“Autizmli uşaqlara verilən dərmanın xəstəliyə heç bir dəxli yoxdur” – Psixoloqdan inanılmaz İDDİA – Yenicag.Az

Reklam

Reklam

Bu gün 2 Aprel – Dünya Autizm Məlumatlandırma Günüdür. Günlər keçdikcə cəmiyyətdə autizm sindromlu uşaqların sayı getdikcə artır.

Yenicag.az-a bu haqda məlumat verən psixoloq Turanə Rüstəmova autizm sindromunun dəqiq mənşəyinin, nədən yarandığının hələ də bilinmədiyini qeyd edib:
”Autizm 2-3 yaş dövründən başlayaraq, müşahidə olunan nevroloji narahatlıqdır və bu yaşda da müəyyən olunur. Ümumi götürdükdə isə bu fərqlilik irsi-genetik amillər, eyni zamanda hamiləlik dövründə ananın spirtli içkilər, narkotik maddələr istifadə etməsi, doğuş zamanı və ya doğuşdan sonrakı patalogiyalarla əlaqələndirilir. Lakin tam dəqiq səbəblər elmə məlum deyil”.

Bu sahədə maariflənmənin əhəmiyyətindən bəhs edən psixoloq autizmin sadəcə, bir fərqlilik olduğunu və dəqiq diaqoz qoyulmaqla xəstənin ətrafdakıların köməkliyi nəticəsində cəmiyyətə adaptasiya ola biləcəyini qeyd edib.

Psixoloq qeyd edir ki, autizmli uşaqların ünsiyyət qurmasında problemlər yaranır, nitqində pozğunluq baş verir, təxəyyülü inkişaf etmir, təfəkkürü isə potensial imkan kimi qalır.

Autizmli uşaqlar başqalarıyla ünsiyyət qurmur, kənardan kömək almağı qətiyyən xoşlamırlar. Ümumiyyətlə, onlar sözü uğultulu hərf toplusu kimi eşidir, sırf nə deyildiyini anlamırlar. Təfəkkürlə, intellektlə bağlı suallar olduqda və ya hər hansı zarafat edildikdə, bunu, başa düşmürlər. Lakin onlarda müəyyən bir sahə çox inkişaf edir. Məsələn, çox yaxşı dil öyrənirlər. Dünyada autizm xəstəsi olan çox dahi şəxsiyyətlər var. Sadəcə, onlarda hansı sahənin inkişaf etdiyini üzə çıxartmaq lazımdır.

Sosial sferada pozğunluq, toplumdan qaçmaq, özünə qapanmaq, diqqəti eyni şeyə yönəltmək autizmli uşaqlar üçün xarakterikdir.
Çox zaman bu cür insanların diaqnozu düzgün qoyulmur. Əgər uşaq danışmırsa, bu o demək deyil ki, onda autizmin əlamətləri var. Bu, uşağın başqa problemiylə də bağlı ola bilər. Bu halda mütləq psixoloqa müraciət olunmalı, diaqnozu həkim müəyyən etməlidir. Autizmli uşaqlar danışa da bilər, danışmaya da… Sırf bu əlamətə görə diaqnoz qoymaq yanlışdır.

Çox zaman autizmli uşaqları psixi ləngiməsi olan körpələrlə səhv salırlar. Uşağın nitqində problem olduğu halda, təxəyyül və təfəkkürü normal inkişaf edə bilər. Nitqdə problem varsa, bu, müəyyən yaş dövrlərində psixi ləngiməyə gətirib çıxarır. Bu diaqnozları qarışdırmaq böyük səhvdir.

Autizmli uşaqlarda heç nəyə maraq olmur. Belə uşaqlar valideynlərilə göz təması qurmur, uşaqlarla oynamır, heç nəyə maraq göstərmirlər. Digər uşaqlar əşyaları əlinə alıb oynadır, əşya ilə bağlı onda bir maraq yaranır. Bu, autizmli uşaqlarda yoxdur. Onlar özləri üçün heç bir maraq kəsb etməyən əşyaları kənara atırlar. Autizmli uşaqlar ya həddindən artıq hərəkətli, ya da həddindən artıq süst olurlar. Bəzən elə bu səbəbdən onları hiperaktiv uşaqlarla səhv salırlar.

Psixoloq qeyd edir ki, cəmiyyətdə autizmli uşaqların təcrid olunmasının qarşısını almaq üçün ən əsas maariflənmə aparılmalıdır. Hazırda autizmli uşaqları olan valideynlərdə belə maariflənmə çox aşağıdır. Yəni onların mərkəzlərdən, psixoloqlardan, uşaqlarını yanına apardıqları həkimlərdən gözlədikləri daha çox olur.

Sadəcə, autizmin bir fərqlilik olmasını qəbul etmək lazımdır. Qəbul etmək lazımdır ki, onlar bizim kimi deyillər. İnsanların belələrini təcrid etməsi onlara “dəli” diaqnozu qoyulmasıyla bağlıdır. Təəssüf ki, cəmiyyətdə belə bir yanlış təxəyyül formalaşır.

Autizm üçün hazırda ən çox istifadə olunan dərman “Ritalin”dir. Bunun isə autizmlə heç bir əlaqəsi yoxdur. Sadəcə, ümumi təyin olunan dərman preparatıdır. Uşaqlarda çox yaxşı effekt verir. Onları süstləşdirir, sərt hərəkətlər etmir, sakit olurlar.

Autizmli uşaqların mərkəzlərə aparılması, onlara müəyyən təlimlərin keçirilməsi bir aya orta hesabla ən azı 300-400 manata, bəzən isə 700-800 manata başa gəlir.

Psixoloqun fikrincə, onların sosiallaşması üçün valideynlər də kömək etməlidir. Bu cür uşaqlar mümkün qədər normal məktəblərə, uşaq bağçalarına getməli, həmyaşıdları ilə ünsiyyət qurmalıdırlar.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 841
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."