!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda EKOSİSTEMİN QORUNMASI: Dövlətin həyata keçirdiyi tədbirlər hansı nəticəni verir? – TƏHLİL

!Reklam – Yazi

Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərindən biri ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə olunmasıdır. Təbii, insanın həyatında və fəaliyyətində təbiətin rolu danılmazdır. Buna görə də 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Məclisinin İsveçin paytaxtı Stokholmda keçirilən iclasında 5 iyun tarixinin Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar verilib. Dünya Ətraf Mühitin Mühafizəsi Gününün hər il geniş tədbirlərlə qeyd edildiyi Azərbaycanda da ətraf mühitin mühafizəsi və ekoloji problemlər daim diqqət mərkəzindədir.

Prezident İlham Əliyevin 2010-cu ili ölkədə “Ekologiya ili” elan etməsi bu sahəyə diqqəti daha da artırıb. “Ekologiya ili” çərçivəsində ölkəmizdə milyonlarla ağacın əkilməsi, yeni parkların salınması və dövlət başçısının özünün bu kampaniyalarda iştirakı ətraf mühitin qorunmasına yönəlik xüsusi diqqətin göstəricisi sayıla bilər. Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi ölkədə aparılan sosial-iqtisadi islahatların tərkib hissələrindən biridir.

Müstəqillik illərində ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranıb, təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində ardıcıl tədbirlər həyata keçirilib. Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir ağac əkək” layihəsi də bu sahədə həyata keçirilən fəaliyyətə böyük töhfələr verib. Ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə gerçəkləşdirilən bu layihə çərçivəsində ölkədə hektarlarla sahə yaşıllaşdırılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci il iyulun 12-dən fəaliyyətə başlayan İDEA – Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində ölkəmizdə ətraf mühitin qorunması sahəsində görülən işlər Azərbaycanda ekoloji problemlərə verilən dəyərin göstəricisidir.

Bununla yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Ətraf mühit və onun komponentlərinin qorunması məqsədilə 2018-ci ildə Qızılağac Milli Parkı yaradılıb. Nazirlik ictimai-iaşə obyektlərində reydlər keçirir, ətraf mühitə zərər verəcək hər hansı bir fəaliyyətin qarşısını alır. Son illər Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunmuş ətraf mühitlə bağlı bir sıra qanunlar bu sahədə mövcud olan boşluqların doldurulması üçün böyük imkanlar açır.

Qeyd edək ki, bu gün dünyanı narahat edən bir sıra qlobal problemlər var. Bu problemlərdən biri də iqlim dəyişmələridir. İqlim dəyişmələri və onların canlı aləmə təsiri dünya ictimaiyyətini getdikcə daha çox narahat etməkdədir. İstixana qazlarının emissiyalarının artması ilə təbii istixanaların təsirinin güclənməsi, yer səthi və atmosferin əlavə olaraq istiləşməsi ilə nəticələnir. İqlim dəyişmələri təbii ekosistemlərə, eləcə də məhsuldarlığa mənfi təsir göstərir ki, bu da bəşəriyyəti təhlükəyə məruz qoya bilər. Bu fonda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) əsas məqsədi iqlim sistemində təhlükəli antropogen müdaxilənin qarşısını ala biləcək səviyyədə istixana qazlarının atmosferdə konsentrasiyalarının stabilləşməsinə nail olmaqdır.

Bu səviyyə ekosistemlərin iqlim dəyişikliyinə təbii olaraq uyğunlaşmasına imkan vermək, qida istehsalının təhlükəyə məruz qalmamasını təmin etmək və iqtisadi inkişafın dayanıqlı şəkildə davam etməsinə imkan yaratmaq üçün kifayət edə bilən zaman çərçivəsində əldə edilməlidir. Ətraf mühitə mənfi təsir göstərən səbəblərdən biri də bərk məişət tullantılarının, xüsusilə, plastik tullantıların düzgün idarə olunmamasıdır. Bu sahədə vəziyyəti mürəkkəbləşdirən amillərdən biri də plastik tullantıların təbiətdə miqdarının ilbəil artmasıdır. Avropa İttifaqına (Aİ) üzv dövlətlər tərəfindən qablaşdırma tullantılarının əmələ gəlməsinin qarşısını almaq və bu tullantıların ətraf mühitə təsirini azaltmaq məqsədilə qablaşdırma tullantılarının təkrar istifadəsi sisteminin formalaşdırılması ilə bağlı tədbirlər görülür.

Eyni zamanda, nəzərdə tutulan hədəflərə nail olmaq üçün qablaşdırma tullantılarının, o cümlədən plastik qablaşdırma tullantılarının geri qaytarılması və ya toplanması, təkrar emalı üçün sistemlər tətbiq edilir. Bir sıra Avropa ölkələrində qablaşdırma materiallarının toplanması, utilizasiyası, təkrar emalının maliyyələşdirilməsi qeyri-kommersiya təşkilatları (fondlar) tərəfindən həyata keçirilir. Nəticədə bəzi ölkələrdə plastik qablaşdırma tullantılarının 60-70 faizi təkrar emal edilir.

Ölkəmizdə də ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli daim Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Bu fonda ötən il Azərbaycan Ordusunun qazandığı möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş torpaqlarımızda ermənilər tərəfindən ətraf mühitə, biomüxtəlifliyə, su resurslarına vurulan ziyanın hesablanmasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri fəal iştirak edirlər. Nazirlik həmin ərazilərin bərpası və dilbər guşələrə çevrilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirməyi planlaşdırır.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda hazırlanmışdır.

COP29

www.yenicag.az

926
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv