Ətraf mühitin mühafizəsi, yaşıl təbiətin qorunması, davamlı nəqliyyat sistemləri şəbəkəsinin yaradılması, bir sözlə, ekoloji təmiz nəqliyyat XXI əsrdə bütün dünyada olduğu kimi, Azərbaycanda da ən vacib məsələ kimi gündəmdədir.
Prezident İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamında Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib.
Azərbaycanın nəqliyyat strategiyasının əsas komponentlərindən biri olan ekoloji təmiz dəmir yolu nəqliyyatı son illər yeni inkişaf mərhələsinə qədəm qoyub.
Ekoloji təmiz nəqliyyatın inkişaf prinsipini əsas tutan, davamlı nəqliyyat sistemlərinin yaradılmasına hədəflənən ölkəmiz mərhələli şəkildə Azərbaycan Dəmir Yollarının inkişafı və ekoloji təmiz nəqliyyat texnologiyalarının tətbiqi istiqamətində işləri davam etdirir.
Yeni infrastruktur yaradılıb, elektrifikasiya layihələri həyata keçirilib. O cümlədən beynəlxalq əməkdaşlıqlar nəticəsində ölkənin dəmir yolları daha ekoloji təmiz hala gətirilib.
Sərnişin və yük daşımaları sahəsində də mühüm yeniliklərə imza atılıb. Yeni və modern vaqonlar sərnişinlərin rahatlığı üçün təchiz edilib, xidmət səviyyəsi yüksəlib. Yük daşımalarında isə, logistik zəncirlər optimallaşdırılaraq sürətli və təhlükəsiz daşımalar təmin edilir. Yeni yük vaqonları və konteynerlər ekoloji tələblərə uyğun şəkildə yenidən dizayn edilib. Yüklərin dəmir yolu ilə daşınması, yollarda yük maşınlarının sayını azaldıb ki, bu da yollarda tıxacları və hava çirklənməsini minimuma endirir.
“Azərbaycan Dəmir Yolları” QSC, dəmir yolu nəqliyyatında ekoloji təmiz enerjidən istifadəni genişləndirir. Azərbaycan Dəmir Yolları sərnişinlərin rahatlığı və daşımaların effektivliyi baxımından yüksək texniki göstəricilərə malik olan bir neçə müasir elektrik qatarlarını istismar edir. Elektrifikasiya layihələri çərçivəsində, əsas marşrutlar üzrə elektrik qatarlarının istifadəsi artırılır.
Ekoloji təmiz və təhlükəsiz yolçuluq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın üzvü, ekoloq Qorxmaz İbrahimli müstəqillik dönəmindən bu yana dəmiryol nəqliyyatı sahəsində xeyli uğurların əldə olunduğunu bildirib:
“Dəmiryolu nəqliyyatı yarandığı gündən, yükdaşımada, logistikada çox önəmli yerüstü nəqliyyat vasitəsi olub. Başlanğıcda yalnız yükdaşınması üçün nəzərdə tutulub və XIX əsrdə çox yayılmasa da faydaları çox olub.
Bu nəqliyyat növü XX əsrdə çox yayıldı və yükdaşımalarla bərabər sərnişin daşımalarına da başlanıldı. Azərbaycanın nəqliyyat sektorunda müxtəlif istiqamətlərdə Bakı-Qazax, Bakı-Tiflis, Bakı-Ağstafa, Bakı-Şərur, Bakı-Naxçıvan və İrəvana qədər qatarlar çalışırdı. Müstəqillik dövründə dövlətimiz bu sahədə yenidənqurma işlərinə başladı. Bu, yalnız yükdaşımada deyil, eyni zamanda sərnişindaşımada səmərəliliyin artırılmasına gətirib çıxardı. Əvvəllər yanacaqla işləyən qatarlar tədricən elektriklə işləyən qatarlara keçirildi, müstəqillik dövründə isə bu elektrovozlar daha da təkmilləşdirildi, sərnişin qatarları tədricən formasını dəyişərək sürət qatarları ilə əvəzləndi. Azərbaycanda bu gün Bakı-Ağstafa, Bakı-Sumqayıt, Abşeron yarımadasında sürətli elektrik qatarları hərəkət etməkdədir”.
Ekoloq Azərbaycanın bu istiqamətdə daha yeni layihələrə imza atmağa davam etdiyini bildirib:
“Hazırda Qars-Naxçıvan xətti işlənməkdədir və inanıram ki, yaxın üç ilə başa çatacaq. Həm turizmin inkişafında, həm də sərnişindaşımada bu xəttin çox böyük rolu olacaq. Azərbaycan tezliklə istər Tiflis istiqamətində, istərsə də dediyim kimi, Qars istiqamətində sürət qatarlarını xəttə buraxacaq. Dəmiryol nəqliyyatı ekoloji təmiz nəqliyyat vasitəsidir. Azərbaycan günəşli ölkədir və bu enerjidən yüksək səviyyədə istifadə olunur. Məncə gələcəkdə elektrik qatarlarında daha çox günəş batareyaları quraşdırılmaqla da bu enerjidən maksimum istifadə olunacaq. Bunun əhəmiyyətini saymaqla bitməz”.
Beynəlxalq təcrübə və Azərbaycan modeli
Bu gün Avropada yerüstü nəqliyyatda daha çox dəmiryol nəqliyyatından geniş istifadə olunur. İnsanlar şəxsi minik maşınları və avtobusdan çox, sürət qatarına üstünlük verirlər. Bunun üçün sərnişinlərə hər cür şərait yaradılır. Bu təcrübənin eynisi Azərbaycanda da tətbiq olunur. Məsələn, Azərbaycanda Qəbələ xətti çəkilib. Bu, xətlərin hərəkəti və yerli infrastrukturların formalaşması ilə şəxsi nəqliyyat və avtobuslardan az istifadə olunmağa başlanılacaq. Bu ətraf mühitin ekoloji təmiz olmasında çox önəmlidir və insan sağlamlığında böyük rol oynayır. Eyni zamanda avtomobil qəzalarının qarşısı alınır. Dəmiryol nəqliyyatının istifadəsi zamanı insanlar da qəzalardan uzaq olmuş olur. Sürətli qatarlar Yaponiyada güclü inkişaf edib. Hətta binaların altından qatarlar keçib gedir. Qatarlar o qədər sakit və səssiz şəkildə hərəkət edir ki, hətta binalarda yaşayan sakinlər bunu hiss etmir. Gələcəkdə bu təcrübənin ölkəmizdə də tətbiq olunacağına əminik.
Məsələn, saatda 200-300 kilometr sürətlə hərəkət edən qatarlar var. Çin, Yaponiya, Avropa təcrübəsindən istifadə edərək, biz də daha sürətli qatarlardan istifadə edəcəyik. Yollarımız inkişaf etdikcə bizdə də bu qatarların sürəti, rentabelliyi artırılacaq. Sərnişinlərin bir şəhərdən digər şəhərə vaxtında gedib çatması baxımından çox əhəmiyyətlidir.
Azərbaycan dəmir yolları mütəmadi olaraq beynəlxalq əməkdaşlıqlar çərçivəsində yeni layihələrə imza atır.
Məsələn, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi həm ölkənin tranzit potensialını artırır, həm də regionda ekoloji təmiz nəqliyyatın inkişafına təkan verir.
Bundan əlavə bu layihələr, Azərbaycanın strateji nəqliyyat qovşağı kimi mövqeyini daha da gücləndirir və ekoloji təmiz nəqliyyatın yayılmasına şərait yaradır.
Sərnişin məmnunluğu və istəklər
ADY-nın daimi istifadəçisi Aysel Quliyeva dəmiryol nəqliyyatının üstünlüklərinin bitib-tükənmədiyindən danışıb:
“ADY-nın daimi istifadəçisi olmaq üstünlükdür. Tıxacların bu qədər geniş yayıldığı vaxtda günün pik saatları-səhər və axşam saatlarında sürət qatarı bizə yardımçı olur. Mən hər gün Sumqayıt şəhərindən Bakıya sürət qatarı ilə işə gedib-qayıdıram. 45-55 dəqiqəyə öz evimə rahat və etibarlı şəkildə gəlib çata bilirəm. Hazırda yay rejiminə keçən qatarlarda sərinləşdirici qurğulardan da istifadə olunur. Bu da ADY tərəfindən vətəndaşların daha komfortlu şəkildə mənzil başına çatmalarına yardımçı olur. Sürət qatarının digər bir üstünlüyü biznes qatarlarının ekonom qiymətinə verilməsidir. Qatarların sayı artırılarsa, eyni zamanda uşaqların bəzən dinc olmadıqlarını nəzərə alsaq, qatarlarda uşaqlar üçün də zonalar nəzərdə tutularsa çox gözəl olar”.
Həyatımızı asanlaşdıran sürət qatarları
ADY-nın daimi digər bir istifadəçisi Rəşid Qarayev də hər gün sürət qatarından istifadə edir:
“Həm ekoloji təmizlik, həm də daha sürətli və rahat səyahət üçün bu nəqliyyat vasitəsi əvəzedilməzdir. Digər ictimai nəqliyyatla tıxacda keçən uzun dəqiqələr yerinə bu qatarlar vasitəsilə çox qısa zamanda mənzil başına çatmaq mümkün olur. Eyni zamanda mənimlə birlikdə bu qatardan istifadə edən şəxsi avtomobili olan tanışlarım da var, tıxaclardan təngə gəldiklərini bildirirlər. Qatarlar arasındakı vaxtın az olması, rahat ən son yeniliklərlə təchiz edilmiş olmaları, sərnişinlərin ən sıx olduğu yerlərdə stansiyaların yaradılması sərnişinlərin bu vasitəyə olan marağını daha da artırır. Gələcəkdə stansiyaların sayının artırılmasını və sərnişinlərin sıx olduğu digər ərazilərdə də bu qatarların hərəkətini görmək çox xoş olardı”.
Mənzil başına aparan sürətli, elektrikli yollar
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev son dövrlər dəmiryoluna ciddi şəkildə diqqət ayrıldığını, yolların sürətli elektrikli yollara çevrildiyini bildirir:
“Bu sürətli inkişaf istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətində həm yük, həm də sərnişin daşımada çox böyük avantajlar verir. Biz bilirik ki, Şimal-Cənub istiqamətində Rusiyadan İran Körfəzinə – Bəndər-Abbasa qədər olan dəmiryolu hissəsi artıq tamamlanmaq üzrədir. Şimal-Cənub dəhlizi çox böyük perspektivlər vəd edir. Şərq-Qərb dəhlizi də eyni zamanda Çindən gələn qatarların Londona qədər getməsi ölkəmizə üstünlük verəcək. Eyni zamanda Zəngəzur dəhlizi açıldıqdan sonra bu dəhlizdən keçməsi bizə avantajlar verəcək. Bundan başqa, sərnişindaşımada həm Bakı-Sumqayıt, həm də şəhərlərarası – Gəncə, Qazax istiqamətində aparılan işlər də qənaətbəxşdir. Ölkə iqtisadiyyatının tempi artdıqca yük və sərnişin daşımalarının həcminin ondan daha da sürətli artması tələb olunur. Şimal-Cənub hissəsində son dövrlərdə İranda bu istiqamətdə ciddi addımlar atılır. Artıq dəmiryolu olmayan hissələrdə reyslər çəkilməyə başlayır. Bu yolda Ələt-Astara istiqamətində dəmiryolu layihələndirməsi işləri də artıq başa çatıb və tez bir zamanda onun tikintisi həyata keçiriləcək və həmin xətti elektrikli xəttə çevirərək, daha sağlam və sürətli yol təşkil edərək Şimal-Cənub istiqamətində bu yolun yükdaşımalarına ciddi qatqısı olacaq”.
Ölkənin qarşıya qoyulan prioritet məsələlərindən birinin də dəmiryolu şəbəkəsinin genişləndirilməsi, təkmilləşdirilməsi, inkişaf etdirilməsi, dövlətimizin buna kifayət qədər vəsait və diqqət ayırdığını deyən ekspert gələcəkdə arzulanan yeni layihələrin də gerçəkləşəcəyini vurğulayır:
“Qəbələ istiqamətində sürətli dəmiryolu xətti çəkilib. Düşünürəm ki, çox effektiv layihədir. Gələcəkdə bu layihə həm turizm, həm də yükdaşıma baxımından öz effektivliyini göstərəcək. Eyni zamanda Balakən istiqamətində növbəti bir layihə də var. Düzdür, orada xətt olsa da, biz Şəki, Qax istiqamətində də dəmiryolunu daha da inkişaf etdirməliyik. İşğaldan azad olunmuş torpaqlarda da yeni çəkilən dəmiryolu xətlərinə də qeyd etmək lazımdır. Bu istiqamətdə də Bərdə-Ağdam-Xankəndi dəmiryolunun çəkilməsi çox böyük perspektivlər vəd edir. İşğaldan azad edilmiş torpaqlarımıza sərnişinlərin, eyni zamanda həmin bölgənin iqtisadi cəhətdən inkişaf etməsinə, tikinti materiallarının daşımasında çox böyük faydası olacaq”.
“Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi iqlim təşəbbüsləri müsabiqəsinə təqdim olunur
İsmayıl Dadaşov
www.yenicag.az