“Əgər bu çəkindirici güc yetərli olmasa...” – Rusiyaya qarşı cəbhə BÖYÜYÜR

media-hightechnic-468x90

“ABŞ və müttəfiqlərinin siyasi iradə və qətiyyəti ilə dəstəklənməyən sülh, sadəcə növbəti münaqişəyə qədər bir fasilə olacaq”.

Yenicag.az xəbər verir ki, bunu Ukraynanın təhlükəsizliyi ilə bağlı təhlil aparan ABŞ müdafiə nazirinin Avropa və NATO siyasəti üzrə keçmiş müavini Yan Bjezinski yazıb.

O, bildirib ki, ABŞ Ukraynanın təhlükəsizliyinə biganə qala bilməz:

“Əgər söhbət Ukraynanın təhlükəsizliyini təmin etməkdən gedirsə, ABŞ kənarda qala bilməz. Müharibəni dayandırmaq kifayət etmir – onun uzunmüddətli sülhə çevrilməsi vacibdir. Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı təcavüzünü dayandırmaq üçün istənilən razılaşmanın əsas, lakin az işlənmiş elementi Ukraynanın gələcəkdə Rusiyanın növbəti hücumlarından qorunmasıdır. Bunun üçün ABŞ daxil olmaqla müttəfiqlərin Ukraynada təhlükəsizlik təmin edən çəkindirici hərbi mövcudluğu vacibdir. Əgər bu çəkindirici güc yetərli olmasa, əldə olunan atəşkəs davamlı olmayacaq”.

Onun sözlərinə görə, bu güc bir neçə əsas problemi həll etməlidir:

“Birincisi, qətiyyətli düşmən – Rusiya ilə qarşılaşma məsələsidir. Rusiya rəhbəri Putinin Ukraynanı zəbt etmək və NATO-nu zəiflətmək planları sülh razılaşmasından sonra belə aktuallığını itirməyəcək. İkincisi, Rusiyanın geniş hərbi və iqtisadi resursları Ukraynadan dəfələrlə üstündür. Rusiyanın 600-700 minlik ordusu artıq Ukrayna ərazilərini işğal edib və müharibə iqtisadiyyatı bu ordunu dəstəkləyir. Üçüncüsü, Ukraynanın müdafiəsi üçün çətin coğrafi şərait nəzərə alınmalıdır: həm Rusiya ilə 1000 kilometrlik sərhəd, həm də daxildə 1200 kilometrlik cəbhə xətti qorunmalıdır. Dördüncü və ən önəmlisi isə transatlantik qətiyyətin nümayiş etdirilməsidir. Çünki çəkindirmə yalnız düşmən qarşısındakı gücə və döyüş iradəsinə inananda effektli olur – və bu inamın formalaşmasında ABŞ-ın rolu həlledicidir”.

O, söyləyib ki, Ukraynanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunması üçün ABŞ-nin çəkindirici qüvvəyə birbaşa töhfə verməsi şərtdir:

“Bu, mütləq şəkildə döyüş bölgəsində ABŞ əsgərlərinin olması demək olmasa da, hava hücumundan müdafiə, uzaqmənzilli zərbə sistemləri, xüsusi təyinatlılar və kəşfiyyat dəstəyi şəklində ola bilər. Eyni zamanda Ukraynanın silahlı qüvvələri təlim, silah və texniki dəstək baxımından daha da gücləndirilməli, işğal olunmuş ərazilərin Rusiya suverenliyi altında tanınmasının qarşısı alınmalıdır. ABŞ və müttəfiqlərinin siyasi iradə və qətiyyəti ilə dəstəklənməyən sülh, sadəcə növbəti münaqişəyə qədər bir fasilə olacaq. NATO-nun iqtisadi və hərbi üstünlüyü bu münaqişəni dayandırmağa yetərlidir – çatışmayan yalnız siyasi cəsarətdir”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa