Almaniya ordusu İsraildən 64 vətəndaşını TƏXLİYƏ ETDİ
Almaniya Silahlı Qüvvələrinə məxsus iki hərbi təyyarə gecə saatlarında İsraildən təxliyə edilmiş 64 Almaniya vətəndaşı ilə birlikdə Köln/Bonn hava limanına eniş edib.
Yenicag.az xəbər verir ki, bu barədə Almaniyanın “Tagesschau” nəşri məlumat yayıb. Bu, İran və İsrail arasında müharibə başladıqdan sonra Almaniya ordusunun öz vətəndaşlarını ilk dəfə münaqişə zonasından çıxarmasıdır.
Hər iki ölkənin hava məkanının bağlı olması səbəbilə təxliyə xüsusi “diplomatik əməliyyat” çərçivəsində həyata keçirilib.
Almaniya hökumətindən verilən açıqlamada bildirilib ki, reyslər qısa müddətdə təşkil olunub və bu proses İsrail hakimiyyəti ilə sıx koordinasiya şəraitində baş tutub. Təxliyə ilk növbədə uşaqlı ailələr və digər həssas qruplar üçün nəzərdə tutulub.
Bundan əvvəl son iki gün ərzində Almaniya Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə İordaniyadan həyata keçirilən xüsusi çarter reysləri vasitəsilə 345 Almaniya vətəndaşı və onların ailə üzvləri evakuasiya olunub. Daha bir təxliyə reysi isə 21 iyun tarixində planlaşdırılıb.
Qeyd edək ki, Böyük Britaniya da İsraildəki vətəndaşlarının təxliyəsi üçün çarter reysləri təşkil etməyə hazırlaşır. Bundan əlavə, 19 iyun tarixində təxliyə olunan təxminən 100 nəfər Litvanın paytaxtı Vilnüsə, Fransa isə öz vətəndaşlarını İsrail və İrandan çıxarmağa hazır olduğunu açıqlayıb.