Azərbaycanda 308 məktəbli abort etdirib – RƏSMİ

Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi-katibi, Doğuşayardım Komissiyasının cənub bölgəsi üzrə kuratoru Leyla Məmmədova Azərbaycanda 1200 məktəbli qızın abort etdirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

L.Məmmədova açıqlamasında qeyd edib ki, burada söhbət sırf məktəblilərdən yox, yeniyetmələrdən gedə bilər: “İlkin olaraq qabardılmalı məsələ erkən nikahlardır. Çünki abort olanda bu o demək deyil ki, yeniyetmə bunu öz istəyi ilə edib. Çox vaxt erkən nikahlar zamanı vaxtından əvvəl düşüklər, inkişafdan qalmış hamiləliklərin hamısı ümumi abortların statistikasında cəmləşir. Erkən nikah məsələsində söhbət təkcə məktəblidən getmir. Söhbət məktəbdən yayındırılıb ailə quran yeniyetmələrdən gedir”.

Hamiləliyin vaxtından əvvəl pozulması məsələsinə gəlincə, Doğuşayardım Komissiyasının mütəxəssisi vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatı 10-19 yaşarası olanları yeniyetmə hesab edir: “Əgər hamilə qalan qadının 18-19 yaşı varsa, o, öz arzusu ilə bunu sonlandıra bilər. Yox əgər söhbət yetkinlik yaşına çatmayanlardan gedirsə, hamiləliyin 11-ci həftəsinə qədər onlara sonlandırma məsləhət görülür. Digər qalan məsələlər isə tibbi göstərişdir. Bu zaman da hamiləliyin 12-ci həftəsinə qədər həmin şəxsin qanuni nümayəndəsinin icazəsi ilə hamiləlik sonlandırıla bilər”.

Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi-katibi əlavə edib ki, inkişafdan qalmış hamiləlik də statistikada abortların arasında qeyd olunur: “Yeniyetmə yaşlarında döldə qüsurun olması ehtimalı çox yüksəkdir. Bundan başqa, yeniyetmənin sağlamlığı ilə bağlı bədəndə tibbi göstəriş meydana çıxır ki, hamiləlik sonlandırılsın. Çünki yeniyetmə orqanizmi bir çox hallarda dölü tam yetişdirmək imkanına malik olmur”.

“Report” məsələni gündəmə gətirən təhsil məsələləri üzrə ekspert Kamran Əsədova da müraciət edib. O deyib ki, hər il aidiyyəti dövlət orqanları müxtəlif statistik göstəricilər açıqlayır: “Mən də təhsil araşdırmaçısı olaraq onları toplayır, bu və ya digər yazılarda istifadə edirəm. Hər il abort etdirən xanımların sayı barədə və onları yaş həddi haqqında məlumat yayılır. Orada hər il qeyd olunur ki, 15-18 yaşlarında olan bu qədər xanım abort edilib. Əlbəttə ki, onların məktəbli olub-olmaması barədə məlumat yoxdur. Amma 15-16-17 yaşlarında olan şəxs qanunvericilik aktlarına görə məktəbli hesab olunur. İllər ərzində KİV-də çıxan rəqəmlərdən əgər aidiyyəti şəxslərin xəbəri yoxdursa, bu artıq onların vəzifəsinin öhdəsindən gələ bilməməsi deməkdir. Bu rəqəmlər rəsmi saytlara istinad edilərək götürülüb”.

“Report” bildirir ki, Dövlət Statistika Komitəsinin rəsmi hesabatına əsasən, 2012-2016-ci illər ərzində ümumilikdə 308 abort (2012-ci ildə 63, 2013-cü ildə 88, 2014-cü ildə 88, 2015-ci ildə 50, 2016-cı ildə 19) məhz 15-17 yaş arası olan qadınları əhatə edir. 2017-ci ilin statistikası isə hələ açıqlanmayıb.(Report)