölkələrinin təcrübəsində olduğu kimi informasiya texnologiyaları sahəsində fəaliyyətinin şahidi olacağıq. Media Agentliyinin qərarı yerində verilmiş qərardır və ümumilikdə Azərbaycan mediasının inkişafına töhfə verəcək”,- deyə bildirib.
Nəsimi Ələsgərli












