Amerikalıların 58 faizi Fələstinin dövlət kimi tanınmasını DƏSTƏKLƏYİR
ABŞ ictimai rəyində aparılan sorğu Fələstinin dövlət kimi tanınmasına dəstəyin artdığını göstərib.
Yenicag.az xəbər verir ki, “Reuters/Ipsos” sorğusuna əsasən, amerikalıların 58 faizi BMT üzvü olan bütün ölkələrin Fələstin dövlətini tanımasının tərəfdarıdır. Respondentlərin 33 faizi bu fikirlə razılaşmayıb, 9 faizi isə cavab verməkdə çətinlik çəkib.
Sorğu Kanada, Böyük Britaniya və Fransanın Fələstini tanımaq niyyətlərini açıqlamasından sonra keçirilib.
Məlumata görə, iştirakçıların 65 faizi ABŞ-nin Qəzzada humanitar böhranın həllinə daha fəal qoşulmalı olduğunu bildirib. Həmçinin, respondentlərin 59 faizi İsrailin Qəzzadakı hərbi əməliyyatlarını həddən artıq sərt qiymətləndirib.
Xatırladaq ki, Fransa Fələstini tanıyacağını açıqlayan ilk “Böyük Yeddilik” ölkəsi olub. Baş nazir Benyamin Netanyahu isə bu addımı “terrorun mükafatlandırılması” adlandırıb.