!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AMEA-nın kağız üzərində apardığı "qazıntı"ya etiraz edən alimə qarşı "HÜCUM"

!Reklam – Yazi

Son günlər Səbuhi Hüseynovun Qarabağda arxeoloji qazıntılar haqqında yazdığı yazısına cavab olaraq Arxeologiya və Etnoqrafiya İnstitutu Qarabağda son 10 ildə apardığı arxeoloji qazıntılar haqqında KİV-ə açıqlama verdi. Açıqlamalarında, hətta Qarabağın arxeoloji cəhətdən ən yaxşı tədqiq olunan bölgələrindən də olduğunu dilə gətirməkdən çəkinmədilər. Bundan sonra institutun rəhbərliyi daha irəli gedərək, Səbuhi Hüseynovun yazısını belə qiymətləndirdi:

“Əslində, belə məsuliyyətsiz, qərəzli yazıların arxeologiya elmindən xəbərsiz müəllifləri ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında apardıqları qeyri-qanuni arxeoloji qazıntıları təbliğ etməklə məşğuldurlar”.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitunun elmi işçisi Səbuhi Hüseynov Yenicag.az-a verdiyi açıqlamada bildirib ki, Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini, onun Azərbaycan xalqına gətirdikləri bəlaları, faciəni hələ də dərk etmir:

“Mənim, Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyinin bu sahədə aparılmayan işi və ya kağız üzərində aparılan qazıntılarına qarşı etirazım, heç bir halda erməni qazıntılarının təbliğ edilməsi kimi qiymətləndirilməməlidir. İnstitut rəhbərliyinin öz məsuliyyətini dərk etməsi üçün Azıxda ermənilər tərəfindən aparılan qanunsuz qazıntıların əsl mahiyyətini, bu hadisədən xəbərsiz olan institut rəhbərliyinin diqqətinə çatdırmağı özümə borc bilirəm.

Azıx mağarasının dünyanın ən qədim insan məskənlərindən olması faktını Azərbaycanda demək olar ki, bilməyən yoxdur. Qarabağın Quruçay dərəsində yerləşən bu abidə inzibati cəhətdən Xocavənd ərazisinə düşür. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın “Paleolit Arxeoloji Ekspedisiyası” tərəfindən aşkar edildi. Daha sonra 1968-ci ildə buradan tapılan və sonra elmi ədəbiyyata Azıx adamı kimi düşən çənə sümüyü bu abidəni dünyaya da tanıtdı. Hətta sovet dövründə də bütün bu sahənin alimlərinin diqqət mərkəzində oldu.

Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayandan Azıx abidəsinin yerləşdiyi ərazi də digər işğal olunan ərazilər kimi ermənilər tərəfindən işğal edildi.

Bundan sonra, Azərbaycanın işğal olunan ərazilərində vəziyyətə nəzarəti Ermənistan ya birbaşa öz silahlı qüvvələri ilə, ya da onun hərbi, yaxud digər dəstəyi sayəsində mövcud olan separatçı rejim vasitəsilə həyata keçirtməyə başladı.

Münaqişənin 12 may 1994-cü il tarixindən, yəni atəşkəs imzalanan tarixdən sonrakı ərəfə artıq ermənilərin hər cür hiylələrlə öz işğallarına hüququ don geyindirməyə çalışdıqları bir dövrdür. Əsas məqsədləri də yuxarıda adını çəkdiyimiz separatçı rejim olan Qondarma Dağlıq Qarabağ rejimini bir dövlət kimi tanıtmağa çalışmalarıdır. Ermənilər separat rejimi tanıtmaq yollarından birini də bu yolda məhz arxeologiyadan istifadəni görürdülər”.

Ermənilərin arxeoloqları bu əraziyə necə cəlb edə bilməsinə gəldikdə isə Arxeologiya və Etnoqrafiya İnstitunun elmi işçisi qeyd etdi ki, düşmən tərəf alt çənə sümüyündən istifadə etdilər:

“İş orasında idi ki, Avropa alimlərini insanlığın və canlıların Afrikadan Avropa və Asiyaya yayılma yollarının araşdırılmasında, Avropaya yayılmasında miqrasiya yolları məsələsi maraqlandırırdı. Ermənilər isə bunu çox yaxşı bilirdilər. Azıx mağarasında hələ 1968-ci ildə aşkar edilən alt çənə isə burada preneandertalın olduğunu təsdiq edirdi. Bu fakt artıq bu bölgəyə alimlərin də marağını artırmışdı.

Beləliklə, ermənilər qanunsuz qazıntılara başlayanda, hətta avropalı alimlər belə maliyyəni tapmaqda canfəşanlıq göstərdilər. Ermənilər bilirdi ki, bu qazıntını aparmaq istəyən saysız-hesabsız qərb alimləri var ki, bu da onlar üçün böyük elmi karyera demək idi.

Məhz bu məqsədlə 1999-cu ildə Azıxda beynəlxalq tərkibli arxeoloji ekspedisiya və qanunsuz qazıntılara təşəbbüsü də ermənilər göstərdi.

İlk baxışdan, oxucuda belə təəssürat yarana bilər ki, Azıx mağarasında aparılan qanunsuz erməni qazıntıları onların axmaq və sırtıqlığından irəli gəlirdi və ermənilər öz qədim əcdadlarının Qarabağda izlərini tapmaq üçün bu canfəşanlığı edirdilər. Əslində isə bu, belə deyildi, ermənilər Azıx mağarasında qazıntı aparmaqla Azərbaycana qarşı çox məkrli bir plan qurmuşdular.

Qanunsuz qazıntılara ermənilər tərəfindən Ermənistan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskopyan rəhbərlik etməli idi. Avropa ölkələrindən isə Britaniya Təbiət Tarixi Muzeyinin əməkdaşı Piter Endryus (onun əsərlərinə bu günə qədər 8813 istinad verilib) bu layihənin elmi məsləhətçisi, İspaniyanın Madrid şəhərində yerləşən Təbiət Elmləri Milli Muzeyinin əməkdaşı Yolanda Fernandez-Jalvo (onun elmi əsərlərinə bu günə qədər 3128 istinad verilib), Patrisiyo Dominqes və İzabella Torres, İrlandiyadan isə Con Myurri və başqaları oldular.

Göründüyü kimi, ermənilər avropa alimlərinin ovuna çıxdıqları zaman öz məkrli planlarına alət etmək üçün kifayət qədər tanınmış alimlər tapıblar.

1999-2001-ci illərdə Azıxda qanunsuz olaraq həyata keçirilən bu qazıntılara maliyyəni də Avropa fondlarından həmin bu alimlərin hesabına əldə etdilər. Qanunsuz qazıntılara British Airways/British Mediterranean Airways, London Universitetinin Arxeologiya İnstitutu, The Harold Hyam Wingate Trust Fondu, İspaniyanın elm və Texnologiya Nazirliyi, The Royal Society maliyyə dəstəyi ayırıblar”.

Ermənilərin məqsədinə gəldikdə isə Səbuhi Hüseynov bildirib ki, o zaman Azərbaycan mətbuatında göstərildiyi kimi, ermənilərin öz qədim əcdadlarının Azıxda yaşadığını sübut etmək istədiklərini düşünmək, sadəcə uşaqlıq olardı:

“Məqsəd aydındır. İşğal etdikləri ərazilərdə Qondarma Dağlıq Qarabağ rejimini heç bir ölkə tanımır. Onlar isə bu işğalı rəsmiləşdirmək uğrunda bütün vasitələrdən istifadə etməyi qarşılarına məqsəd qoyublar. Bu işdə ermənilər həm Ermənistan respublikası, həm erməni lobbisi, həm də erməni kilsəsinin böyük imkanlarına sahib idilər. Bu yolda vasitələrdən biri isə arxeologiya elmi idi. Gün kimi aydındır ki, ermənilər Azıxdan öz təbliğat işlərində, Azərbaycana qarşı informasiya müharibəsində bir növ alət kimi istifadə etmək istəyirdilər. Əgər bu misraları oxuyan oxucu da düşünürsə, ermənilər Azıxda öz əcdadlarının qədimliyini axtrırdılar, onda deyə bilərəm ki, bu, belə deyildi. Çünki Azıxda aşkar edilən çənə sinantrop tipli insanla neandertal adamı arasında keçid mərhələsinə aid olduğundan burada yaşayan qədim insanın heç bir millətə aidiyyatı yox idi. Bunu bütün elm dünyası bilirdi.

Azərbaycan dövləti dərhal bu qanunsuz qazıntılara hər yerdə etirazlar etməyə başladı. Bütün qüvvələri səfərbər edən Azərbaycan dövləti Avropa ölkələrində fəaliyyət göstərən səfirliklərimizin vasitəsi ilə qanunsuz qazıntıları maliyyələşdirən fondlara etiraz məktubları göndərdi. Ermənistanla Azərbaycan arasında əslində, informasiya müharibəsi getdiyi bir zamanda Azərbaycan dövləti sakit qala da bilməzdi.

Azərbaycan dövlətinin rəhbərliyi ilk başdan bu qanunsuz qazıntıların məqsədindən xəbərdar idi və qabaqlayıcı tədbirlər də görürdü”.

Azıx mağarasındakı qazıntıların düşmənin düşünülmüş bir oyunu olduğunu deyən Arxeologiya və Etnoqrafiya İnstitunun elmi işçisi əlavə edib ki, ermənilər yaxşı bilirdilər ki, bura gələn xarici alimlərin sayı artıqca dünya mətbuatının da sözügedən yerə marağı artacaq:

“Dünya mətbuatı isə qazıntılar və bu unikal abidə haqqında danışanda mütləq heç kim tərəfindən tanınmayan bu Qondarma Dağlıq Qarabağ rejimi haqqında danışmalı olacaq. Elə belə də olurdu. İstənilən təqdimatlarda, istənilən reportajlarda ilk olaraq, Qarabağda baş verən konflikt və bu konfliktdə “yazıq erməni xalqı”nın “azadlıq mübarizəsi” şişirdilirdi. Maraqlıdır ki, 2002-ci ildən bu yana Azıxda 40-dan çox beynəlxalq ekspedisiya üzvü çalışdı. Bu tərkibin hər üzvü Avropanı hər il dolaşa-dolaşa bütün beynəlxalq elmi konfranslarda çıxışlar etdilər. Hər çıxışda ilk sual bu oldu:

“Azıx harada yerləşir?” Bu zaman artıq ermənilərin bizə qarşı təbliğatı virus kimi işləməyə başlayırdı.

2008-ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bəyan etdi ki, Azıx mağarasında qazıntılar qanunsuzdur və “Silahlı münaqişə zamanı mədəni dəyərlərin saxlanması haqqında” Haaqa Konvensiyasına, “Arxeoloji dəyərlərin qorunması haqqında” Avropa Konvensiyası, YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasına ziddir.

2016-cı ilin dekabr ayında, “Qolos Armeniya” qəzetinə müsahibə verən, Azıxda aparılan qanunsuz qazıntıların Ermənistan tərəfdən olan rəhbəri Levon Yepiskoposyan Azərbaycan dövlətinin hətta bu sahədə onlara maneə olmağı bacardığını da etiraf etdi. Onun sözlərinə görə, ermənilər ABŞ-dan Azıxda qazıntı aparmaq üçün küllü miqdarda qrant almaq istəyiblər. Hətta fondun birinci mərhələsindən keçdiklərindən ermənilər artıq maliyyəni əldə edib, daha böyük qazıntılar aparacaqlarına da inanıblar. Lakin Azərbaycan dövlətinin işə qarışması və ABŞ-da yerləşən bu fondla danışıqlardan sonra qanunsuz olaraq aparılan bu qazıntıların ölkəmizin icazəsi olmadan həyata keçirildiyini sübut etdi və fond qərar verdi: Azərbaycanın icazəsi olmadan qrant ayrılmayacaq. Ermənilər Qondarma Dağlıq Qarabağ rejiminin sənədləri ilə fonda müraciət edəndə isə onlara bu adda bir ölkənin olmadığı bildirilir və beləliklə, Azərbaycan dövləti ermənilərin qanunsuz qazıntılarında əsas maliyyə yollarından birini kəsməyə müvəffəq olur.

Təəssüflər olsun ki, ermənilər daha sonra xaricdə fəaliyyət göstərən erməni lobbisinin və bu qanunsuz qazıntılarda iştirak etməklə karyera qurmağa can atan avropa alimlərinin hesabına az da olsa maliyyə yardımları əldə edə bildilər. Qanunsuz qazıntılar davam etdirilirdi. Çünki artıq qondarma rejim də 2009-cu ildən qazıntıları maliyyələşdirirdi. Beləcə, uzun müddətdir ki, Azıxda qanunsuz qazıntılar aparılır. Hətta bu qazıntının rəhbəri Levon Yepiskopsyan bu yaxınlarda öz mətbuatlarına müsahibə verərək, onu da bildirdi ki, bu ildən gələn xaricilərin adları gizli saxlanılacaq.

Qanunsuz qazıntılardan sonra mediada yayılan xəbərlər Azərbaycanın birbaşa əleyhinə idi. Azıx mağarası haqqında müxtəlif media nəhəngləri reportajlar, məlumatlar verməyə başladılar. Avropanın ixtisaslaşmış mətbuat orqanlarında məqalələr yazılmağa başlanıldı. Bütün dünya bu unikal abidəni müzakirə edərkən, hər dəfə “yazıq erməni xalqı”nın “azadlıq mübarizəsi” dilə gətirilir və bu dırnaqarası azadlıq çağırışı qondarma rejimin tanınması məsələlərinə aparan diskusiyalara qədər gedib çıxırdı.

Hətta erməni mətbuatına müsahibələrinin birində ermənilər tərəfindən Beynəlxalq ekspedisiyanın rəhbəri Yepiskoposyan Azıx qazıntılarından danışarkən onun qondarma Dağlıq Qarabağ rejimi üçün çox böyük önəm daşıdığını dilə gətirdi. Yepiskoposyanın sözlərinə görə, Azıx mağarasında qazıntılar getdiyi təqdirdə dünya onun yerləşdiyi yer və orada yaşayan ermənilərin tanınmayan dövləti haqqında məlumat alacaq və əgər qazıntıya rəsmi sənədləri burada olan dövlət veribsə, xarici dövlətlər icazə verən ölkənin sənədlərini tanıyaraq, zaman-zaman həmin ölkəni də tanımağa məcbur olacaqlar. Bu idi erməni kələyi. Lakin Azərbaycan tərəfi bu qanunsuz icazə sənədlərinin tanınmamasına müvəffəq oldu.

Azərbaycan dövləti bütün iri tədbirlərdə bu qanunsuz qazıntının yolverilməz olduğunu dünyaya çatdırırdı. Məsələn, Avropa Şurasında bu məsələ dilə gətirildi.

Səbuhi Hüseynov bildirir ki, həmin vaxt bizim alimlər yerli mətbuatda çıxış edərək, Azıxda ermənilərin əcdadının olmaması haqqında dəlil gətirməyə başladılar:

“Hətta bəzi internet saytlarında bu mağarada yaşayan qədim insanların azərbaycanlıların əcdadları olmasını söyləməkdən belə çəkinmədilər. Həmişəki kimi erməninin Azərbaycana qarşı antitəbliğat maşını iş başında idi. Ən azı aydın məsələ idi ki, preneandertal olan Azıx adamı müasir insandan heç birinin əcdadı ola bilməzdi. Bu insan tipi çoxdan yox olub və müasir insanların əcdadlarına heç bir aidiyyəti yoxdur.

Bu qazıntılar 2002-ci ildən 2016-ci ilə kimi Ermənistanın Azərbaycana qarşı antitəbliğat maşınına və dolayısı ilə qondarma Dağlıq Qarabağ rejiminin dünyaya mesajlarını çatdırmağa xidmət edirdi.
Nəhayət, 2015 –ci ildə beynəlxalq ekspedisiyanın üzvlərindən biri müsahibə verərək bildirdi ki, Azıx qazıntıları haqqında yekun bir kitab-toplu da çap olunacaq. Bu, kitabdan çox hesabat xarakterli toplu idi. Hesabat “Azokh Cave and the Transcaucasian Corridor – 2016” adlanacaqdı. 2015-ci ildə mənim Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi şurasında bu qazıntı barədə çıxışım da oldu. Çıxışımda belə bir toplunun hazırlandığı barədə bizim arxeoloqlara da məlumat verdim. Bu mətbuatda da o zaman çıxışım haqqında məlumatlar getdi. Təəssüf ki, həmişə kimi bizim institut yenə bu məsələlərə əhəmiyyət vermədi.

2015-ci ildə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının elə ilk iclasında Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Avropa Şurası Nazirlər Komitəsinin sədrinə Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasətinin daha bir təhlükəli aspektinə – mədəni irsimizin oğurlanması siyasətinə toxunaraq, belə bir sualla müraciət etdi: “Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasətinin fəsadları yalnız ərazilərin zəbt edilməsi ilə bitmir. Bu təcavüz genişmiqyaslı, çoxistiqamətli xarakter daşıyır. İşğal altındakı Füzuli şəhərinin yaxınlığında yerləşən, 700 min il əvvələ aid olan, Avropa insanının ilk yaşayış məskənlərindən sayılan Azıx mağarası dünyanın nadir mədəni sərvətlərindəndir. Erməni işğalçıları bir müddət buranı silah anbarına, müəyyən dövrdə isə əsgərlər üçümn nişangah yerinə çeviriblər. İndi isə Ermənistan xarici alimləri də cəlb etməklə burada qanunsuz arxeoloji qazıntılar aparır, Azərbaycana məxsus olan bu qədim sərvəti özününküləşdirməklə, yalnız indiki əraziləri deyil, tarixi də mənimsəmək üçün təxribatçı fəaliyyətlərlə məşğuldur. Avropa Şurası Nazirlər Komitəsi ona məxsus səlahiyyətlər çərçivəsində xarici şirkətləri və alimləri cəlb etməklə, Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazisində, Azıx mağarasında apardığı həmin qeyri-qanuni arxeoloji araşdırmaların dayandırılması üçün hansı addımlar ata bilər?”

Suala cavab verərkən Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Qrnadak bildirib ki, qaldırılan problemi çox vacib hesab edir və öz ölkəsinin nümunəsində bunun nə qədər həssas, siyasi və tarixi əhəmiyyətli olduğunu yaxşı anlayır. Buna oxşar problemlərlə bağlı öz ölkəsinin parlamenti və hökuməti səviyyəsində dəfələrlə müzakirələr keçirildiyini deyən nazir təəssüflə qeyd edib ki, Avropa Şurası Nazirlər Komitəsində hələ də bu məsələyə baxılmayıb. İ.Qrnadak mədəni və tarixi irsin mənimsənilməsinin, belə qanunsuz arxeoloji tədqiqatların yolverilməz olduğunu söyləyərək, üzv ölkələrin hər birinin beynəlxalq konvensiyalara əməl etməyə borclu olduğunu vurğulayıb.

Sonra İqor Qrnadak 2015-ci ildə Nyu-Yorkda iki ölkənin xarici işlər nazirlərinin görüşündə Azıx mağarası ilə bağlı Ermənistanın xarici alimləri cəlb etməklə apardığı qanunsuz arxeoloji araşdırmaların da həmin danışıqlarda yer almasının məqsədəuyğunluğu üzərində dayanaraq, sualdan birtəhər yayınıb.

Beləliklə, kitab Springer nəşriyyatı tərəfindən çapa hazırlanmalı idi. Kitabın hazırlanmasında 20-dən çox Avropa Universiteti iştirak edəcəkdi. Bu artıq mənim aləmimdə, erməni təbliğatının Azıxdan istifadəsinin kuliminasiya nöqtəsi idi”.

“Niyə məhz Springer?”sualına isə müsahibimiz belə cavab verdi:

“Springer Science Business Media”-nın 1842-ci ildə əsası qoyulub və baş ofisi Lyuksemburq şəhərində bu günə qədər də fəaliyyət göstərir. Bu gün həmin şirkətin yer kürəsinin müxtəlif yerlərində 70-dən çox şirkəti və 5000-dən çox işçisi fəaliyyət göstərir. Təkcə 2005-ci ilə olan məlumatdan belə aydın olur ki, Springer akademik kitab və məqalələrin satışından 838 milyon avro əldə edib. Erməni antitəbliğat maşını niyə məhz bu şirkəti seçdi? İş orasındadır ki, Springer bu gün dünyanın ikinci iri akademik bazası olmaqla yanaşı, yalnız Elsevier adlı bazadan geri qalırdı. Yer kürəsinin ən güclü alimlərinin məqalələri məhz bu bazada çıxdıqdan sonra dünyada şöhrət qazanır, hər alimin məqalələri bu bazaya düşə də bilmir. Onu da deyim ki, hələ ki, Azərbaycan arxeoloqlarından heç kimin bu bazada bir dənə də olsun Qarabağla bağlı nə məqaləsinə, nə də kitabına rast gəlinmir. Bu, olduqca çətin tələbləri olan və elmi yanaşma tələb edən bir bazadır.

Ermənilərin də məqsədi elə bu idi. Ən güclü bazalarda qanunsuz apardıqları Azıx mağarasının qazıntılarının da yer alması və bundan sonra dünya alimlərinin bu məqalələrə istinadlar verməsinə şərait yaratmaq!!! Bundan sonra iş virus kimi davam etməli idi. Dünya alimləri sözsüz ki, öz elmi məqaləsi üzərində işləyərkən ilk insan məskənləri haqqında danışmalı və bu zaman istinad etdiyi bu kitabda yer alan Azıxdan danışarkən, orada erməni və avropalı alimlərindən danışmalı, Azıxın yerləşdiyi yer və onların tanınmamış ərazisi haqqında məlumat verməli idi.

Məkrli planları işə yaradı! Springer onların təklifini qəbul edərək, kitab hazır olmazdan bir neçə ay əvvəl öz elektron sistemində ilkin satışlara belə getdi.

“Azokh Cave and the Transcaucasian Corridor – 2016” toplunu xarici alimlərlə bitirib, Springer bazasından satışa çıxartdılar. Toplu artıq satışdadır. Bu günə olan məlumata görə, artıq yer kürəsinin müxtəlif yerlərindən olan qədim dövr üzrə mütəxəsislər “Azokh Cave and the Transcaucasian Corridor – 2016” adlı toplunu əldə ediblər.

Toplunun elektron versiyası 83,29 avroya, hardcover – yəni kitab formasında olan versiyası isə 106,95 avroya satılır. İndiyədək kitabı 2520 alim alıb və Azıxda aparılan qanunsuz qazıntılara, onların elmi məqaləsinə 103 istinad verilib.

Elmdə istinad verilməsi ən vacib faktorlardan biridir və bu istinadlar da əslində, çox mürəkkəb bir elmi alqoritmlə hesablanmaqdadır. İstinadlar artıq hər il artaraq davam edəcək və Azərbaycana qarşı erməni təbliğat maşını hər gün virus kimi bax beləcə işləyir. Sözügedən məqalə üzərində işləyəndə, Qarabağda aparılan qanunsuz qazıntılarda iştirakçı olmuş avropa alimlərinin məqalələrini nəzərdən keçirtdim. Məqalələr ingilis dilində olmaqla bu gün www.Researchgate.net ünvaninda yerləşdirilir. Hər bir məqaləyə verilən istinadlara baxanda görünür ki, ermənilərin Azərbaycana qarşı antitəbliğat proqramı məhz elə buna hesablanıb. Əksər məqalələrin axırında və ya əvvəlində Qarabağda gedən bu qanunsuz qazıntılarda iştirak edən alimlər ilk öncə, onlara yaradılan şəraitə görə Qondarma Dağlıq Qarabağ rejiminə öz təşəkkürlərini bildirirlər. Daha sonra orada həmin bu rejim tərəfindən yaradılan Artsax Dövlət Universitetinə təşəkkür edirlər. Bu, arxeologiya elmindən Azərbaycan dövlətinə qarşı istifadə etmək metodlarından hələ biri idi”.

2016-cı ilin noyabrında Azərbaycan XİN Azıx mağarasında tədqiqatlar aparan arxeoloqlar qrupunu “qara siyahı”ya daxil edib.

Azərbaycan Baş Prokurorluğu erməni silahlı birləşmələrinin nəzarətində olan Dağlıq Qarabağdakı Azıx mağarasında tədqiqatlar aparan Ermənistan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskoposyan, İspaniyanın Milli Təbiət Elmi Muzeyinin tədqiqatçısı Yolanda Fernandes Xalvo (Yolanda Fernandez-Jalvo), Böyük Britaniyanın Blanford Muzeyinin “Azox layihəsi”nin direktoru Tanya Kinq və Londonda Təbiət Tarixi Muzeyinin elmi işçisi Piter Endryusun 2002-ci ildən etibarən işğal edilmiş ərazilərimizdə yerləşən Azıx mağarasında arxeoloji qazıntı işlərini həyata keçirmələrinə, İspaniyanın Milli Təbiət Muzeyi və həmin ölkənin Elm və Texnologiya Nazirliyi, Böyük Britaniyanın Qaluay Universiteti, “Armenian General Benevolent Union”un London filialının qazıntı işlərinə maliyyə və digər dəstək vermələrinə əsaslı şübhələr müəyyən edildiyindən, Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrilə onların barəsində cinayət işi qaldırıldı və interpol xətti ilə axtarışa verildi. Erməni barmağı bu dəfə də işə düşdü: axtarış dayandırıldı.

Azərbaycan dövləti, Qarabağda qanunsuz qazıntıların aparılmasına başlandığı tarixdən erməni hiyləsini anladı. Məhz bu baxımdan dövlət nümayəndələri qanunsuz qazıntılara qarşı öz etirazlarını istənilən beynəlxalq tədbirlərdəki yüksək kürsülərdən Avropaya çatdırırdılar. Hətta 2008-ci ildən etibarən Azıxda aparılan qanunsuz qazıntılara ayrılan maliyyənin Avropa fondlarından kəsilməsinin səbəbi iqtisadi böhran yox, məhz Azərbaycan dövlətinin erməni antitəbliğat maşınına qarşı informasiya müharibəsində cavabı idi. Artıq Azərbaycan dövlətinin narazılığından ehtiyatlanan fondlar ermənilərdən birbaşa Azərbaycandan icazə sənədini də tələb etməyə başlamışdılar. Bu yolda Azərbaycan dövləti və rəsmiləri dəfələrlə informasiya müharibəsində mübarizəni davam etdirir.

Göründüyü kimi, Azıx qazıntıları bir arxeoloji qazıntı olmaqdan çoxdan çıxıb və əsas məqsəd Azərbaycana qarşı antitəbliğat vasitəsi rolunu oynayır. Təəssüflə qeyd etməliyik ki, bu gün də bu antitəbliğat maşını öz işini görür.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun bu antitəbliğat maşınına qarşı etdiklərinə gəldikdə isə alim bildirib ki, institutun Qarabağda arxeoloji qazıntıları ilə bağlı son günlərin açıqlamasından belə aydın olur ki, son 10 ildə neolit, eneolit və tunc dövrünə aid arxeoloji qazıntılarla məşğuldur:

“Hərçənd bu qazıntıların da ayrıca nəzərdən keçirilməsinə böyük ehtiyac var. Yaxın vaxtlarda bununla bağlı araşdırma aparacağam. İnstitut Qarabağla bağlı son 10 ildə bir neçə Beynəlxalq konfrans keçirtdiyini yazır. Sual oluna bilər ki, məsələn, “keçən ilin noyabr ayında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən keçirilən “Qarabağın Arxeoloji İrsi” Beynəlxalq konfransı Qarabağ üçün hansı təzə elmi yeniliklərlə yadda qaldı?”, və ya “xarici ölkələrdən dəvət olunan alimlər kimlər idi və onlar Qarabağla bağlı hansı yenilikləri bu konfransda təqdim etdilər?” Hərçənd, bu elmi konfransda iki müştərək məqalə də elə mənim idi. Mən bu məqaləni hazırlayarkən, xüsusilə həmin konfransın materiallarını nəzərdən keçirtdim. Azıxa həsr olunmuş bir neçə məqalənin heç birində ermənilərin qanunsuz qazıntılarından bir kəlmə belə yazılmır. Ola bilsin ki, çıxışlarda bu mövzuya toxunulur, amma aydın məsələdir ki, konfrans materiallarında da etiraz edilməsi lazım idi. Ümumiyyətlə, konfrans materiallarını nəzərdən keçirəndə belə bir təəssürat yaranır ki, Qarabağda bu gün erməni işğalı sadəcə, yoxdur.

Nəhayət, bu konfransın əsas məqsədlərindən biri ermənilərin Qarabağda qanunsuz qazıntılarına qarşı birgə bəyanatın qəbul edilməsi və etiraz məktubunun bir sıra Avropa alimlərinin çalışdığı institutlara göndərilməsi düzgün olmazdımı? Təkcə Azıxda aparılan qanunsuz qazıntılarda 45-dən çox Avropa və Amerikadan olan alimlər iştirak edib. Siz nə edirsiniz? Kağız üzərində bir elmi konfransa quş qoymaq! “Qarabağın Arxeoloji İrsi” Beynəlxalq konfransına Arxeologiya və Etnoqrafiya İnstitutunun dəvət etdiyi alimlərə baxsaq, bu qonaq alimlər cəmi 4 ölkədən olub: İrandan 2 nəfər, Rusiyadan 2 nəfər, Ukraynadan isə 1 nəfər. Bu adamların heç biri öz məqaləsində və ya tezisində Azərbaycanın Qarabağla bağlı yarasına toxunmurlar. Qarabağla bağlı bir kəlmə də danışmırlar. Cənablar və xanımlar, gedin impakt faktorlu jurnallarda xarici alimlərin Azıx haqqında çıxartdığı məqalələrə baxın. Misal üçün birini sizə deməyi özümə borc bilirəm. Bir vaxtlar hətta Azərbaycana gələrək, hansısa yollarla, institutun fondunda olan Azıx materialları ilə tanış olmuş və daha sonra ermənilərə qoşulmuş bir alim Jan Van der Made (İspaniya), paleobilologiya üzrə mütəxəssislərdən biridir. O, özünün Azıxla bağlı məqaləsində hətta Qarabağda olan qondarma rejimə öz təşəkkürünü belə yazmağı unutmur.

Bizə dəvət edilən alimlərin Qarabağ haqqında nəsə deməsi qəbahət idimi? Və ya Qarabağa yaxından-uzaqdan heç bir əlaqəsi olmayan iki- üç alim çağırıb, “Qarabağın Arxeoloji İrsi” adlı konfrans keçirərək, nə etməyinizi düşünmüşdünüz ki? Ermənilərin qanunsuz qazıntılarına, Qarabağın işğalına qarşı mübarizəni beləmi aparmalı idiniz? Tək Azıx mövzusunda bu institut gənc kadrlar hazırlayıbmı? Bundan başqa, qanunsuz erməni qazıntılarında iştirak edən alimlərin də iştirak etdiyi beynəlxalq elmi konfranslara Arxeologiya və Etnoqrafiya İnstitutunun da alimlərini ezam etmək olmazdımı? Etirazlar oralarda da aparıla bilməzdimi? Qarabağda qanunsuz arxeoloji qazıntılarda iştirak edən xarici alimlərin çalışdığı müəssisələrə etiraz məktubları göndərmək olmazdımı? Azıxda aparılan qanunsuz qazıntıların toplusu çap olunarkən bir elmi institut kimi Springerə də etiraz məktubu ilə müraciət etmək olmazdımı? Azıxla bağlı yeni elmi araşdırmaların impakt faktorlu jurnallarda, Springer və digər iri nəşriyyatlarda çapına çalışmaq olmazdımı? Bunu ki separat rejimin nümayəndələri bacarıb”.

Bütün yuxarıda deyilənləri həyata keçirtmək üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 5 fevral 2008-ci il və 26 aprel 2012-ci il tarixli sərəncamlar Azərbaycanın maddi-mədəniyyətinin, o cümlədən, Qarabağın arxeoloji irsinin öyrənilməsində yeni imkanlar yaradıb.

Bu imkanlardan institutun necə yararlanması məsələsinə gəldikdə isə Səbuhi Hüseynov qeyd edib ki, institutun rəhbərliyi ermənilərə qarşı düzgün işlər aparmalı, Qarabağdakı qazıntıları gücləndirməli idi:

“Bütün elmi vasitələri işə salıb, Azıxdakı qanunsuz qazıntılarda iştirak edən avropa alimlərinin iştirak etdiyi beynəlxalq konfranslara öz əməkdaşlarını ezam etməli idi. Erməni dəlillərinə cavab yerində verilməli idi. Azərbaycanda təşkil olunan Beynəlxalq elmi konfranslarda arxeologiyada sözükeçən Avropa alimlərini çağırmalı, onlara qanunsuz qazıntılar barədə bütün məlumatlar verilməli idi. Onların da öz ölkələrində yolunu azmış və Azıxda qanunsuz qazıntılar aparan alimlərinə təsir etmələrinə şərait yaratmalı idi. Bu yolda ölkəmizin apardığı mübarizəyə qoşulmalı idi. İmpakt faktorlu jurnallarda bu qazıntıların qanunsuz olaraq aparılması ilə başlanan elmi məqalələr yazılmasına dəstək olmalı idi. Təəssüf ki, bu sadaladıqlarımın heç biri edilmədi. İşləməyiniz üçün dövlətimiz tərəfindən hər cür şərait yaradıldığı halda, bəs onda, cənablar və xanımlar sizə mane olan nə idi? Qarabağda aparılan qazıntılar kağız üzərində aparılır və pul silinir.

Son olaraq, bildirək ki, ermənilərin növbəti oyunu Ağdamın işğal olunmuş hissəsində, Şahbulaq adlı yerdə apardığı qanunsuz “Tiqranakert” adlı arxeoloji qazıntıları olacaq. Artıq yavaş-yavaş xarici alimləri də bu qazıntılara cəlb etməyə başlayıblar. Bir daha ermənilərin arxeologiya vasitəsi ilə bizə qarşı antitəbliğat oyunu apara bilməməsi üçün nə etməli olduğunuzu düşünün! Çünki bu qazıntıda erməni oyunu daha böyükdür.

Səxavət Məmməd

www.yenicag.az

3189
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv