Avstriya 2020-ci ilin sonunda istismardan çıxardığı “Saab 105” təyyarələrini əvəz etmək üçün İtaliyada istehsal olunan 12 ədəd “M-346 FA” döyüş təyyarəsi almağı planlaşdırır.
Yenicag.az xəbər verir ki, bu barədə Avstriya hökumətinin bəyanatına istinadən “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Avstriya Müdafiə Nazirliyi hazırda İtaliya hökuməti ilə müqavilənin imzalanması üçün danışıqlar apardığını açıqlayıb. Avstriyanın kansleri Karl Nehammer bu razılaşmanın İtaliya və Avstriya arasında əməkdaşlığın gücünü nümayiş etdirdiyini bildirib.
“Mən bu sazişin imzalanmasına mühüm töhfə verən İtaliyanın Baş naziri Corciya Meloniyə xüsusi təşəkkürümü bildirirəm”.– deyə o, bəyan edib.
Avstriya hökuməti təyyarələrin pilotların hazırlanması, quru qüvvələrinə dəstək və hava hücumundan müdafiə məqsədilə istifadə olunacağını bildirib.
Xatırladaq ki, iyun ayında Almaniya kansleri Olaf Şolz ölkənin silahlı qüvvələrinin gücləndirilməsi proqramı çərçivəsində əlavə 20 “Eurofighter” qırıcısının alınacağını elan etmişdi. Bundan əlavə, dekabrın 24-də “Eurofighter Typhoon” və NATO agentliyi NETMA İtaliyanın Hərbi Hava Qüvvələri üçün 24 ədədə qədər “Eurofighter” təyyarəsinin alınmasına dair Romada müqavilə imzalayıb.
www.yenicag.az