Reklam

Reklam

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının “11 aprel – növbədənkənar prezident seçkiləri”ndə iştirakı mümkün olmadı.

Bu barədə Yenicag.az-a danışan QAT sədri Akif Nağı bildirib ki, namizədliyinin irəli sürülməsi haqqında sənədlərinin Mərkəzi Seçki Komissiyasında (MSK) “it-bat”a salınması onun seçkidə iştirak planlarını pozub.

QAT sədrinin sözlərinə görə, indiyə kimi nə özü belə vəziyyətlə üzləşib, nə də kiminsə üzləşdiyini eşidib:

“MSK mənim bu seçkilərdə iştirakımı əngəlləmək üçün əlindən gələn hər şeyi etdi. Baxın, imza vərəqələri almaq üçün namizədliyimin irəli sürülməsi haqqında sənədləri fevralın 19-da MSK-nın ümumi şöbəsinə, konkret olaraq, Elşən Əsgərova təqdim etmişik.

MSK bundan sonra beş gün ərzində namizədliyimin irəli sürülməsinin təsdiqlənməsi haqqında qərar qəbul etməli və mənə imza vərəqələrini verməli idi. Ancaq bu müddət başa çatdıqdan sonra da MSK-dan bizimlə əlaqə saxlayan olmadı.

Məcbur qalıb, özümüz onlara zəng etdik və barəmizdə veriləcək qərarla maraqlandıq. Təsəvvür edin, bizə dedilər ki, mənim sənədlərim MSK-ya daxil olmayıb. Bu, nə deməkdir? Necə yəni daxil olmayıb? Sənədlərimiz dediyim kimi, fevralın 19-da Elşən Əsgərov tərəfindən qəbul edilib.

Yəni MSK bizi belə təsəvvürə gəlməz vəziyyətə saldı. Növbəti günlərdə isə telefon nömrələrimizi bildikləri üçün artıq zənglərimizə də cavab vermədilər. Nəyə görə bizə belə münasibət göstərildiyini anlamıram.

Seçkilərdə iştirak niyyətim Qarabağ məsələsini daha geniş planda ictimailəşdirmək, xalqın bütün diqqətini bu problemə yönəltmək və onun həlli üçün zəruri olan milli həmrəyliyə töhfə vermək idi. Ancaq MSK bu niyyətimizin qarşısını elə ilk mərhələdə və qanunsuzluqla aldı. Bununla da mənim seçkilərdə iştirakıma imkan verilmədi”.

Akif Nağının məlum ittihamları ilə bağlı mövqeyini öyrəndiyimiz MSK katibi Mikayıl Rəhimov isə Yenicag.az-a açıqlamasında QAT sədrinin bu iddiasının əsassız olduğunu bildirib:

“Sözün düzü, bu barədə məlumatım yoxdur. Ancaq əminliklə deyə bilərəm ki, kiminsə sənədlərinin MSK-da yoxa çıxması halına indiyə kimi rast gəlinməyib.

Necə olur, 15 nəfərin sənədləri qəbul edilir, baxılır, müvafiq qərar verilir, ancaq Akif Nağının sənədləri it-bata düşür? Belə şey mümkün deyil.

Onun sənədləri MSK-ya daxil olsaydı baxılaraq, qanun çərçivəsində qərar veriləcəkdi. Mən Akif Nağının özü ilə əlaqə saxlayıb, bu məsələni dəqiqləşdirməyə çalışacam”.

 

A. Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1128
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."