ABŞ-ın "İran gəmiləri" oyunu: Razılaşma ərəfəsində yeni tələb planı?
“ABŞ razılaşma ərəfəsində İran gəmilərini daha böyük tələblər irəli sürmək üçün vurmuş ola bilər”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib.
Politoloq ABŞ silahlı qüvvələrinin ərazidə mina yerləşdirmək istəyən İran gəmilərini vurmasını şərh edərək, hadisənin səbəblərini izah edib:
“ABŞ rəsmilərinin məlumatına görə, atəş açılan ərazidə mina quraşdırmaq istəyirdilər və ABŞ həmin gəmiləri məhv etdiyini qeyd edib. Sözsüz ki, hazırda tərəflər arasında çox kəskin informasiya müharibəsinin getdiyini nəzərə almalıyıq. Məlumdur ki, Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında razılaşma mərhələsinə çatılmaqdadır. Tərəflər qarşılıqlı şəkildə təkliflər mübadiləsi həyata keçiriblər. Son vəziyyət odur ki, Hörmüz boğazının gələcək fəaliyyəti ilə bağlı tərəflər arasında mövqe yaxınlaşması mövcuddur. Belə bir mərhələdə bu insidentin yaşanması bir neçə versiyanı ortaya qoyur. Ola bilər ki, tərəflər arasında razılaşmanın əldə olunmasını istəməyən dairələr mövcuddur və onlar belə bir hadisəyə rəvac verə bilərlər. Həm İran, həm də ABŞ-ın razılıq əldə etməyə çalışdığı bir vaxtda belə hərbi münaqişənin yaşanması məntiqə ziddir. Digər ssenari isə odur ki, ABŞ hazırkı razılaşma prosesi fonunda öz mövqelərini gücləndirərək, qarşı tərəfə daha çox tələb irəli sürməyə nail olmağa çalışır. Bu variant da nəzərdən keçirilə bilər”.
E.Mirbəşiroğlu ümumilikdə bu hadisənin eskalasiya anlamına gəlmədiyini düşünür:
“Düşünürəm ki, bu, hələlik eskalasiyanın yenidən başlaması demək deyil. ABŞ rəsmiləri etiraf edib ki, İran raket arsenalının 80%-ni qoruyub saxlaya bilib. Müvafiq olaraq, raket qurğuları da sıradan çıxarılmadan saxlanılıb. Əgər boğazdan kənarda hər hansı qarşıdurma baş verərsə, regionda vəziyyət idarəolunmaz hala gələcək. Digər tərəfdən, ABŞ-da qarşıdan gələn seçkilərdə Tramp hərbi əməliyyatlara başlayarsa, mütləq şəkildə bunu arzuladığı formada nəticələndirməlidir, əks halda, respublikaçıları çox ciddi məğlubiyyət gözləyir. Belə bir şəraitdə geniş silahlı qarşıdurmanın baş verəcəyini düşünmürəm. Təbii ki, ən azı tam razılaşma əldə olunana qədər lokal hərbi insidentlər gözləniləndir”.
Nurlan Cəfəri













