Azərbaycanın Rusiya Federasiyası ilə sərhədyanı rayonlarının ərazisində “Sərhəd-sipər” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər başlayıb.
Yenicag.az-ın verdiyi məlumata görə, əməliyyatlar Azərbaycan Respublikası və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən aparılır.
Aparılan əməliyyatlarla əlaqədar Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının ərazilərində müvafiq yerlərdə polis postları qurulub.
Əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarətdir.
İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin ölkəmizin milli maraqlarına, qanunçuluq prinsiplərinə ciddi riayət olunaraq reallaşdırılan belə kompleks əməliyyat-axtarış tədbirləri mütəmadi olaraq həyata keçirilir.
“Sərhəd-Sipər” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər bir həftə davam edəcək.
www.yenicag.az