Sovet İttifaqının Ankaraya səfiri təyin olunan Semyon Aralov Türkiyədə işlədiyi illərdən təxminən 40 il sonra xatirələrini yazıb.
Aralovun “Sovet diplomatının Türkiyə xatirələri” adı ilə nəşr olunan kitabı ilk dəfə 1967-ci ildə türkcəyə tərcümə edilib. Kitab tərcümə edilərkən, Türk Cəza Məcəlləsinin 141 və 142-ci maddələrindən qorxaraq kitabdan çıxarılan hissələr İş Bankı Mədəniyyət Nəşrləri tərəfindən yeni nəşrlərdə kitaba əlavə edilib.
Yenicag.az xəbər verir ki, Aralov öz xatirələrində Mustafa Kamal Atatürklə keçirdiyi təkbətək görüşlərdən də bəhs edib.
Atatürk görüşlərinin birində Aralova “Biz Xalq Partiyası qururuq. Ümid edirik ki, bu partiyanın köməyi ilə xalq düşmənlərini məğlub edəcəyik. Düşmənlərimiz də partiyamıza soxulur. Amma ifşa olunacaqlar və Türk milləti bunu gələcəkdə bir an belə unutmamalıdır” deyib.
Aralov Rusiyaya qayıtmazdan bir az əvvəl Atatürk həyat yoldaşı Lətifə xanımla səfirliyə vidalaşmağa gəlib. O, Lətifə xanıma üz tutaraq “Xanım, Çaykovskinin bu gözəl romansını bizim üçün vida musiqisi kimi çalın” deyərək xahiş edib.
Aralov həmin anları belə qeyd edib: “İçəri girdik. Pəncərələri açıq olan böyük zalda batmaqda olan günəşin son şüaları ilə qırmızı rəngə boyanmış, balaca qadının güclü və bacarıqlı əllərindən valehedici melodiyalar səslənirdi”.
Aralov Atatürklə qurduğu dostluq sayəsində onu yaxından izləmək şansı qazanmışdı. O, xatirələrinin son səhifələrində dostu Mustafa Kamalı belə təsvir edib:
“Qazi gözəl, duyğulu bir insan idi. Xalqı onu Türkiyənin düşmənlərinə qarşı amansız mübarizə aparmağa sövq etdi”.
Aralov xatirələrində diqqət çəkən daha bir məqamı təqdim edib:
“Bir gün səhər Akşehir qəbiristanlığına getdik. Türk xalq satirik şairi Nəsrəddin Xocanın məzarı orada yerləşir. Xocanın qəbri çox hörmətlidir, ətrafında həmişə izdiham olur, ziyarət yeri sayılır.
Qəbrin üzərində yazılar var idi, əksəriyyəti Nəsrəddin Hocanın lətifələrindən götürülüb. Onlardan bəzilərini bizim üçün tərcümə etdilər: “Yalan heç vaxt xalqa hakim ola bilməz, həqiqət qalib gəlir”, “Xalqın yaddaşına hakim olmaq olmaz”.
Bizi müşayiət edən türk bunu sonuncu ifadəyə əlavə etdi: “Nə sultan, nə əmir, nə də varlı hökm sürməyəcək”.
Mustafa Kamal gecələr Nəsrəddin Xocanın macəraları və davranışları haqqında sultanların, xocaların, varlıların hiyləsini ifşa edən lətifələr danışırdı. Bütün bunlar çox maraqlı idi”.
Diplomat Atatürklə bağlı xatirələrindən həvəslə bəhs edib:
“Bir gün Mustafa Kamalla söhbət edəndə Paşa mənə və Əbilova üzünü tutub dedi: “Bilirsinizmi, Akşehirin yaxınlığında, Cigidiya adlı bir rus kəndi var Ora getmək istəyirsən? Sənə bələdçi verim. Rus kəndi necə yaranıb? Onlar haradan gəliblər?”.
Daha sonra Paşa bunları söylədi:
“Çox sadədir… Sizin I Nikolayın zamanında təriqətlərə əməl olunurdu. Bu təriqətə mənsub olanları asır, həbsə atır, sürgün edirdilər.
Rusiyanın cənubunda da təriqətlər var idi. Təriqət üzvləri çar hökumətinin təqibindən qaçaraq Rumıniyaya, oradan isə Türkiyəyə sığınıb.
Müsəlman Türkiyə onlara sığınacaq və torpaq verib”.
Biz Cıgidiyada kəndin düz ortasında dayandıq. Bir qırmızı saqqallı iki yaşlı kənd sakini bizə yaxınlaşdı. Rusiyadan səfir gəldiyini biləndə bizə hörmətlə baş əydilər.
Bütün evlərdən insanlar çıxmağa başladı. Əsl rus dilində, köhnə rus ləhcəsinin təkrarlanması ilə aramızda söhbət başladı. Muxtar bildirdi ki, burada uzun müddətdir ruslar yaşayır. Balıqçılıqla dolanırdılar. Türklər onlarla pis rəftar etmirdilər. Onlar bütün rus ənənələrini və adətlərini qoruyub saxlayıblar. Kənd qızlarından yalnız biri müsəlmana ərə gedib kəndi tərk edib”.
Aralaov Mustafa Kamal Atatürklə çay süfrəsində dialoqunu da qeyd edib.
“Bir gün Mustafa Kamalın Çankayadakı malikanəsində birlikdə çay içərkən keçmişimizdən danışdıq. Kamal paşadan neçə yaşında olduğunu soruşdum.
Mustafa Kamal “1880-ci ildə Selanikdə doğulmuşam”, dedi.
Mən təəccübləndim. Mustafa Kamal: “Niyə təəccüblənirsən?”, deyə soruşdu.
“Biz sizinlə eyni ildə anadan olmuşuq. Mən isə 1880-ci ildə Moskvada anadan olmuşam”, dedim.
Mustafa Kamal Paşa gülümsəyərək “Deməli, biz sizin yaşıdlarıq”, dedi. Doğulduğu ay və günü söylədi.
“Siz hələ çox gəncsiniz, amma siz qalib generalsınız. Siz böyük işlər görmüsünüz, ölüm döşəyində olan bir xalqa həyat vermisiniz. Onu imperializm boyunduruğundan xilas etdiniz. Millətiniz bunu yüksək qiymətləndirəcək”, dedim.
“Bəli, bu doğrudur. Amma mənim başladığımı kim davam etdirəcək? Dəfələrlə demişəm ki, böyrəyim xəstədir. Böyrək xəstələri uzun yaşamır. Mən bunu çox yaxşı bilirəm.
Millət liderlərini ortaya çıxaracaq. Buna heç bir şübhəm yoxdur. Bəs onlar çoxlu düşmənə müqavimət göstərə biləcəklərmi? Bu məni qorxudur. Zaman-zaman böyük çətinliklərlə qarşılaşıram”, – Atatürk deyib.
Xuraman Etibarlı
www.yenicag.az