“Azərbaycanda prezident seçkilərinin vaxtının önə çəkilməsinin səbəbi…”- Türkiyəli deputat FETÖ-dən danışdı
“Həm anası, həm də atası azərbaycanlı olan biri kimi Azərbaycanın gələcəyinin çox parlaq olacağına əminəm”.
Bu sözləri Yenicag.az-a açıqlama verən türkiyəli millət vəkili Nurettin Aras deyib. Azərbacanda keçirilən prezident seçkiləri ilə bağlı danışan türkiyəli millət vəkili bildirib ki, Azərbaycandakı seçkilər ölkə ilə yanaşı bölgə üçün də əhəmiyyətlidir:
“Azərbaycan 30 ilə yaxındır ki, müstəqildir. Ölkəniz digər türk respublikalarına baxdıqda daha çox inkişaf edib. 27 il bir ölkə üçün uzun zaman deyil. Qısa müddətdə əldə edilən nəticə ürək açandır, ancaq yetərli deyil. Çünki Azərbaycanın daha çox inkişaf etmək şansı var. Digər türkdilli ölkələrlə müqayisədə Azərbaycanın yeraltı və yerüstü sərvətləri var.
Türkiyə olaraq biz də hər sahədə islahatlar aparırıq. Azərbaycanda da islahatlar aparılmalıdır. Düşünürəm ki, Azərbaycanda prezident seçkilərinin vaxtının önə çəkilməsinin səbəbi ölkədə güclü islahatların aparılması ilə bağlıdır. Ümid edirəm ki, Azərbaycan xalqının arzu etdiyi islahatlar qısa zaman kəsiyində həyata keçiriləcək. Azərbaycan yeraltı-yerüstü sərvətləri və coğrafi mövqeyi ilə inkişaf etməyə uyğun bir ölkədir. İslahatlarla daha da inkişaf edəcəyi gün kimi aydındır. Həm anası, həm də atası azərbaycanlı olan biri kimi Azərbaycanın gələcəyinin çox parlaq olacağına əminəm”.
FETÖ-nün Azərbaycandakı fəaliyyəti ilə bağlı açıqlama verən millət vəkili qeyd edib ki, FETÖ məktəbləri, liseyləri vasitəsi ilə Azərbaycan xalqının arasında özünə yer edib:
“Azərbaycan xalqı xarakter baxımından FETÖ-ya uyğun deyil. Azərbaycan xalqının FETÖ ideologiyası ilə bir araya gəlməsi mümkün deyil. Keçmişdə gənclərin, həm də vəzifə sahibi olan insanların övladı olanların FETÖ tərəfindən zəhərləndiyini bilirik. Hətta azərbaycanlı gənclərin bəzilərinin FETÖ-yə aid universitetlərdə oxuduğu, onların yataqxanalarında qaldığı barədə məlumatımız var. Ancaq bütün gənclərin FETÖ ilə zəhərləndiyini deyə bilmərik, varsa da, onların övladlarımız olaraq reabilitasiya edilməsi vacibdir”.
Türkiyənin uğurlu Afrin əməliyyatı və daha sonra bu əməliyyatların davam etməsi ilə bağlı da danışan Nurettin Aras qeyd edib ki, Qərb Türkiyə sərhədində “dövlətciklər” qurmaq istəyir:
“Türkiyə olaraq biz bunu öncədən gördük. “Zeytun budağı” əməliyyatından əvvəl “Fırat qalxanı” əməliyyatını həyata keçirdik. Orada artıq insanlar təhlükəsiz şəraitdə yaşayırlar. “Zeytun budağı” əməliyyatını həyata keçirərək uğur qazandıq, şəhidlərimiz də oldu. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bu əməliyyatlar davamlı olmalıdır. Terror təşkilatları Qərbin dəstəyi ilə Menbiçdə fəaliyyət göstərir. Oranın da təmizlənməsi an məsələsidir. Düşünürəm ki, daha sonra Fıratın şərqində də əməliyyatlar həyata keçirməliyik”.
Səxavət Məmməd