Universitetin Bakıdan Şəkiyə köçürülməsi TƏKLİF OLUNUR
“Universitetlərin şəhərdən kənarda, daha geniş ərazilərdə kampus şəklində yerləşməsi daha məqsədəuyğun olar. Belə bir yanaşma sıxlıq, tıxac və digər infrastruktur problemlərinin həllinə də müsbət təsir edə bilər”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O, Şəkidə universitet yaradılmasının müsbət nəticələrindən danışıb.
Deputat bildirib ki, 1990-cı illərdə Bakı Dövlət Universitetinin Şəki filialı fəaliyyət göstərirdi.
“Həmin dövrdə bir çox universitetlərin filialları ləğv olundu. Şəki şəhərindəki bu filial da Müəllimlər İnstitutunun Şəki filialı kimi fəaliyyətini davam etdirdi. Bir müddət sonra Müəllimlər İnstitutu da ləğv edildi və həmin filial hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı kimi fəaliyyət göstərir.
Arzumuz budur ki, ölkənin şimal-qərb bölgəsinin mərkəzi şəhəri və çox geniş bir əraziyə malik olan qədim Şəki şəhəri gələcəkdə müstəqil bir universitetə sahib olsun. Hazırda fəaliyyət göstərən Pedaqoji Universitetin Şəki filialı həm maddi-texniki bazasına, həm tədris binasına, həm də professor-müəllim heyətinə görə böyük potensiala malikdir. Bu gün filial olaraq da Pedaqoji Universitetin ən uğurlu və nümunəvi filiallarından biridir. Buraya yüksək ballı tələbələr qəbul olunur, keyfiyyətli təhsil alırlar və nəticələri də çox uğurludur. Gələcəkdə bu təhsil ocağı müstəqil universitet kimi də fəaliyyət göstərə və ölkəmizin ali təhsil siyasətinə öz töhfəsini verə bilər”.
Onun sözlərinə görə, universitet təkcə bina ilə ölçülmür:
“Universitetin müasir laboratoriyaları, praktik vərdişlərin öyrədilməsi üçün şəraiti, yataqxanası, kampus şəraiti də olmalıdır. Paralel olaraq, tələbələrin asudə vaxtlarının səmərəli təşkili və sosial təminatı da nəzərə alınmalıdır.
Şəkidə belə kampusun yaradılması üçün geniş ərazi tapmaq mümkündür. Gələcəkdə universitetin yerləşdiyi ərazi həm genişləndirilə, həm də kampus şəklində inkişaf etdirilə bilər. Bu gün bütün universitetlər arzulayır ki, onların geniş ərazisi və kampus şəraiti olsun, tələbələr həmin ərazidə yaşayıb oxuya bilsinlər. Necə ki, bu model ABŞ və Avropada tətbiq olunur. Ölkəmizdə də bu siyasət düşünülür.
Hazırda universitetlər əsasən Sovet dövründən qalma binalarda yerləşir. Həmin binaların çoxu müasir tələblərə cavab vermir. Buna görə də mərhələli şəkildə universitetlərin şəhərdən kənarda, daha geniş ərazilərdə kampus şəklində yerləşməsi daha məqsədəuyğun olar. Belə bir yanaşma sıxlıq, tıxac və digər infrastruktur problemlərinin həllinə də müsbət təsir edə bilər.
Digər vacib məsələ isə regionlarda universitetlərin fəaliyyət göstərməsidir. Məsələn, Qarabağ Universitetinin yaradılması bu baxımdan çox uğurlu addım idi. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bu layihə uğurla reallaşdırılır. Qarabağ Universiteti hər il inkişaf edir və gələcəkdə bölgənin əsas ali təhsil müəssisəsinə çevriləcək. Bu universitet təkcə Qarabağ deyil, ümumilikdə ölkəmizin təhsil siyasətinə də mühüm töhfə verəcəkdir”, – deyə o bildirib.
Nəsimi Ələsgərli