Adı kimi hünərlidir

media-hightechnic-468x90
Beş il əvvəlin bu günləri idi… Hamımız eyni hissləri yaşayırdıq. Ürəyimiz ön cəbhə ilə döyünür, həyəcanla, nigaranlıqla oradan gələn xəbərləri gözləyirdik. Bir gözümüz gülür, digəri ağlayırdı. Yurdlarımızın bir-bir düşmən tapdağından azad edilməsi ürəyimizi fərəhdən dağa döndərir, aldığımız şəhid xəbərləri isə hamımızı kədərə bürüyürdü.
Qələbəyə inamımızın tam olduğu həmin günləri biz arxa cəbhədə ekran arxasından izləyirdik, onlar isə od-alovun içində, ölümün gözünə dik baxaraq Vətən uğrunda döyüşürdülər. 

Müharibənin cəsurluqları ilə öyündüyümüz canlı şahidləridir onlar – qazilərimiz. Qürur mənbəyimiz olan bu igidlər yalnız döyüşməyiblər, həm də tarix yazıblar. Qəhrəmanlıq dastanı yazan bu vətən oğullarından biri də qazi Məmmədov Hünər Mehman oğludur.

Ad insana təsadüfən verilmir. Hər ad bir taleyin, bir missiyanın başlanğıcı olur. Hünər Məmmədovun həyatı da elə uşaqlıqdan bu adı doğruldurdu. Hünəri elə o vaxtlardan  doğmaları, qonşuları, müəllimləri mərd, qorxmaz, ədalətli, igid oğlan kimi tanıyırdılar. Böyüdükcə xarakterindəki bu keyfiyyətlər daha da möhkəmlənirdi. “Vətən bizə ata yurdudur, onu qorumaq borcumuzdur”, – deyən Hünər sözünü İkinci Qarabağ müharibəsində əməli ilə də təsdiqlədi.

“Əgər bu torpaq uğrunda bir damla qanım töküləcəksə, demək həyatım əbəs yerə keçməyib”

1997-ci il fevralın 15-də Qobustan rayonunun Nərimankənd kəndində dünyaya göz açan Hünərin uşaqlıq arzusu hərbçi olmaq idi. Uzun illər ölkəmizin üzərində dolanan qara buludlar, minlərlə insanımızın ölümünə, yüz minlərlə vətəndaşımızın yurd-yuvasından didərgin salınmasına səbəb olan faciələr Hünərin körpə qəlbinə də təsirsiz ötüşmürdü. Böyüklərin söhbətindən, televiziyadakı xəbərlərdən vətənimizin ağrı-acılı taleyindən xəbərdar olan və qəlbi özündən qat-qat böyük bu uşaq elə o günlərdən böyüyəndə hərbçi olacağını özünə söz vermişdi. Hər gecə başını yastığa qoyanda döyüşə gedəcəyini, düşməndən xalqımızın qisasını alacağını, torpaqlarımızı azad edəcəyini xəyal edirdi. Birinci Qarabağ müharibəsinin iştirakçılarının həyatı ilə maraqlanır, onların söhbətlərinə qulaq asırdı. Hər dəfə müharibə ilə bağlı kinolara baxanda özünü baş roldakı aktyorların yerinə qoyur, böyümək üçün günlərini sayırdı.

Hünər böyüdükdən sonra uşaqlıqda özünə verdiyi sözü unutmur. “Əgər bu torpaq uğrunda bir damla qanım töküləcəksə, demək həyatım əbəs yerə keçməyib”, – deyir həmişə. Kənddə orta təhsilini başa vurduqdan sonra 2015-ci ildə hərbi xidmətə yollanır, 2016-cı il Aprel döyüşlərində müddətli əsgər kimi iştirak etdikdən sonra orduda qalıb gizir hərbi rütbəsində xidmətini davam etdirir. İlk olaraq Ağcabədidə, daha sonra isə Beyləqanda hərbi xidmətdə olur.

Vətən müharibəsindəki döyüş yolunu bizimlə bölüşən Hünər deyir ki, Tovuz hadisələri baş verdikdən sonra səbri tükənmək həddinə çatıb: “Amma ora xidmət etdiyim istiqamət olmadığı üçün o bölgəyə gedib hər hansı bir tapşırıq icra edə bilmirdik. Bu bizə çox təsir edirdi. Xəbərlərdə xalqımızın necə birləşdiyini, vətənpərvər oğulların səfərbərlik idarələrinə axınını gördükcə ruh yüsəkliyimiz daha da artır, tez bir zamanda Ali Baş Komandanımız tərəfindən işğal altında olan torpaqlarımızın azad olunması əmrinin verilməsini istəyirdik. Nəhayət, Vətən müharibəsində biz də  Cəbrayıl-Füzuli istiqamətində əks-hücumun tank əleyhinə dəstəyini təmin etməyə başladıq”.

Cəsur döyüşçü

44 günlük Vətən müharibəsinin ilk günündən özünü cəsur, bacarıqlı döyüşçü kimi göstərən Hünər müharibənin sonuna qədər var qüvvəsi ilə torpaqlarımızın azadlığı üçün döyüşüb. Döyüş texnikasının nömrəsinin Milli Qəhrəman Albert Aqarunovun tankının nömrəsi ilə eyni olması isə ona xüsusi ruh yüksəkliyi verib. Bu, ona düşmənin 7 tank, 1 BMP, 3 müşahidə məntəqəsi və möhkəməndirilmiş dayaq nöqtələrini, 1 sursat maşınını, 1 şəxsi heyət maşınını və digər sursatlarını məhv etməsində gərəyinə gəlib:

– Əks-hücum əmrini alanda keçirdiyim hissləri ifadə edə bilmirəm. İllərlə gözlədiyim gün çatmış, düşməndən qisas almağın zamanı gəlmişdi. 2020-ci il sentyabrın 27-si səhər saatlarında tapşırıq gəldi, əsas vəzifəmiz irəliləyən piyada bölmələrinin önünü açmaq idi. İlk olaraq döyüşə Lələtəpənin sağ tərəfində yerləşən Yastıtəpədən başladıq. Həmin bölgədə zirehli texnikalarımız düşmən pusqusu ilə rastlaşdılar. Düşmən yüksəkliklərə çəkilib bizim texnikaları məhv etməyə çalışırdı. Həmin vaxt mənə pusquya düşən texnikaların və şəxsi heyətin müdafiəsi tapşırıldı. Düşmənin 1 tank, 1 BMP-sini məhv edib, onların irəliləməsinin qarşısını aldım. Bu zaman sol cinahımızdakı bölmələrin irəliləməsi düşməni geri çəkilməyə məcbur etdi.

Ən çətin döyüşünün Cəbrayıl rayonunun mərkəzində olduğunu deyən gizir burada düşmənin gözlənilməyən istiqamətdən qəfil hücumu ilə rastlaşıb. Mövqelərdə irəliləyən hərbçilərimizi pusquya salıb hücuma keçiblər. Həmin vaxt həm say olaraq, həm də texnika olaraq düşməndən az olublar.

– Oktyabrın 7-si idi. Bir neçə gün idi ki, Cəbrayılda Dostluq bulağı adlanan yerdə idik. Düşmən artilleriya atışları ilə ordumuzu ləngitməyə, itki verməsinə, hücumların qarşısını almağa çalışırdı. Qarşıdakı yüksəklikdə düşmənin möhkəmlənmiş müşahidə mövqeyi var idi, oradan bizi rahat müşahidə edir, koordinatlarımızı artilleriya bölmərinə göndərə bilirdi. Biz məcburiyyətdən əlverişli mövqələrə yayılaraq düşmənin artilleriya zərbələrindən yayınmağa çalışırdıq. Bu vaxt şəhid polkovnik, Milli Qəhrəman Şükür Həmidov həmin məntəqənin məhv edilməsi əmrini verdi.

Təqribən saat ikidə həmin məntəqə məhv edildi. Bundan sonra düşmənin artilleriya atışları səngiməyə başladı. Təxminən iki saatdan sonra düşmənin Şükürbəyli istiqamətində tanklar və piyadalarla hücum planlaşdırdığı barədə məlumat gəldi. Hücumun qarşısını almaq üçün əlverişli mövqelərdə qərarlaşıb tankları məhv etmək isə bizə tapşırıldı.

Hünər deyir ki, həmin vaxt hərbçi yoldaşları əsl şücaət göstərərək düşmənin üzərinə gedib onların diqqətini öz üzərlərinə çəkməyə, özlərini hədəf göstərməyə, ona tankları məhv etmək üçün vaxt qazandırmağa başlayırlar. Bundan sonra əlverişli mövqeyə çıxan Hünər əsl bacarıq nümayiş etdirərək düşmənin 4 tankını məhv edir. Tank əleyhinə sursatı bitən, avtomatda son 2 darağı qalan hərbçi şəhidlərimizin yanında bir qumbaraatan olduğunu  görür. Onu götürüb irəliləməyə, digər tankları məhv etməyə başlayır. Bununla da bölmələrimiz üçün həm üstünlük, həm düşmənin geri çəkilməsi üçün şərait yaradır. Hünər deyir:

– Gözlərimə inanmağın gəlmirdi, az qüvvə ilə düşməni geri çəkilməyə məcbur etmişdik. Xüsusi təyinatlı qüvvələr köməyimizə çatmasaydı, oradan çətin ki, hansısa birimiz sağ çıxaydıq. Düşmən texnikalarını belə ataraq geri qaçırdı. Artıq dörd tankı məhv edilən düşmən, bizim tank əleyhinə sursatımızın tükəndiyindən xəbərsiz idi. Onların geri çəkildiyini görüb tez yaralı silahdaşlarımın yanına qaçdım. Kömək görsətməyə çalışarkən onun döyüş yoldaşım Rüfət (baş leytenant Rüfət Əsədullayev) olduğunu, müxtəlif nayihələrindən ağır yaralar aldığını gördüm. Yaralarını sarıyaraq, qan axmasının qarşısını almağa çalışdım. Çox qan itirmişdi deyə qismən huşunu itirirdi. Məni güclə tanıdı. Digər yoldaşların köməyi ilə onu təhlükəli ərazidən çıxarıb maşına mindirdik və tibbi yardım maşınına çatdırdıq.

Bu döyüşlərdən sonra Hünəri mümkünsüz görünən döyüş tapşırıqlarını yerinə yetirdiyinə görə “Sehrbaz” – deyə çağırmağa başlayırlar. Hərbçi yoldaşları onun haqqında bu gün də danışanda – “Elə oğuldur ki, Hünər. Bir düşmən texnikasını gözdən qaçırmazdı.  Ona baxanda bütün həyəcanımız yoxa çıxırdı”, – deyirlər.

Hünər Məmmədov döyüş meydanında göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, “Vətən müharibəsi iştirakçısı”, “Hərbi xidmətdə fərqlənməyə görə”,  “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları və  “Rəşadət” ordeni ilə təltif edilib.

44 gün artıq bizim üçün sadəcə bir rəqəm deyil. Həmin günlərdə minlərlə igidimiz canını Vətən uğrunda fəda etdi. Onların mərdliyi hesabına qələbə qazandıq. Kimi şəhid oldu, kimi qazi… Amma hamısı  qəhrəman oldu.

Hünər Məmmədov da Vətən müharibəsində göstərdiyi igidliklərlə bu qəhrəmanların cərgəsinə qoşuldu…

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa