"Anadolu Ankası – 2025": Növbəti tapşırıqlar icra olundu - VİDEO
Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Ankası – 2025” (“Anatolian Phoenix – 2025”) beynəlxalq axtarış-xilasetmə təlimində növbəti tapşırıqlar icra edilib.
Müdafiə Nazirliyindən Yenicag.az-a verilən xəbərə görə, əvvəlcə təlimin planına uyğun olaraq iştirakçılara təhlükəsizlik qaydaları, yerinə yetiriləcək tapşırıqların xəritə üzərində dəqiqləşdirilməsi və onların icra ardıcıllığı, axtarış-xilasetmə tədbirinin görüləcəyi ərazinin relyefi və iqlimi ilə bağlı brifinq təqdim olunub.
Plana əsasən, paraşüt hazırlığı və axtarış-xilasetmə üzrə fəaliyyətlər uğurla icra olunub.
Təlimdə qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində əsas məqsəd şəxsi heyətin paraşütlərdən istifadə bacarıqlarının təkmilləşdirilməsi, onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılması, o cümlədən iştirakçı ölkələrin hərbi qulluqçuları arasında qarşılıqlı uzlaşma və təcrübə mübadiləsinin təmin edilməsidir.
Qeyd edək ki, beynəlxalq axtarış-xilasetmə təlimində ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, texniki heyət və aviasiya vasitələri təmsil edir.