Azərbaycan-Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edildi
Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülov Azərbaycan-Türkiyə MMU-ları arasında keçirilməsi planlaşdırılan Yüksək Dialoq İclasında iştirak etmək məqsədi ilə Bakıda səfərdə olan həmkarı professor Ərhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Yenicag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qonaqları salamlayan general-mayor G.Əbdülov universitetin təhsil sistemi və tədris prosesi, rəqəmsal sistem vasitəsi ilə MMU-nun tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları və statistikası, eləcə də perspektivdə nəzərdə tutulan planlar haqqında məlumat verib. Dövlət başçımızın hərbi təhsil sisteminin inkişafına göstərdiyi qayğıdan, Azərbaycan Ordusunda peşəkar kadrların hazırlanması istiqamətində həyata keçirilən tədbirlərdən söhbət açıb.
Bu cür görüşlərin hərbi təhsil sahəsində əlaqələrimizə müsbət töhfə verdiyini vurğulayan professor Ə.Afyoncu qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdırıb.
Universitetlərin rəhbər heyətləri arasında keçirilən görüşdə hər iki qardaş ölkənin hərbi təhsil sahəsində əməkdaşlığının daha da genişləndirilməsi məqsədilə görülən işlər, perspektiv planlar, eləcə də maraq kəsb edən digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Türkiyəli qonaq görüşün sonunda universitetin xatirə kitabına ürək sözlərini yazıb.