Sülhün də, gücün də sahibi Azərbaycan!
Zəfər Günü münasibətilə keçirilən hərbi parad Azərbaycanın son illərdə regionda formalaşdırdığı yeni siyasi və təhlükəsizlik mühitinin nümayişi kimi qiymətləndirilə bilər. Bu parad, şübhəsiz ki, təkcə hərbi potensialın deyil, həm də ölkənin diplomatik nüfuzunun, müttəfiqlik əlaqələrinin və strateji tərəfdaşlıq modelinin siyasi simvolu kimi tarixdə qalacaq.
Türkiyə və Pakistan liderlərinin Bakıya səfəri, paradda Azərbaycan Prezidenti ilə birgə iştirak etmələri, regionda baş verən proseslər fonunda dərin geosiyasi məna daşıyır. Hər üç dövlətin eyni mərasimdə bir araya gəlməsi, beynəlxalq münasibətlərdə yeni bir təhlükəsizlik və əməkdaşlıq formatının möhkəmlənməkdə olduğunu göstərir. Bu, həm siyasi koordinasiya, həm də ideoloji yaxınlıq baxımından, Cənubi Qafqazda və daha geniş mənada Avrasiya məkanında yeni tarazlığın formalaşdığını ifadə edir.
Azərbaycan Prezidentinin vurğuladığı kimi, Azərbaycan öz gücü və iradəsi hesabına ərazi bütövlüyünü təmin edib və bundan sonra da regionda sülhün və sabitliyin təminatçısı rolunu davam etdirəcək. Bu bəyanat həm də postmünaqişə dövründə dövlətin prioritetlərini müəyyənləşdirən strateji istiqamətlərin konturlarını nümayiş etdirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı iki mühüm tezis üzərində qurulmuşdu: Bunlardan birincisi, Qarabağ uğrunda mübarizənin bütün türk dünyası üçün ortaq dəyər olması, ikincisi isə Ankara ilə Bakının müttəfiqliyinin artıq regional çərçivədən çıxaraq beynəlxalq təhlükəsizlik sisteminin mühüm komponentinə çevrilməsidir. Bu, “bir millət, iki dövlət” prinsipinin praktik xarakter daşıdığını və qarşılıqlı hərbi-siyasi inteqrasiyanın dərinləşdiyini göstərir.
Pakistan liderinin iştirakı isə bu formatın daha geniş coğrafiyaya açılmasına işarədir. Pakistanın həm Cənubi Asiyada, həm də İslam dünyasında nüfuz sahibi olması, onun Azərbaycanla eyni platformada dayanmasını geosiyasi baxımdan əhəmiyyətli edir. Bu, Azərbaycanın beynəlxalq müstəvidə çoxvektorlu siyasət yürütmək imkanlarını artırır, Qlobal Cənubun siyasi mövqeləri ilə Qafqaz regionu arasında strateji körpü yaradır.
Hərbi paradın özü həm də Azərbaycan Ordusunun son illərdə keçdiyi struktur islahatlarının, müdafiə sənayesinin inkişafının və texnoloji modernləşmənin nəticələrini əyani şəkildə göstərdi. Bu, həm hərbi güc nümayişi idi, həm də regional təhlükəsizlik sistemində yeni reallıqların təsdiqi. Türkiyə ilə ortaq təlimlər, istehsal sahəsində əməkdaşlıq və strateji əlaqələr Azərbaycanın müdafiə qabiliyyətini keyfiyyətcə yeni mərhələyə yüksəldir.
Zəfər Günü paradı həm simvolik, həm də praktiki baxımdan yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Simvolik tərəfi ondan ibarətdir ki, bu tədbir müstəqil dövlətçilik ideyasının, milli iradənin və suveren qərarvermə prinsipinin təsdiqidir. Praktiki tərəfi isə ondan ibarətdir ki, bu hadisə regionda yeni diplomatik münasibətlər modelinin formalaşmasına təkan verir. Azərbaycan artıq yalnız regional aktor deyil, həm də müxtəlif güc mərkəzləri arasında əlaqələndirici, balans yaradan bir dövlət kimi çıxış edir.
Zəfər paradı göstərdi ki, Azərbaycan yeni qələbələr qazanmağa, Zəfəri qorumaq, inkişaf etdirməyə qadirdir, qüdrətlidir. Biz təkcə silahla yox, ədalətlə də güclüyük!
Anar Yusifoğlu
Əməkdar jurnalist












