Bakıda 2 saata yaxın gecikmə ilə işləyən avtobus marşrutları var.
Paytaxt sakinləri Milli.Az-a tez-tez müraciət edərək, avtobusların qrafik üzrə işləməmələrindən, bəzən gecikmələrin həddən artıq çox olduğundan şikayət edirlər. Konkret olaraq 165 və 175 saylı avtobuslardan daha çox şikayət olunur. Sakinlərdən biri hətta qeyd edib ki, Nobel prospektindəki dayanacaqda 175 saylı avtobusu gözləyərkən informasiya monitoru həmin anda avtobusun düz 1 saat 53 dəqiqədir dayanacağa gəlmədiyini göstərib. Digər uzunmüddətli gecikmə halı 165 saylı marşrutla bağlıdır. Burada monitor 1 saat 16 dəqiqəlik gecikməni göstərib. Hər iki halda sənişinlər başqa nəqliyyatdan istifadə etmək məcburiyyətində qalıblar.
Bununla bağlı Milli.Az-ın sorğusunu cavablandıran Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib ki, sözügedən saylı marşrutun sahibləri avtobuslar arasında vaxt intervalını azaldacaqlarına söz veriblər:
“165 saylı marşrutun sahibi deyir ki, hazırda xətdə cəmi 9 avtobus var. Amma çox yaxın müddətdə əlavə bir neçə avtobus da xəttə buraxılacaq. Hələlik bu marşrutda avtobuslar arasında vaxt intervalı 6-7 dədiqədir, amma sərnişinlərin də kənd və qəsəbə avtobuslarının daha tez-tez gəlməsi xahişini nəzərə alaraq bu interval nisbətən azaldılacaq və 4-5 dəqiqəyə endiriləcək. Lakin mərkəz daxilində fəaliyyət göstərən avtobuslara tələbat çox olduğu üçün onlar tez-tez, daha qısa intervalla hərəkət edirlər, amma kənd və qəsəbələrdə insanlar müəyyən qədər toplaşdıqdan sonra gəlir. Ona görə də kənd və qəsəbələrə işləyən avtobuslarda interval çox olur. Amma yenə də biz onu qısaldacağıq. 175 saylı marşrutun sahibi də təxminən buna oxşar fikirlər bildirib”.
1-2 saatlıq gecikməyə gəlincə, NİİM rəsmisinin sözlərinə görə, həmin marşrutların sahibləri bildiriblər ki, bu yalnız istisna hallarda ola bilər: “Belə hal normal vəziyyətdə ola bilməz. Ola bilər ki, həmin vaxt yolda hansısa problem baş verib ki, bu qədər gecikmə olub. ya avtobusda nasazlıq yaranıb, camaatı düşürüb, növbəti isə gec gəlib, ya da yolda hansısa uzunmüddətli tıxac olub”.
Ş.Mehmanqızı avtobuslar arasında intervalların niyə fərqlı olduğuna da aydınlıq gətirib:
“Marşrut sahibkarları deyirlər ki, avtobuslar arasında interval başlanğıc və son dayanacaq arasındakı məsafədən və xəttə buraxılan avtobusların sayından asılıdır. Hər xətdə də standart sayda avtobus yoxdur. Avtobuslar müəyyən fiziki şəxslər və yaxud şirkətlər tərəfindən alındığı üçün onların marşrutlar üzrə sayı da müxtəlif olur”.
www.yenicag.az