“ABŞ prezidenti Donald Tramp seçkiöncəsi kampaniyasında Rusiya-Ukrayna müharibəsini qısa müddətdə, hətta bir gün ərzində bitirəcəyini bəyan etmişdi. Sonradan bu müddəti altı aya qədər uzatdı. Lakin hakimiyyətə gəldikdən sonra məsələyə daha dərindən yanaşdı və gördü ki, bu, elə də asan həll olunan problem deyil”.
Bunu Yenicag.az-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Millət vəkili ABŞ-nin cari ilin sonunda Ukraynada prezident seçkilərinin keçirilməsi ilə bağlı səsləndirdiyi təkliflərə, habelə rəsmi Vaşinqtonla Kiyev arasında müharibənin sülh yolu ilə həll edilməsi istiqamətində atılması gözlənilən addımlara toxunub.
Onun sözlərinə görə, tərəflər kompromisə getməyə hazır görünmür:
“Rusiya artıq geniş əraziləri nəzarətə götürüb və geri addım atmaq niyyətində deyil. Ukrayna isə adekvat şəkildə heç bir güzəştə razı olmadığını bildirir. Bu səbəbdən, yaxın müddətdə sülh sazişinin imzalanması, atəşkəsin elan edilməsi və ya hər hansı çərçivə sənədinin qəbul olunması elə də asan görünmür. Tramp bu münaqişənin həlli üçün xüsusi elçi təyin edib və onun vasitəsilə məsələni həll etməkdə israrlıdır. Xarici siyasətdə əsas hədəflərindən biri məhz müharibəyə son qoymaqdır”.
“Artıq məlumdur ki, xüsusi elçi pərdəarxası danışıqlara başlayıb. Hesab edilir ki, ölkə liderləri səviyyəsində olmasa da, daha aşağı səviyyələrdə səlahiyyətli nümayəndələr müzakirələr aparır və eyni zamanda, prezidentlərin görüşünə hazırlıq görürlər. Çünki həm Donald Tramp, həm də Vladimir Putin görüşməyə hazır olduqlarını bəyan ediblər. Zelenski də bu məsələdə açıq şəkildə imtina etməyib. Əgər Tramp görüş təklif edərsə, Zelenskinin də buna razılıq verməsi mümkündür”, – deyə o, əlavə edib.
V. İskəndərov hesab edir ki, burada əsas məqam Trampın irəli sürdüyü şərtlərdir:
“O, hesab edir ki, atəşkəs əldə olunarsa, Ukraynada prezident seçkiləri keçirilməlidir. Hazırda Rusiya prezidenti Putin Zelenskini legitim lider kimi tanımır və məhz yeni seçilmiş prezidentlə danışıqlar aparmaq istəyir. Tramp da xüsusi nümayəndəsi vasitəsilə bu fikri dilə gətirib. Yəni atəşkəs elan olunduqdan sonra Ukraynada yeni seçkilər keçirilməli, bundan sonra isə Putin legitim prezidentlə müzakirələrə başlamalıdır. Lakin Zelenskinin bu şərtləri qəbul edib-etməyəcəyi hələlik bəlli deyil”.
“Mövcud vəziyyəti nəzərə alsaq, Tramp üçün əsas çətinlik Zelenskini razı salmaqdır. Bununla belə, o, siyasi manevr imkanları geniş olan unikal fiqurdur. Hər iki tərəfə təzyiq göstərə və onları razılaşdırmağa çalışa bilər. Tramp Zelenskinin zəif nöqtələrini yaxşı bilir və ona təzyiq edəcək rıçaqlara malikdir. Atəşkəs dövründə seçkilərin keçirilməsi ehtimalı var, lakin hələlik bununla bağlı konkret qərar yoxdur. Bu barədə Zelenskinin öz mövqeyi açıq şəkildə bəlli deyil. Ancaq ehtimal edilir ki, Trampın xüsusi nümayəndəsi bu istiqamətdə də danışıqlar apara bilər”, – deyə o, fikirlərini tamamlayıb.
Rafi Müslümov
www.yenicag.az