Ağ Evdən "NÜVƏ" həmləsi: Trampın blöfü, yoxsa real SAVAŞ ANONSU?
ABŞ və İran arasında uzun müddətdir davam edən siyasi gərginlik yeni mərhələyə qədəm qoyur. Xüsusilə Ağ Ev rəhbəri Donald Trampın Tehranı hədəf alan sərt bəyanatları regionda hərbi qarşıdurma riskini yenidən gündəmə gətirib. Son günlər ABŞ liderinin İranı müharibə ilə təhdid edən açıqlamaları həm beynəlxalq analitiklər, həm də cəmiyyət arasında ciddi suallar doğurub.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən politoloq Kazım Kazımov bildirib ki, Vaşinqton və Tehran arasındakı gərginlik hələ də aktuallığını qoruyur:
“Həm Tramp, həm də Tehran rəhbərliyi danışıqlar prosesində zaman-zaman maksimalist fikirlər səsləndirirlər. Xüsusilə Trampın son günlərdə daha sərt mövqedən çıxış etdiyinin şahidi oluruq. Burada əsas məqam ondan ibarətdir ki, diplomatiya kəskin ritorika ilə başlayanda, bu, qarşı tərəfdən daha çox güzəşt gözlənildiyinə işarə edir. Tramp çalışır ki, sərt ifadələrlə İranı daha çox geri addım atmağa məcbur etsin. Tehran da bunu anlayır və onların da kifayət qədər maksimalist yanaşmalarının olduğunu görürük.
Aydındır ki, hər iki tərəfin irəli sürdüyü bütün şərtlər reallaşmayacaq. Buna baxmayaraq, İranın ‘qırmızı xətt’ olaraq gördüyü və Trampın vaxtaşırı dilə gətirdiyi nüvə məsələsinin gündəmə gəlməsi göstərdi ki, bu, sadəcə blöf deyil. ABŞ, böyük ehtimalla, nüvə məsələsində qətiyyən güzəştə getməyəcək”.
Politoloq müharibənin yenidən alovlanma ehtimalı barədə isə bunları deyib:
“Qarşıdurmanın yenidən başlayıb-başlamayacağı barədə dəqiq proqnoz vermək çətindir. Şəxsən mən böyük bir müharibənin olacağını gözləmirəm. Ola bilsin ki, ‘nöqtə atışları’ formatında kiçikmiqyaslı toqquşmalar baş versin. Çünki genişmiqyaslı yeni bir müharibə hər iki tərəfi, eləcə də beynəlxalq aləmi ciddi narahat edir. Açığı, tərəflər özləri də sonu görünməyən müharibədən qaçmağa çalışırlar. Danışıqlar prosesi zaman-zaman kəsilsə də, yenidən bərpa olunur. Hər bir halda, silahlardansa masada danışmaq daha səmərəlidir. Hesab edirəm ki, Vaşinqton və Tehran gələcəkdə maksimalist ritorikanı kənara qoyaraq, qarşılıqlı güzəştlər əsasında razılaşma ehtimalı üzərində daha ciddi dayanacaqlar”.
Nurlan Cəfəri












