“Türkiyə Prezidentinin işğaldan azad olunmuş ərazilərdə inşa edilən strateji obyektlərin açılışında iştirakı onun səfərlərinə xüsusi bir məzmun verir”.
Bu fikirləri AzərbaycanPrezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilanda beynəlxalq hava limanının istifadəyə verilməsinin siyasi əhəmiyyətini şərh edən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.
Onun fikrincə, Azərbaycanın təhlükəsizliyinin müntəzəm möhkəmləndirilməsi iki qardaş ölkənin birgəliyinin ən mühüm hədəflərindən biridir:
“Ərdoğanın Azərbaycana budəfəki səfəri də sadəcə, cari deyil, həm də onun doğuracağı uzaqmənzilli nəticələri nəzərə alınmaqla qiymətləndirilə bilər. Türkiyə lideri bu səfəri ilə bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə münasibətləri Vətən müharibəsi dövründən başlayaraq tam yeni dönəmə daxil olub və bütün istiqamətlərdə getdikcə daha da dərinləşməkdədir.
Türkiyə Prezidentinin işğaldan azad olunmuş ərazilərdə inşa edilən strateji obyektlərin açılışında iştirakı onun səfərlərinə xüsusi bir məzmun verir. İlham Əliyevlə Ərdoğanın öncə Füzuli, indi isə Zəngilan hava limanının açılışında birlikdə iştirak etmələri dünyaya verilən növbəti mesaj oldu.
Bu mesajın əsas məzmunu ondan ibarətdir ki, işğaldan azad edilən ərazilərin, ümumiyyətlə, bütövlükdə Azərbaycanın təhlükəsizliyinin müntəzəm möhkəmləndirilməsi iki ölkənin birgəliyinin ən mühüm hədəflərindən biridir. Yəni Azərbaycan və Türkiyə prezidentləri adları çəkilən hava limanlarının istifadəyə verilməsinə çox mühüm təhlükəsizlik faktoru kimi yanaşırlar.
Zəngilan hava limanın açılışı həm də Ermənistana bir mesajdır ki, onun uzun müddət işğal altında saxladığı ərazilərdə artıq Azərbaycanı dünya miqyasına çıxaran yeni aeroportlar tikilir. Yəni inşa olunan bu hava limanları Azərbaycanın dünyaya açılan yeni pəncərələridir. Bu pəncərələrin açılmasının ən böyük fiqurları isə əlbəttə ki, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğandır”.
A.Zeynalov
www.yenicag.az