Azərbaycanda sürücülük vəsiqəsi almaq 14 yaşdan mümkün ola bilər - TƏKLİF
“Mopedləri bəzən 13-15 yaş aralığında şəxslər idarə edir. Azərbaycanda isə sürücülük hüququnu əldə etmək üçün yaş həddi 14-dən yuxarı müəyyən edilib”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı moped sürənlərdən sürücülük vəsiqəsinin tələb olunması ilə bağlı “Yol hərəkəti haqqında” Qanuna təklif edilən dəyişikliyi şərh edərkən deyib.
O bildirib ki, layihədə qeyd olunduğu kimi, moped sürücülərindən sürücülük vəsiqəsi tələb olunması doğru addımdır:
“Vətəndaşlar bu tip nəqliyyat vasitələrini idarə etmək üçün imtahan verib sürücülük vəsiqəsi ala bilər. Yetər ki, oxumağa həvəsləri olsun. Savadsız mühitdə nəsə əldə etmək inandırıcı deyil. Yəqin ki, qanunun tələblərinə uyğun olaraq burada yaş həddi də müəyyən olunacaq. Hazırda 14 yaşdan yuxarı şəxslər velosipedlə ümumi istifadədə olan yollara çıxa bilirlər. Sözügedən məsələ ilə bağlı yaş limitini də 14-15 götürmək olar. Amma istifadədə olan nəqliyyat vasitəsi qeydiyyata alınmalı və ona dövlət nömrə nişanı taxılmalıdır. Bu proses kifayət qədər çətindir və 14-15 yaşlı yeniyetmələrin onu tam həyata keçirməsi inandırıcı deyil. Hər bir halda, indi azyaşlı moped sürənlər avtomobillərə problem yaradır. Ona görə də dövlət bu addımı ilə məsələnin qarşısını almağa çalışır”.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunda dəyişiklik Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Belə ki, sənəddə təklif edilən mühüm dəyişikliklərdən biri moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınmasının tələb olunmasıdır. Bu dəyişiklik sürücülərin müəyyən bilik və bacarıqlara malik olmalarını təmin edəcək və nəticə etibarilə yol hərəkəti təhlükəsizliyini artıracaq.
Digər edilən təkliflərə görə moped nəqliyyat vasitəsinin anlayışı daha dəqiq müəyyən edilməsi, mopedlər dövlət qeydiyyatına alınaraq uçota götürülməsi nəzərdə tutulur. Həmçinin qanun layihəsində mopedlər üçün əvvəllər mövcud olan yalnız yolun sağ kənar zolağı ilə hərəkət etmək tələbinin aradan qaldırılması nəzərdə tutulur. Bundan başqa, sözügedən qanun layihəsində motosikletin və mopedin uzunlu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağan edilir.