İlham İsmayılov: “Abidənin qoyulması məsələsini dəfələrlə gündəmə gətirmişik”
Deputat Asim Mollazadə: “Azərbaycan xalqı bu ordunun başçısını mütləq yad etməlidir”
Azərbaycan 30 ilə yaxındır işğal altında olan torpaqlarını azad etdiyi 44 günlük müharibə dövründə Türkiyənin böyük dəstəyini hiss etdi. Dostluq, qardaşlıq və tarixi kökləri olan əməkdaşlıq münasibətlərinin fonunda 1918-ci ildə Bakını erməni daşnaklardan və bolşeviklərdən azad edən Qafqaz İslam Ordusuna və onun başçısı Nuru Paşaya abidənin qoyulması məsələsi gündəmə gəlib. İndiyə qədər bir neçə dəfə bu məsələ aktuallaşsa da, nəticə etibarı ilə ideya həyata keçirilməyib.
Bəs Azərbaycan ictimaiyyətində bu abidənin qoyulmasına münasibət necədir?
Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov Demokrat.az-a açıqlamasında Nuru Paşaya abidənin qoyulması üçün müvafiq orqanlara müraciət etdiklərini bildirib:
“Əvvəllər də bu barədə fikir bildirmişik. Tez-tez Qafqaz İslam Ordusunun 1918-ci ildə Bakını erməni daşnak və bolşevik quldur birləşmələrindən azad etməsi ilə bağlı tədbirlər keçiririk. Bu tədbirlərdə Azərbaycanın tanınmış ziyalıları iştirak edir, hətta Türkiyədən böyük nümayəndə heyəti iştirak edir, Qafqaz İslam Ordusunun döyüş keçdiyi yolla Gəncədən Bakıya gəlir. Bu zaman Nuru Paşaya abidənin qoyulması məsələsi də aktuallaşır. Hətta biz bu barədə deputatların, ailmlərin, professorların imzası ilə müraciətlər hazırlayıb, müvafiq orqanlara göndərmişik.
Qafqaz İslam Ordusunun, xüsusilə də Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsini, onun adının küçələrdən birinə verilməsini, abidəsinin qoyulması məsələsini dəfələrlə gündəmə gətirmişik. Bununla bağlı mübahisələrimiz də olub, amma müsbət cavab ala bilməmişik.
2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə tədbirlər keçirilirdi, həmin vaxt Bakıda parad da təşkil edildi. Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə hərbi parad keçirilən zaman bizdə inam yaranmışdı ki, yəqin ki, bu məsələ artıq həll olunar. Həmin vaxta qədər bizə mane olan, bu işin mümkünsüz olduğunu bildirən qurumların da münasibətində yumşalma vardı. Lakin ya bu məsələ yenə yaddan çıxdı, ya gündəmə gəlmədi. Bir sözlə, yenə həll edilmədi”.
İlham İsmayılovun sözlərinə görə, bu abidənin qoyulması gələcək nəsillərin Azərbaycan-Türkiyə qardaşlığına verəcəyi dəyərə təsir göstərəcək:
“Müharibə dövründə də gördük ki, bizim Türkiyə ilə dostluğumuzun tarixi ənənəsi var və onların hər baxımdan böyük dəstəyini hiss etdik. Biz tarixdə olan hadisələrə lazımi dəyəri verməliyik. Bunu edə bilməsək, gələcək nəsillər buna görə bizi qınayacaq.
44 günlük müharibə bu məsələni yenidən aktuallaşdırıb. Məncə, Nuru Paşaya abidənin qoyulması məsələsəni ictimai müzakirəyə çıxarmalıyıq. Cəmiyyətdə bu məsələnin vacibliyi və aktuallığı hiss edilməlidir. Ümid edirəm ki, aidiyyatı qurumlar da məsələ ilə bağlı adekvat addım atacaq”.
Milli Məclisin deputatı Asim Mollazadə də Qafqaz İslam Ordusuna və ya Nuru Paşaya abidənin qoyulmasını zəruri hesab edir:
“Mənə elə gəlir ki, artıq bu addımın atılması vacibdir. Qafqaz İslam Ordusu zamanında ölkəmizi erməni quldurlarından və bolşeviklərdən xilas etdi və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında böyük dəstək verdi. Bizim torpaqlarımızda həmin türk əsgər və zabitlərinin məzarları var. Onlar hər bir azərbaycanlı üçün bizim öz şəhidlərimiz kimi doğmadır. Azərbaycan xalqı bu ordunun başçısını mütləq yad etməlidir. Bu baxımdan, Qafqaz İslam Ordusuna və ya Nuru Paşaya abidənin qoyulması çox gözəl olardı və buna zərurət var. Bunun üçün ilk növbədə memarlar bu işlə məşğul olmalı, variantlar hazırlamağa başlamalıdırlar. Bu variantların da təsdiqi üçün xüsusi komissiya yaradılmalıdır.
Çox istəyərdim ki, bu abidə yüksək memarlıq üslubunda hazırlansın. Bununla həm biz, həm də dünyanın digər ölkələrində yaşayan türklər bu abidədən xəbərdar olarlar”.
www.yenicag.az